Medianews.az
Qiyməti funtla göstərin, daha az görünsün
473 baxış

Qiyməti funtla göstərin, daha az görünsün

samir sari kose 1
Niyə bu qədər gücənirlər, hıqqanırlar, özlərini zora salırlar, anlaşılan deyil. Heç “Tütək səsi” filmindəki Şöşübala bu qədər hıqqanmırdı...
Prezident müşavirədə söz deyib, müşavirənin videoyazısı camaata göstərilib, qəzetlər yazıb, radiolar danışıb, hamı oturub gözləyir ki, AZAL aviabiletləri ucuzlaşdıracaq.
Bunun qabağında bir gücənmə, bir hıqqanma var ki, sanasan, sancılı doğuş prosesi gedir.
Şirkətin prezidenti media önündə deyir: “Mövcud hava xətlərində müəyyən sayda yerlərin aşağı tariflə satışa çıxarılmasına dair bəzi təkliflər artıq hazırdır və bu tariflər yaxın günlərdə tətbiq ediləcək”. “Müəyyən say”, “bəzi təkliflər”, “yaxın günlər”... Konkret danış, cənab.
Daha sonra vitse-prezidenti deyir ki, bu istiqamətdə tədbirlər planı hazırlanır, müzakirələr aparılır.
O biri vitse-prezident buyurur ki, aviabiletlərin ucuzlaşdırılması istiqamətində təkliflər planı nəzərdən keçirilir.
Sonra bir tarif cədvəli yayırlar, məlum olur ki, AZAL əslində qiymətləri artırıb, üstəlik, marşrutlarda kiçik təyyarələrdən istifadə edəcək.
Bicliyə, tülüngülüyə baxın, aviabiletlərin qiymətini avro ilə göstəriblər, guya ki, tutaq ki, İstanbula adam 99 avroya uçacaq.
 
Adam, bura avro zonasıdır? Bütün günü Avropanın dalınca danışırsınız, iş biznesə gələndə Avropanın avrosu şirin olur? 
99 avro bizim pulla 112 manatdır, belə yaza bilməzdinizmi? Yoox. Onda qiymət 3 rəqəmli olur axı, iki rəqəmli olması, az görünməsi lazımdır.
Belədirsə, daha ağıllısı aviabiletlərin qiymətini İngiltərə funt-sterlinqi ilə göstərmək olmazdımı? Bu halda İstanbul biletini 69 funta təklif etmək olar, 99-la müqayisədə 69 daha az görünür.
Kimə gəlirsiniz? Siz toplananların yerini dəyişməklə kimi aldatmaq istəyirsiniz, elə bilirsiniz, camaat cəmin dəyişdiyinə inanacaq və sakitləşəcək?
Havayı söhbətdir. Artıq keçmiş vaxtlar deyil, azərbaycanlılar dünyaya çıxıblar, Xabarovskdan Peterburqa, Keyptaundan Tokioya, Sidneydən Torontoya, İstanbuldan Santyaqoya uçan təyyarələrin hamısında azərbaycanlı taparsan. Onlar ora-bura uçur, sonra da sosial şəbəkədə gedən müzakirələrə qoşulur, dünyadakı uçuşlardan, biletlərin qiymətindən, təyyarədəki komfort və xidmətdən bəhs edirlər. Adamlar da oturub müqayisə aparır, görürlər ki, doğma, əziz, milli AZAL-ımız onlara kəf gəlir.
O gün Polşada təhsil alan əməkdaşımız Varşavadan doğma Bakımıza gəlmək üçün varıb gedib Budapeştə, şəhərin Peşt hissəsindən minib uçağa, gəlib düşüb qonşu Gürcüstanın Kutaisi şəhərinə, ordan gəlib Sınıq Körpüyə, daha sonra Kürdəmirdən keçməklə varid olub Bakıya. O, bu qədər şəhərə ona görə müsafir olub ki, yol xərci bir qədər az olsun.
AZAL isə dirəşir. Hər halda, belə görünür. Şirkət qiymətləri aşağı salmamaq üçün oturub yeni-yeni kələklər düşünür, haqq-hesabı kitabdan-kitaba, dəftərdən-dəftərə salır ki, həm camaat sakitləşsin, həm də şirkət ziyana düşməsin, cibişdana ötürülən pullar azalmasın.
Tərs kimi, camaat da hər yarağımız düzəlmiş kimi gözünü bu məsələyə dikib. Elə bil, AZAL-ın marşrutları 145 və ya 65 nömrəli avtobus marşrtutlarıdır, hamının karına gəlir.
Budur, Macarıstanın “WizzAir” şirkəti 2015-ci ildə Bakıya uçuşların bərpa olunmayacağını bildirib. O vaxt AZAL bu şirkətə nə nətəhər “Vızz elə burdan” deyibsə, o gedən gedib, indi nə qədər “qayıt sahmana sal bu kainatı” desələr də qayıtmaq istəmir. Bununla belə, “WizzAir” əl yeri də qoyub: “Lakin şirkət bu məsələ ilə bağlı istənilən yeni təklifi nəzərdən keçirməyə hazırdır. Əgər hava limanı uzunmüddətli sazişlə bizə Azərbaycana ucuz qiymətə uçuşları yerinə yetirməyə imkan versə, bu barədə əvvəlcədən xəbər veriləcək”.
Bu, o deməkdir ki, ucuz uçuş deyirsinizsə, təşkil edə bilərik, bircə mane olmayın.
Beləcə, neçə vaxtdır bu məsələnin ört-basdır edilməsi alınmır. Hermetiklik pozulub. Bu da, bildiyiniz kimi, xətalı durumdur. İki-üç il qabaq Bakıdan Antalyaya uçan təyyarədə hermetiklik bir balaca pozulmuşdu, jurnalist həmkarlarımız yolun yarısını yaxın məsafədən istifadə edərək Allaha yalvara-yalvara, vəsiyyət edə-edə Binəyə qayıtmışdılar.

Bizə qoşulun