Medianews.az
Dalaşanda kovboylar kimi dalaşmalı
524 baxış

Dalaşanda kovboylar kimi dalaşmalı

samir sari kose 1 Dünən Türkiyə telekanallarının ikisində bir ibrətamiz süjet izlədim, maraqlı gəldi, ağlım öz ölkəmizə qayıtdı, müqayisə apardım, gördüm ki, yox, əcnəbilərə baxanda biz heç düz-əməlli dalaşa da bilmirik. Videosüjetdə Amerikanın cənub ştatında, gərək ki, Teksasda (Texas) açıq havada keçirilən rəqs festivalında qız üstündə düşən davadan bəhs olunurdu. “Mədəni ölkələrdə hər saat dava düşmür, xüsusilə də qız üstə” deməyin, xəbəri hazırlayanlar əmin edirdilər ki, dava qız üstə düşüb. Ağlınız şimal ölkələrinə və ya bir yanı cənubda, bir yanı şimalda olan böyük ölkələrin şimal əyalətlərinə, onların soyuqqanlı sakinlərinə getməsin, isti bölgələrdə qız üstə dava düşməsi adi haldır. İsti ölkələrdə gənclər dəliqanlı olurlar. Məsələn, ispanlar da, italyanlar da bu məsələdə eynən özümüz kimidirlər, qırmızı paltar görəndə buğaya dönürlər. Teksasdakı rəqs festivalında dava qırmızı mini ətək geymiş qızların üstündə düşmüşdü. Ta demədilər, haqq-hesab necə olub, kim kimin sevgilisinə “civi” deyib, hansı kovboy hansı beybini müştəri gözüylə qıyqacı süzüb, eləcə süjetdə bir-birini yumruqlayan gənc kişilər görünürdü. Mini ətək geymiş qızlar da arada qalmışdı, “oh, may qad” deyə-deyə dalaşanları ayırmağa çalışırdılar, yaylıqları da yox idi ki, igidlərin ayağının altına atıb qanın qabağını alsınlar. Ən maraqlısı o idi ki, böyük meydanın irəlisində hamı öz işindəydi, heç musiqi də ara vermirdi, rəqs edənlər bir az geridə yeddi-səkkiz kişinin Rokkiyə dönüb yumruqlaşmasına fikir vermirdi. Arada iki nəfər cantaraq adam kənardan müdaxilə edərək dalaşanları ayırmaq istədi, ancaq özləri də bir-iki karlı yumruq yeyəndən sonra davaya qarışdılar, qabaqlarına keçənə yumruq tutuzdurub yerə sərdilər. Nəhayət ki, dava səngidi və musiqili meydanın irəlisində olan rəqs büsatı dava gedən yerdə də bərpa olundu, dalaşan tərəflər heç nə olmamış kimi qol götürüb oynamağa başladılar. Bəs burda ibrətamiz olan nədir? İbrətamiz olan odur ki, o qədər qovğa-mərəkəyə baxmayaraq, dalaşanlardan heç biri əlini cibinə atıb bıçaq, tapança çıxarmadı, ortalıqda qan gölməçəsi əmələ gətirmədi, hadisə yerinə polis və təcili yardım briqadaları gəlmədi, dalaşanları seçərək, yarısını xəstəxanaya, yarısını təcridxanaya aparmadılar. Eləcə, tərəflər adam balası kimi, mədəni şəkildə yumruqlaşıb ayrıldılar. Məlum olduğu kimi, bizdə də rəqslər olan musiqili meydançalarda belə toqquşmalar tez-tez baş verir. Elə olur ki, özünü apara bilməyən erkəklərdən birinin nəzərinə ya sözlə çatdırırlar, ya da qulağının dibinə yüngül bir şillə qoyurlar ki, özünü düz apar, burada yiyəsiz adam yoxdur. Adam səhvini başa düşüb, üzr istəyib kənara çəkilməkdənsə doğma məhəlləsinə, qohum-əqrəbasının üstünə əlavə kömək dalınca qaçır (ya da zəng edib çağırır), onlar da dəstə bağlayır, bıçaq, dəyənək, beşbarmaq, velosiped zənciri götürərək qisas almağa gəlirlər. Nəticədə bir qədər sonra hadisə yerinə hüquq-mühafizə orqanları, məhkəmə-tibb ekspertləri, təcili yardım briqadaları cəlb olunur. Daha sonra müalicə həkimləri telekamera önündə “bədənin müxtəlif nahiyələrinin kəsilmiş-deşilmiş, əzilmiş-dağılmış, cırılmış-cızılmış xəsarətləri ilə klinikaya gələn yaralılar”dan danışır, polis kapitanı isə yaxalanmış şübhəli şəxslərdən və hadisə ilə bağlı tərəflərindən araşdırma aparıldığını deyir. İkitərəfli sağım proseduru başlanır. Molla, mürdəşir də o tərəfdə oturub öz ruzilərini gözləyir. Halbuki Teksasdakı kimi də dalaşmaq olar. Rokki kimi. Eləcə yumruqlarla. Söyüşmədən. Təpikləşmədən. Əlavə döyüş vasitələrinə əl atmadan. Rəqibini öldürmək istəmədən. Bu, hər gün evdən çıxarkən, hətta toya gedərkən cibinə bıçaq qoyan minlərlə gəncin olduğu ölkədə aktual məsələdir. Bilirəm, durub bu əsəbi insanlara “hər şeydən ötrü dalaşmayın, səbrli olun” deyə məsləhət verməyin mənası yoxdur, onsuz da qulaq asmayacaqlar. Ona görə də yeni məsləhət bundan ibarətdir: Dalaşırsınızsa, Teksasdakı kimi, kovboylar kimi dalaşın, yumruqlaşın, aralaşın. Ta kimin yumruğu bir az bərk dəyib, kim daha çevik tərpənib, burası təfərrüatdır. Əsas məsələ odur ki, hadisə yerinə xüsusi maşınlarda briqadalar gəlməsin.

Bizə qoşulun