Medianews.az
“Uçmağa yox qanadım”
603 baxış

“Uçmağa yox qanadım”

samir sari kose 1 Açığı, hansısa qurumun, təşkilatın xüsusi dəvəti ilə başqa ölkələrə gedəndə adamın heç vecinə də olmur ki, təyyarə bileti neçəyədir. Ad-soyadının qeyd olunduğu elektron bileti e-mail ünvanına göndərirlər, üzünü çıxarıb götürürsən, qoyursan cibinə, çamadanını götürüb gedirsən aeroporta. Əgər yaddaşın yaxşıdırsa, o kağızı bir daha çıxarmağa ehtiyac olmur, eləcə reysin nömrəsini, qalxış-eniş saatlarını yadda saxlayırsan, iş bitir. Ta bu bileti qanı qiymətinə kim almışdı, kimlər bu yolçuluğa nə qədər para ödəmişdilər, sənin halına az təfavüt edir. Allahdan, jurnalistlərin çoxu son 15 ildə Avropanın, eləcə də dünyanın müxtəlif ölkələrinə bu cür uçurlar. Onların yolçuluğuna, səyahətinə ödənilən uçuş pulunu üst-üstə toplasaq, məlum olar ki, bu vəsaiti öz ciblərindən ödəsəydilər, 50 il işləyib pul yığmalıydılar. Elə jurnalist tanıyıram bütün Avropanı beləcə gəzib, hazırda yolunu Asiyadan salıb. Bu gün-sabah Şanxaya-filana da dadanacaq. Böyük Avrasiya məkanı bizi gözləyir. Amma elə ki, adam təyyarənin bilet pulunu öz cibindən verir, istər-istəməz gileylənir: “Belə də iş olarmı, bu nə bahalıqdır, harda belə şey var”. Araşdırırsan, məlum olur ki, doğrudan da heç harda belə şey yoxdur. O gün bütün dünyanı uça-uça gəzmiş dəyərli həmkarımız Qərib Azər rusca qəşəng bir məqalə yazmış, göstərmişdi ki, dünyanın heç yerində heç kim təyyarədə bizim kimi yüksək qiymətə uçmur. Biz burdan-bura Naxçıvana 60-70 manata uçduğumuz halda italyanlar, ispanlar, fransızlar, almanlar, hollandlar bir-birinin ölkəsinə 30-40 avroya uçurlar. Bilmirəm, bəlkə biz bu sayaq göydə uçan qiymətlərlə göydə uçmağımızla qürur duymalıyıq? Qüruru bilmirəm, amma təyyarə səyahətiylə qürrələnənlər çoxdur. Onlar söhbət əsnasında yeri gəldi-gəlmədi “mən filan yerdən filan yeri uçanda” kimi cümlələr quraraq həmsöhbətlərinə, ətrafdakılara eşitdirirlər ki, təyyarə ilə uçmaq hər oğulun işi deyil, bu bir növ adamın maddi imkanlarının, rifahının, aid olduğu təbəqənin göstəricisidir, zümrə məsələsidir. Amma Avropada çilingər və müəllim də təyyarədə ölkədən-ölkəyə uçur, baş nazir də. Özü də bəzən onların hər üçü pərdənin bəri tərəfində, ekonom-klassda otururlar. Görünür, belə xırda xoşbəxtliklər bizim alnımıza yazılmayıb. Nə edək? AZAL-ın bilet tarifləri ilə bizim alın yazımız düz gəlmir. İndilikdə uçuş məsələsinə dair alın yazımız Tiflis aeroportunun tarifləri ilə düz gəlir, ona görə də 550 kilometr yolu ərinməz-ərinməz, yeddi mahal basa-basa varıb gedirik ora ki, ordan təyyarəyə minək. Məsələn, keçən ilin oktyab ayıydı, bir dəstə jurnalist Kiyevə, “Qarabağ”ın “Dnepr”lə oynayacağı oyunda komandamızı dəstəkləməyə gedirdik. AZAL 15 biletə nə qədər qiymət oxumuşdusa məcbur qalmışdıq Tiflisə gedək. Vardıq getdik dəmiryol vağzalına, qatara SV kupelərdən ibarət diri bir vaqon qoşdurduq, səhərə qədər yeyib-içə-içə, deyib gülə-gülə Tiflisə getdik, ordan Kiyevə uçduq. Gələndə də elə gəldik. Halbuki AZAL qiyməti ucuz eləsə, bizim Tiflisdə nə işimiz vardı, Binədən qalxacaq, uçub gedəcəkdik Borispola. Bu günlərdə bir dostum öz ailə üzvləri ilə qardaş Türkiyəyə tətilə getmək istərkən hesablayıb ki, Bakıdan uçsa, uçuş yeddi günlük tətildən baha başa gələcək, o da “Mersedes - sprinter” markalı mikroavtobusla gedib Tiflisə, ordan uçub. İki həmkarımız, bir əməkdaşımız da eyni planı qurublar, amma dünəndən bəri, türkün sözü, qafaları qarışıb. Çünki prezident müşavirədə AZAL-ın biletlərinin baha olduğunu qeyd edib və tapşırıb ki, tariflər endirilsin. İndi həmkarlarımın da sevincdən uçmağa qanadları yoxdur, ümid edə-edə gözləyirlər ki, təyyarə biletləri tezliklə ucuzlaşacaq və onlar mikroavtobusla Tiflisə gedəsi olmayacaqlar. Bəzi adamlar isə deyirlər ki, təyyarə biletləri ha ucuzlaşsın, ha ucuzlaşmasın, bizə dəxli yoxdur, onsuz da heç yerə uçmuruq. Qoy heç kəs onu deyici olmasın, dünyanın işini bilmək olmaz, bir də gördün, uçdular. Əslində tətil səbətlərinin ucuz olduğu indiki dövrdə təyyarə biletləri də ucuz olsa, çox adam uçmaq istəyər. İnsan onsuz da quşvətən şeydir.

Bizə qoşulun