Biz, orta yaşlı insanlarla gənc nəslin faciəvi hadisələrə münasibəti eyni deyil. Binəqədi rayonunda baş verən dəhşətli yanğının qandonduran nəticələri aydın olanda, bu, bir daha üzə çıxdı.
Gənclər həlak olmuş körpələrə görə çox hiddətliydilər, baiskar və səbəbkarları söyür, qarğayırdılar, hiddətli rəylər, şərhlər yazırdılar. Emosional ovqata qapılıb ağlayanlar da vardı və bu, təbii idi. Çünki faciənin miqyası gerçəkdən böyükdür.
Ancaq yaşlı insanlar bu xüsusda bir qədər təmkinli davranırlar. Baş verən faciə onları kədərləndirsə də, hönkür-hönkür ağlatmadı və çox da təəccübləndirmədi.
Çünki biz son 30 ildə çox böyük faciələr görmüşük. Hələ sovet dövründə baş verən təbii fəlakətlərdə, texnogen qəzalarda çox soydaşımızı itirmişik.
1986-cı ildə Ukraynada baş verən və dünya tarixinə “Çernobıl faciəsi” kimi düşən AES qəzasını yaşamışıq. Orda həlak və şikəst olan minlərlə həmvətənimizin faciəsinə şahid olmuşuq.
1988-ci ildə Ermənistanda baş verən Spitak zəlzələsində daş-divar və torpaq altında qalan insanları xilas etmək üçün İl-76 markalı təyyarədə zəlzələ bölgəsinə gedən 69 xilasedici həmvətənimizin həlak olması faciəsini yaşamışıq. O zaman onlardan yalnız bir nəfər - Fəxrəddin Balayev təsadüf nəticəsində sağ qalmışdı. Azərbaycandan gələn təyyarənin isə ermənilər tərəfindən qəsdən qəzaya uğradılması (dispetçer qülləsindən eniş koordinatlarının bilə-bilə səhv verilməsi üzündən) versiyası həqiqətə nə qədər yaxın olsa da, üstünə gedən, araşdıran olmadı.
1990-cı ildə baş verən 20 Yanvar faciəsi bütün milləti hönkür-hönkür ağlatdı. Qəlbində insanlığı, qanında qeyrəti olan hər bir vətən övladı bu faciəni içindən keçirdi. İnsanlar 40 gün yasdan çıxa bilmədilər. Hər bir ev cənazə çıxmış ailəyə dönmüşdü. İnsanlar toy, ad günü, hər hansı şənlik edə bilmirdilər.
Sonra noyabrın 20-də Qarakənddə ermənilərin törətdiyi terror aktında vertolyotda olan dövlət xadimlərimiz həlak oldu. Millət sarsıldı, yasa boğuldu.
Daha sonra Xocalı faciəsi gəldi. Millətin gözünün yaşı sel oldu axdı. Bu gün o dəhşətli yanğında ölən dörd körpə yoxmu, bax, Xocalıda onlardan on dəfə çox körpə, uşaq həlak olmuşdu və onların faciəsi xalqı kədərə boğmuşdu. Hələ də sızladır.
Sonra o biri rayonların işğalı sıralandı.. Sonra şəhid cənazələri, qara tabutlar gəldiE
İtirilmiş rayonlar, yandırılmış kəndlər... İlan mələyən çöllərdə salınmış qaçqın-köçkün düşərgələriE vaqonlara sığınmış insanlar... Şəraitsizliyə, xiffətə tablaşmayaraq az qala kütləvi şəkildə qırılan didərginlər... Xarici donorların yadımına möhtaclıq... Bu faciələrin hamısı da xalqın bağrından keçdi.
4 iyun qiyamında namərdcəsinə güllələnmiş qvardiyaçıların faciəsi təkcə onların ailəsi üçün olmadı, bu, demokratik hakimiyyətin süqutuna da səbəb oldu.
Ard-arda qatarlarda, avtobuslarda, metroda ermənilər və “sadvalçılar” tərəfindən törədilən terror aktlarında qurban gedən yüzlərlə həmvətənimizin faciəsi həm məmləkət insanında xof yaratmışdı, həm də onları qəm-qüssədən xilas olmağa qoymurdu.
1995-ci ildə baş verən “OMON qiyamı”nda yüzdən artıq əsgər güllələndi, bir neçə yüzü məhbəsə düşdü. Onlar dünənə qədər rəşadətlə döyüşmüşdülər. Ağ bayraqlarına belə baxan olmadı.
1999-cu ildə onların bir qrupu da həbsxanada qaldırdıqları qiyam zamanı güllələndilər.
Sonrakı illərdə də dənizdə batan gəmidə 42 soydaşımız öldü. Ailələri pərişan qaldı.
Neft Akademiyasında baş verən terror aktı dünən-srağagün olub, onu yaşlı nəsil də, gənc nəsil də yaxşı xatırlayır.
Axtarsaq, incələsək, bu kimi xalqı sarsıdan, qorxudan faciələrimiz çox olub. Onların hamısını sadalayıb qurtarmaq mümkün deyil.
Bizim nəsil bu cür faciələri görə-görə, içindən keçirə-keçirə gəlib deyə, indi onun 15 günahsız insanın faciəsinə yanaşması bir qədər təmkinlidir.
Söz yox, müasir dünyada texnogen qəzalardan tam sığortalanmaq mümkün deyil, mütləq hardasa, nəsə baş verir və onun faciəvi nəticələri olur.
Ancaq binaların tezalışan materiallarla üzlənməsi üzündən baş verən son faciə heç bir dəftər-kitaba sığan deyil. Ötən ay Binəqədidəki faciənin siqnalı Xətai rayonundan gəlmişdi. Eyni cür yanan həmin binada ölüm olmamışdı, amma bu, bir siqnal idi. Təəssüf ki, o siqnalı eşidən, duyan olmadı. Bu da nəticəsi.
Qoy bu son olsun. Qoy heç olmasa böyüməkdə olan nəsillər ümummilli səciyyə daşıyan faciələri yaşaya-yaşaya böyüməsinlər.
