Medianews.az
Özlərini kriminal avtoritet kimi aparanların ölkəsi
286 baxış

Özlərini kriminal avtoritet kimi aparanların ölkəsi

images_xalid bey s Ölkə cəzasız şəkildə yaşayan, fırlanan zorakı adamlarla qaynaşır. Hər gün mediada neçə-neçə uyğun xəbər görürük. Beş bu qədər də mətbuata çıxmayan hadisələr var. Baş nazirin müavini jurnalistlə kriminal avtoritetlər tövrüylə danışırsa və media əhli buna təhəmmül etməyərək reaksiya verirsə, bu, qalmaqala, müzakirələrə səbəb olur. Ancaq tanınmış bir şəxsin idmançı oğlu gecə barında bir qadını sillə-təpik altına salıb, yerlərdə sürüyürsə, maşına basıb aparırsa, zorlamaq təşəbbüsü göstərirsə, buna o qədər də fikir verən olmur. Burada artıq çoxları idmançının tərəfindədir. “Gecə saat 3-də düz-əməlli qadının barda nə işi var” kimi tirivial bir sualı yüzlərlə adam təkrarlayır. Yaxşı, deyək ki, o qadın “düz-əməlli” deyil, lap bar qadınıdır bu o deməkdir ki, qolunun zoruna güvənən biri onu zorla yatağına sala, bu istəyi alınmayanda girov götürə, bədən xəsarətləri yetirə bilər? Hətta bunu etdikdən sonra o, cəzasız qalmalıdır? Tanınmış müğənni Röyanın hərəkəti də hüquqi dövlətlərdə heç bir dəftər-kitaba sığan iş deyil. Tutaq ki, bir məsuliyyətsiz gənc onu təhqir edib, bu halda onu cəzalandırmaq üçün dövlət var, hüquq-mühafizə orqanları var, qanunlar var. Biri səni təhqir edibsə, sən öz bildiyin üsullarla onu cəzalandıra bilməzsən. Bir adamı öz iradəsinin əksinə olaraq tutdurub harasa gətirməyin adı adam qaçırmaqdır, onu təkləmək, köməksiz vəziyyətindən istifadə edərək şərəf və ləyaqətini alçaltmaq cinayətdir. Hələ bir şəxs bunu bir neçə nəfərlə əlbir olaraq edibsə, üstəlik, öz hərəkətlərini videolentə alıblarsa, bu, mütəşəkkil cinayətkarlıq qrafasına daxil olur. Bütün bu hərəkətlərə yol verən şəxs, nə qədər haqlı olsa da, qanun qarşısında cavab verməlidir. Əgər təhqiri içinə sindirə bilmədinsə, dövlətin o şəxsə verəcəyi cəza ilə qane olmadınsa və “düşmən”inin özün cəzalandırmaq istədinsə, bunu etdinsə, zəhmət çək, cavab ver. Hüquq-mühafizə orqanları bunu təmin etməlidirlər. Yoxsa bəzi imtiyazlı, məşhur, imkanlı adamların qanunun fövqündə olması kimi xüsusat yoxdur. Ən pisi odur ki, cəmiyyətdə Röyaya haqq qazandıranlar, onun kriminal avtoritet kimi hərəkət edərək, qisas almasına, yaxud dəbdə olan dildə desək, “təhqir edən oğlanı sındırması”na haqq qazandıran xeyli adam var. Bu, olduqca yanlış bir düşüncədir. Sabah həmin o “sındırılmış oğlan”ın bir avtoritet qohumu-qardaşı meydana çıxsa və qisas almaq üçün Röyanı və onu müşayiət edən cüssəli şəxsləri cəzalandırmaq istəsə, başlarına silah dayasa necə olacaq? Yəni hər özünü zorlu sayan adam öz üzərinə məhkəmə funksiyası götürüb kimisə mühakimə edə, sonra isə ədliyyə işçisiymiş kimi öz hökmünü icra edə bilməz. Dövlət nə günədir? Əgər dövlət belə məsələlərə müdaxilə edərək özbaşınalıq edən hər kəsi yerində oturtmursa, özünü cəzasız mühitdə hiss edərək qabağına çıxanı basıb-döyən, döydürən adamları cəzalandırsa, bu halda heç bir hüquqi dövlətdən söhbət gedə bilməz. Dövlət cəngəllik qanunları ilə, mafiya qaydaları ilə idarə olunmamalıdır. Çox təəssüf ki, bu ölkədə yüzlərlə, hətta minlərlə adam var ki, özlərini qanunların fövqündə hiss edirlər. Onlar küçədə , yolda istədikləri sürətlə avtomobil idarə edə, hətta qabaqlarına çıxanın belindən keçib gedə bilərlər. Bilirlər ki, cəzalanmayacaqlar. Yüzlərlə belə fakt var ki, imkanlı, mənsəbli şəxslərin özləri və övladları ölümlə nəticələnən qəza törədiblər, yaxud da kimisə ölümcül döyüblər, amma onlara “bunu niyə elədin” deyə sorğu soran olmayıb. Bir imkansız, tərəfsiz adam kiməsə cavab qaytaranda qanunlar bütün sərtliyi ilə işə düşür, amma harın bir gənc adam öldürür, cəzasız qalır. Keçən il döyülən və döyülmə anı videolentə alınmış jurnalisti döyən də, döydürən də qısa müddətdən sonra bəlli oldu, amma sifarişçi cəzasız qaldı. Dövlət o adama heç nə etmədi. Hakimiyyət baş tutmayan qətlin sifarişçisini himayə etdi. O vaxtdan bəri xeyli o cür hadisə baş verib və heç birində qanunlar işləməyib. Xalq bundan çox narazıdır. Əgər qanunlar hamı üçün eyni olsa, onun sərtliyinə dözmək olar. Ancaq qanunlar kasıba sərt, varlıya pilə kimi yumşaq olanda, bir az pullanan hər kəs özünü situasiyanın hökmranı sayır.

Bizə qoşulun