Bir həftədə iki hərbçimiz öldürülüb, biz isə gah bir müğənninin sinəbəndinin 0, 1 santim sağa-sola sürüşdüyünü, gah da başqa bir müğənninin şouda maşın udmasını müzakirə edirik.
“Öldürülüb” ifadəsindəki əminlik boşuna deyil, hər iki işə dair təfərrüatlar yetərincədir. Omlar öz əcəlləri ilə, təsadüfi qəza nəticəsində ölməyiblər, məhz sui-qəsd nəticəsində öldürülüblər.
Birinin 23, o birinin 25 yaşı vardı. Birinin adı Tapdıq idi, o birininki Səməd. Tapdıq ali məktəbi yenicə qırmızı diplomala bitirmiş bir gənc idi, Səməd yüksək ixtisaslı hərbçiydi, peşəkar snayper idi.
Vətən Tapdığı da itirdi, Səmədi də.
Hər ikisinin bu yaxınlarda toyu olacaqdı. Gözaltıları ağlar qaldı. Anaları da.
Bu hərbçilərin analarının fəryadına qulaq verin, onları övlad dağıyla yanaşı haqsızlıq, ədalətsizlik dilləndirir.
Bu gənclər öz ehtiyatsızlıqları, öz məsuliyyətsizlikləri üzündən avtomobil qəzasında həlak olsaydılar, sinəsi dağlı anaların deməyə sözü olmayacaqdı, ən uzağı balalarını kədərli bayatılarla oxşayacaqdılar.
Amma onlar üsyan edir, çünki lay divar kimi oğullarının sui-qəsd qurbanı olduğuna əmindirlər.
Bir ana beş il universitetdə oğul oxutdu. Oğul da əla oxudu, qırmızı diplom aldı, ancaq ana oğul barı görmədi.
O biri ana, öz dediyi kimi, süpürgəçiliklə oğul böyütdü, əlinin çörəyə çatdığını düşünərkən vay xəbəri gəldi.
Onlar övladlrının qatillərini öz əlləri ilə boğsalar da ürəkləri soyumaz, amma gəl gör ki, qatillər gizlədilir, qorunur, himayə edilir, qətl işi ört-basdır olunur.
Anaları fəryad etdirən budur.
Sanki iki gənc hərbçinin ölümünün, qətlinin başqa kimsəyə dəxli yoxdur. Orduda baş verən bu cinayət işini araşdırmalı, günahkarları cəzalandırmalı olan dövlər orqanı caniləri tərəfini saxlayır.
Yaxşı söz öyrəniblər: “İntihar etdi”; “qəza üz verdi”; “əlində silah açıldı”; “mülki şəxs olduğu zamandan xəstəymiş” və sair və ilaxır.
Təbii ki, bu iddialara inanan yoxdur. Gənc övladı ölmüş valideynlərini bu sayaq sözlərlə aldatmaq mümkün deyil.
Adama deyərlər (necə ki, deyirlər): “Xəstəydisə, onu hərbi xidmətə niyə aparırdılar?”; “İki metr lüləsi olan silahla əsgər necə öz ürəyinə atəş açıb?”; “Qəza üz veribsə, onun bədənindəki döyülmə, işgəncə xəsarətləri hardandır?”; “Bir gün əvvəl valideynləriylə, qardaş-bacısı ilə kefikök danışan gənc adam birdən-birə niyə intihar etməlidir?” və s.
Nə hərbi prokurorlar, nə müstəntiqlər, nə də qətlin törədildiyi hərbi hissənin komandirləri bu suallar məntiqli, doğru-dürüst cavab verə bilmirlər, verə də bilməzlər.
Ona görə ki, həqiqət birdir və danılmazdır: əsgərlər xidmət yoldaşları və ya komandirləri tərəfindən döyülərək öldürülüblər.
“Ermənistan ordusunda zorlama halları artıb”, “Ermənistan hərbçisi xəstəlikdən öldü”, “Erməni hərbçilər arasında qanlı dava” və s. kimi xəbərlərlə düşmən ölkəni “darmadağın” etdiyini düşünənlər bir az da öz ölkələrinin ordusundakı problemlərə diqqət kəsilsələr, əl-əlbət, bu qədər dərəbəylik olmaz, cəzasız qalacaqlarına, işdən qıvrılıb çıxacaqlarına əmin olan cinayətkar qafalı hərbçilər bu qədər sərbəst olmazlar.
İki il öncə minlərlə adam ayağa qalxaraq əsgər ölümlərinə etiraz edəndə və bunun nəticəsi olaraq, həmin ilin payııznda ordu rəhbərliyində radikal dəyişikliklə baş verəndə yüz minlərlə insan özlərini çiyinlərindən ağır yük götürülmüş kimi hiss etmişdilər. Hamı ümid edirdi ki, nəhayət, ordudakı sui-qəsdlərə, gənc əsgərlərin ölümünə son qoyulacaq.
Yeni nazirin işə başlamasından və ordu rəhbərliyinə öz inandığı, güvəndiyi kadrları təyin etməsindən sonra doğrudan da bir müddət əsgər ölümləri olmadı. Amma bu son deyilmiş.
Bir müddətdən sonra əvvəlki intensivlikdə olmasa da, qeyri-döyüş bölgələrindən əsgərlərə dair bəd xəbərlər gəlməyə başladı. Sonra daha da artdı. İndi artıq insanları kütləvi etirazına səbəb olacaq durum bərpa olunub.
Tədbir görülməlidir. Cinayətkarlar cəzalandırılmalıdır. Başqa cür bu “ətçəkən maşın”ın dururulması mümkün deyil.
Bəlkə birilərinin ağlına gələcək ki, Rusiyada prezident Putinin etdiyi kimi etmək, dinc dönəmdəki əsgər itkilərini xalqdan gizlətmək, bu cür xəbərləri yasaqlamaq lazımdır?
