Medianews.az
“Bizim... müəllim” və üçüncü qibleyi-aləm
169 baxış

“Bizim... müəllim” və üçüncü qibleyi-aləm

images_xalid bey s
Çox təəssüf ki, hansısa hadisələrə, siyasi şəxslərə münasibətdə bizim, jurnalistlərin və sıravi siyasi fəalların informasiyası  həmişə qıt olub, dolğun, tam olmayıb. Yoxsa biz bu qədər səhvlər buraxmazdıq, zamanında adamları doğru-dürüst tanıyar, hadisələrə daha real qiymət verərdik. 
Hadisələr və şəxsiyyətlər haqqında həqiqətləri isə dəqiqliyi ilə bilənlər vardı və var. Onlar sadəcə həqiqətləri ictimaiyyətdən də, mediadan gizlədir, qoruyub saxlayırdılar. Hələ də elə edirlər.
Bu, ona görədir ki, bir sıra həqiqətlərin ortaya çıxmasıyla bir sıra miflər dağılar, kimlərsə gözdən düşə bilərdi.
Bu səbəbdəndir ki, oturub qəzetimizin “podşivka”sını vərəqləyəndə, köhnə yazılarımıza baxanda görürəm ki, nə qədər mənasız, cılız adamları müdafiə etmişik. Nə var, nə var, onlar demokratik düşərgəyə aiddirlər və hazırda təqibə, təzyiqə məruz qalırlar.
Onların nə yuvanın quşu olduğunu isə yaxın silahdaşları bilir və bizdən gizlədirdilər. Arada şübhələnirdik ki, nəsə hər şey rəvan deyil, nəsə bilinməyən bir şeylər var. Soruşurduq. Qətiyyətlə inkar edirdilər, ya da “zamanı gələndə, ehtiyac olarsa, hər şeyi açıq danışarıq” deyirdilər.
Zamanı gələndə isə gec olurdu. Adam təqibdən, təzyiqdən, dardan qurtulub əfi ilan olur, onu vaxtından ifşa etməyənlərin, eləcə də onu müdafiə edən jurnalistlərin boğazından yapışır.
Budur, qarşımda bir köhnə yazım var: “Bizim Cəmil müəllim”. Bu yazını 2013-cü ilin avqustun 25-də yazmışam. Prezidentliyə namizəd Cəmil Həsənlinin müdafiəsinə həsr olunmuş yazıdır. İçini oxuyuram, sanballı, ancaq yanlış cümlələr var.
İndi durub o yazıdan, imzamdan imtina edəsi deyiləm, amma bugünkü informasiyalar əlimdə o vaxt olsaydı, yəqin ki, o yazı yazılmazdı.
Həm də ona görə ki, Cəmil müəllim “bizim Cəmil müəllim” olaraq qalmadı, qala bilmədi. O vaxt demokratik düşərgəyə mənsub insanlar, ölkədə dəyişiklik istəyən fəallar, tərəfdarlar, təəssübkeşlər gözlərini ona dikəndə, onu özlərinə lider seçəndə düşünürdülər ki, o hamının lideri olacaq. 
Elə yazının başlığının o cür qoyulmasının səbəbi də o dövrdə mediada yer alan bir iddia ilə bağlıydı. Bir sıra opponentlər ortalığı qarışdırmaq üçün C.Həsənlinin AXCP-nin namizədi olduğunu vurğulayırdılar, biz isə onlara cavab vermişik ki, yox, Cəmil Həsənli təkcə AXCP-nin namizədi deyil, bütün müxalifətin namizədidir.
Ancaq sonradan o, qrup lideri olmağı üstün tutdu, ortada dayanmağı, tarixi missiyasını davam etdirməyi bacarmadı. Artıq funksiyasını başa vurmuş Milli Şuranı arxivə göndərib yeni birlik formatları üzərində düşünmək əvəzinə onu müxalifət daxilində üstquruma çevirmək, istənilməyən siyasi liderləri sıradan çıxarmaq, kənara atmaq üçün instituta çevirməyi üstün tutdular. Nəticəsi də bu cür oldu: Milli Şura sarsıntılara, qopmalara məruz qaldı, dağıldı, Cəmil Həsənli isə müxalifət düşərgəsinin namizədi statusundan bir partiyadan ibarət qurumun formal sədri olmaq mərtəbəsinə qədər endi.
İndi dostlar onun haqqında heç kəsin bilmədiyi bəzi faktları açıb danışır, yazırlar. Adam bir az da hiddətlənir: niyə bunları zamanında demirdiniz. Cavab da bu cürdür: “düşərgənin naminə”,  “ümumi mənafeyə görə”, “yanlış başa düşülərdi” və s.
Xeyr, məhz indi yanlış başa düşülür. Həqiqətləri vaxtında demək lazımdır. Tərəfdarları, təəssübkeşləri aldatmaq, onlara həqiqətin yarısını deyib, yarısını saxlamaq olmaz.
Bu üzdəndir ki, müxalifət düşərgəsi toparlana bilmir. Siyasi fəalların, narazı elektoratın gözü yeni, “sehirli çubuğu” olan, “hamını öz ətrafında sıx birləşdirəcək” xilaskar lider axtarır.
Keçmiş səfir və diplomat Arif Məmmədovun vaqiəsi buna parlaq misaldır. Adamı bir ay öncə yaxınlarından və işlədiyi idarədən kənarda bir kəs tanımırdı. İndi bütün siyasi fəallar tanıyır. Bir siyasi qrup isə ona böyük ümidlər bəsləyir. Son iki ildə bu, artıq üçüncü “qibleyi-aləm”dir.
Hələlik onun nə biçim bir şəxsiyyət olduğu o qədər də aydın deyil. Barəsində informasiya azdır. Fəqət yəqin ki, A.Məmmədov barədə həlledici həqiqətləri bilən qərəzsiz insanlar var və onlar bunu açıb demirlər.
Nəticədə ona ümidlə baxanların sayı artır.
Siyasətdə ən pis şey böyük adam hesab etdiyin, çox şey gözlədiyin birinin sıradan, adi biri olmasını, heç bir müstəsna və üstün qabiliyyətinin olmadığını görmək və umsuq olmaqdır. 

Bizə qoşulun