Son günlər yəqin ki, tək məni yox, minlərlə məmləkət insanını belə bir sual düşündürür: görəsən, biz də yunanların gününə düşə bilərikmi? İndi bəziləri deyəcək, yunanlardan da pis gündəyik, məsələn, biz də onlar kimi bankların qarşısında növbəyə düzülür-filan.
Bir yandan baxanda elə görünür, amma əsas fərq odur ki, indilikdə biz bankların ödəniş terminallarının qarşısında növbəyə düzülürük ki, kredit borclarımızı ödəyək, banklara pul verək, yunanlar isə banklarda batan pullarını almaq üçün növbədədirlər. O gün bir yunan kişinin bankın qabağında yerə çöküb ağladığını əks etdirən foto yayılmışdı, dünyanın yarısı ona baxıb kövrəlirdi.
Hər halda, adam istər-istəməz əndişələnir, burda da elə bir şey ola bilərmi?
İndilərdə bəlkə də olmaz, neftimiz, qazımız var, xaricə satırıq, dollar, avro gəlir, başımızı dolandırırıq, amma gələcəkdə bu karbohidrogen ehtiyatları qurtarsa nə olacaq? Budur məsələ.
Əlbəttə, yəhudilər və yaponlardakı kəllədən bizdə olsaydı, nəsə bir şey icad edib çulumuzu sudan çıxarardıq, amma son illər dəqiq elmləri demirəm, təkcə ana dilindən “iki” alanların sayını, faizini görəndə adam pessimistləşir.
O gün balaca bir auditoriyada bu xüsusda söhbət edirdik, həmsöhbətlərimin ikisi dedi ki, bədbin olmağa lüzum yoxdur, bizdə olan kəllədən nə yaponlarda var, nə də yəhudilərdə.
Onların hər ikisi öz sözlərinin təsdiqinə yönəlik bir hadisə danışdı. İndi mən də o hadisələri sizə danışım, görün, bunlar camaatımızın intellektual potensialına, iti zəkasına, parlaq zehninə, beyin qırışlarına dəlalət edə bilər, yoxsa edə bilməz.
Hadisənin biri Salyanda fəaliyyət göstərən cəzaçəkmə müəssisəsində baş verib. Həbsxana rəhbərliyi nə illah edirmiş, türmədə narkotik maddələrin dövriyyəsinin nəzarət altına ala bilmirmiş, “şey” və “mal” biznesi gündən-günə çiçəklənirmiş. Məhbusların yanına gəlib-gedənlər bittə-bittə yoxlanılırmış, məhbusa narkotik maddə ötürmək istəyən qohum-əqrəba ifşa olunurmuş, amma yenə də narkotikdən istifadə azalmırmış. Axırda işin üstü açılıb. Heç demə, zonada quş saxlayan və ləqəbi “Quşbaz” olan məhbuslardan biri yanına gələn qohumlarına göyərçin verib bayıra göndərirmiş, qohum da gəlib “şey”dən, “mal”dan tədarük edir, türmənin yaxınlığına gəlir, quşun sərbəst daşıya biləcəyi çəkidə porsiyanı zavallı heyvanın ayağına bağlayırmış, “Quşbaz” öz quşlarını adəti üzrə fıştırıqlayıb havalandıranda, bu da quşu buraxırmış.
Öz quş yoldaşlarını görən kəkilli tezliklə onların arasına qatılır, həvada pərvazlanandan sonra öz hininə enir, “Quşbaz”a göndərilmiş narkotik maddəni ünvanına çatdırırmış. Bir gün bu işin üstü açılıb və “Quşbaz”ı boyunlayıb, quşxanasını da dağıdıblar.
İkinci hadisə də narkotik tranziti ilə bağlıdır, bu isə cənub sərhədlərimizdə olub. İrandan ölkəmizə narkotik maddə keçirməyin çətinləşdiyini (əlbəttə, 3 ton maye heroinin sərhəddən sərbəst şəkildə keçirilməsi nəzərdə tutulmur, söhbət xırda partiyaların keçirilməsindən gedir) görən o tayl-bu taylı narkotacirlər çıxış yolunu bir yazıq eşşəyi narkomana çevirməkdə görüblər. Onlar bu taylı eşşəyi bir müddət bəsləyib iynəyə otuzdurandan sonra narkotiklə yükləyib üzü bəri göndəriblər. Sərhədçilər səllimi gəzən, iki sərhəd arasında soncuqlayan eşşəyə qoşulmayıblar və mal öz ünvanına çatıb. Daha sonra eşşəyin iynələnmək dəmi gələndə o, “lomka”ya düşməmək üçün yenidən o taya qayıdıb. Ulağı yenidən yükləyib bu taya göndəriblər. Bir belə, beş belə, dilsiz-ağızsız narkomon eşşək bir müddət narkotacir rolu oynayıb. Amma sonradan bu haqq-hesabın üstü də açılıb.
Hazırda bu sektorda işləyənlər başqa bicliklər işlətməkdədirlər, hətta düz bağırsaqda narkotik daşımaq mərhələsi də arxada qalıb.
Uzun sözün qısası, pul qazanmaq üçün bu qədər beyin işlədən, gödəninə ikinci dəlikdən narkotik maddə dolduran, quşdan, eşşəkdən yararlanan, hər cür əzaba qatlaşan, hər yola əl atan camaat heç bir iqtisadi böhranda batmaz, mütləq bir yol tapıb başını dolandıracaq.
Heyf ki, biz hələlik iti beynimizi əyri işlərdə işlədirik...
