Medianews.az
Səs-səsə verən sektantların damğası – “Səs”ə dönüblər!
193 baxış

Səs-səsə verən sektantların damğası – “Səs”ə dönüblər!

images_xalid bey s Tam səmimi deyirəm, son aylarda (hətta son iki ildə) oxuduğunuz bu qəzeti iqtidaryönlü “Səs” qəzeti ilə o qədər müqayisə etdilər ki, axırda özüm də quşqulandım: bəlkə gerçəkdən də artıq “Səs” qəzeti kimi olmuşuq, ya da əksinə, “Səs” qəzeti artıq bizim kimi çıxmağa başlayıb? Ünvanımıza bu cür ittiham səsləndirənlərin eyni sektanın, eyni fan-klubun üzvləri və təəssübkeşləri olmasına etina etmədən məsələyə təftişçi gözlə baxmaq gərəkdir. Bundan ötrü uzaqlara getməyə lüzum yoxdur, “Səs” qəzeti Pekində çıxan “Jenmin jibao” deyil, əlimiz çatmaya, Yerevanda çıxan “Aykakan jamanax” deyil, dilini bilməyək, budur, buradadır, veb-saytları da var, 5-10 dəqiqədən bir yeniləyirlər, istəyən baxa, müqayisə edə bilər. Əslində, bu ölkədə fəaliyyət göstərən sayt və qəzetlərdə işıq üzü görən materialların 70-75 faizi gerçəkdən də eynidir. Aydın məsələdir, hamı APA, “Turan”, “Trend” kimi informasiya agentliklərinin, yaxud da Türkiyədə fəaliyyət göstərən “Anadolu” və “Cihan” agentliklərinin, “Hürriyet”, “Millyet”, “Habertürk” qəzetlərinin, eləcə də Rusiyada işləyən “İnterfaks” agentliyinin, “Lenta.ru”, “Gazeta.ru” və sair saytların materiallarından istifadə edirlər. Eyni məsələ Ukrayna, Gürcüstan və Ermənistan mətbuatından iqtibaslara da aiddir – hamının istinad etdiyi mənbə təxminən eynidir. Ancaq hər qəzetin, saytın özünün, dəbdə olan ifadəylə desək, eksklüziv yazıları olur. Bax, “Səs”lə “Yeni Müsavat”ın identikliyini (əgər varsa) burada axtarmaq lazımdır. Baxaq. Necə deyərlər, İsfahan burda deyilsə də, “yüz iynə boyu” məsafə burdadır. Bu gün “Yeni Müsavat” qəzetinin manşet xəbəri belədir: “Dəhşətli yanğının bir ayı: yeni sensasion məlumatlar”. Söhbətin nədən getdiyi aydındır. Yazıda hakimiyyəti, yüksək çinli məmurları qınayan, tənqid edən qeydlər var. Bəs “Səs” qəzeti bu barədə yazırmı? Xeyr, kəlmə də yazmır. Elə bil, ötən ayın 19-da ölkədə elə bir hadisə olmayıb. Nə yazır bəs? Yazır ki, “Azərbaycan Avropa və Asiya arasında təbii körpü rolunu oynayır”. Olsun. Daha sonra, “Yeni Müsavat”ın ikinci önəm verdiyi mövzu başqa bir qalmaqala dairdir: “Oliqarxgeyt” işi – Avropa Oyunlarından sonra yeni həbslər olacaq”. Nəinki “Səs” qəzeti, istənilən hakimiyyəti saytı bu mövzuda yazı veribmi? Heç biri verməyib. Hər hansı biri verə bilərmi? Heç biri verə bilməz. Verə bilərlərsə, buyursunlar. İsfahan məsələsi… Bəlkə “Səs” qəzeti Müsavat başqanı Arif Hacılının Avropa İttifaqının tədbirində iştirakı və çıxışı barədə informasiya verib? Xeyr. Bu qəzet bu mövzuda o vaxt yazar ki, A.Hacılını “erməni dəyirmanına su tökməkdə” ittiham eləsin, pisləsin. Baxıram, “Səs” qəzeti “İsveçrə bankları şübhəli hesabları açıqlayır” başlıqlı informasiyanı da verməyib. Verə bilərmi? Bəlkə də verə bilər – başqa, uzaq ölkələrə aid olsa. Budur, Musavat.com saytında İngiltərənin ölkəmizdəki səfiri İrfan Siddiqin açıqlaması dərc olunub, başlığı da bu cürdür: “Jurnalistlərin oyunları işıqlandırmaq imkanından məhrum edilməsi biabırçılıqdır”. İndi “Səs”i, o biri iqtidaryönlü saytları ələk-vələk edin, görək, belə bir xəbərə rast gələcəksinizmi? Bir bunlar deyil, gün ərzində saytımızda yer alan 200-dən artıq xəbərin azı 100-ü “Səs”də gedə bilməz. Bizim üçün o qədər də fərqi yoxdur, YAP-çı deputatların müsahibələrini, açıqlama və şərhlərini, hətta köşə yazılarını verə bilirik, amma “Səs” və digərləri müxalifət liderlərinin bir sətrini də verə bilməzlər. Bir istisna var: müxalifət liderləri hakimiyyəti yox, bir-birlərini pisləsələr, “Səs” onların səsinə səs verər. Ancaq sona qədər obyektiv olmaq lazımdır. Elə mövzular var ki, məhz burada “Səs” qəzeti ilə bizim yazdıqlarımız istər-istəməz səsləşir. Bu da ona görədir ki, bizimlə düşmənçilik edən sekta, fan-klub eyni zamanda “Səs”in işlədiyi komandayla da düşmənçilik edəndə, onlar ordan, biz burdan nəsə yazanda bir sıra tezislər, mülahizələr eyni olur. Ona qalsa, illərdir “Səs” qəzeti də Müsavatı, İsa Qəmbəri pisləyir, gözdən salmağa çalışır, “Azadlıq” qəzeti də. Hətta “Azadlıq”dakı qərəzin zaman-zaman “Səs”i üstələdiyi də olur, amma bu iki qəzet arasında bərabərlik işarəsi qoyan yoxdur. Çünki ədalətsizlik olar. Bizim məsələ də o cürdür. Hər kəs öz davasını aparır. “Səs”in davası başqadır, “Yeni Müsavat”ınkı başqa. Ona görə də ittiham səsləndirərkən, damğa vurmaq istəyərkən yaraşan bir şey tapsınlar. Yoxsa “Səs” elə gəldi, “Səs” belə getdi. P.S. “Səs” qəzetində çalışan həmkarlarımız üzrlü saysınlar, bu yazının məqsədi o qəzeti yamanlamaq deyil, sadəcə, nə dərəcədə fərqli olduğumuzu göstərməkdir. P.P.S. Daha bir detal. Özü “Azərbaycanda siyasi dustaq yoxdur” məzmunlu bəyanata imza atan 77 QHT, qəzet və saytın birində işləyən bir həmkarımız da tez-tez bizi “Səs” qəzetinə dönməkdə suçlayır. Həmin siyahıda isə bizim yox, onun işlədiyi qəzetin imzası var.

Bizə qoşulun