Medianews.az
“Yenidən zəbt ediblər”
167 baxış

“Yenidən zəbt ediblər”

“Yenidən zəbt ediblər”

Əvvəllər dəbdə olan ifadələr vardı: “Dövlət başçısının filan məsələdən xəbəri yoxdur”; “Prezidentə yanlış məlumatlar verirlər”; “Özü yaxşıdır, ətrafı pisdir”; “Faktları rəhbərdən gizlədirlər” və sair və ilaxır.

İctimaiyyət həmişə bu kimi ifadələri ironiya ilə qarşılayırdı və hələ də elədir. Heç kəs şübhə etmir ki, bu ifadələr riyakarlıq məhsuludur, əslində dövlət başçısı ölkədə baş verən hər bir hadisədən xəbərdardır və xəbərdar da olmalıdır. 
Belə bir inam mövcuddur ki, hər bir dövlət başçısının rəsmi və qeyri-rəsmi şəkildə informasiya kanalları var və bu kanallar sutkada azı 18 saat ona hər cür məlumat axınını təmin edir. Ona görə də hesab olunur ki, dövlət başçısı ölkədə uçan, qaçan, tutulan, buraxılan, vurulan hər şeydən, hər kəsdən məlumatlıdır.
Binəqədi rayonunda baş verən dəhşətli yanğına həsr olunmuş sonuncu müşavirədə isə dövlət başçısı özü də etiraf etdi ki, hətta öyrənmək istəyəndə də bəzi məsələlərin sonuna çıxa bilmir.
Məsələn, İlham Əliyevin sözlərinə görə, o, “Dostluq” parkının zəbt edilməsinin, orada villalar tikilməsinin şəxsən şahidi olub və bu villaların kimə məxsus olmasını öyrənmək istədikdə doğru-düzgün məlumat ala bilməyib, ona görə də villaların sökülməsi barədə göstəriş verib, yenə də ortaya heç kəs çıxmayıb.
Bəlkə də inandırıcı görünmür, amma bunu dövlət başçısı özü müşavirənin televiziya ilə yayınlanan hissəsində dilə gətirdi.
Əlbəttə, xüsusi əhəmiyyətli və maraqlı bir şey olsaydı, qanunsuz yerdə tikilmiş villaların əsl sahibini öyrənmək mümkün ola bilərdi - çox da ki, həmin villalar tamamilə başqa, onun gerçək sahibinə uzaq olan birinin adına sənədləşdirilib. Bir az dərindən araşdırılsa, tapmaq olardı.
Əslində, bu da bir biclikdir. Vəzifəli, imkanlı şəxslər “dar günləri”ni, bir gün gözdən düşə biləcəklərini, “vurulub” kənara atılacaqlarını nəzərə alır, öz 15-ci, 20-ci villalarını uzaq bir qohumun (tutaq ki, qardaşının qudasının bacanağının, tələbə yoldaşının kürəkəninin və s.) adına sənədləşdirir. Bu da ondan ötrüdür ki, “vurulma” halında  varidatın kütləvi şəkildə siyahıya alınması zamanı həmin villalar gözdən düşmüş məmurun əmlakı kimi qeydə alınmasın, müsadirə olunmasın, “dar gün”də satılar, kara gələr.
Xatırlayaq, bir zamanlar korrupsiyada və sair cinayətlərdə ittiham olunaraq məhkəmə qarşısına çıxarılan sabiq nazirlərin varidatının siyahısı məhkəmə salonunda açıqlananda, ertəsi gün qəzetlərdə təxminən bir səhifəni əhatə edəndə camaatın əli üzündə qalmışdı. Hamı deyirdi ki, yəni bir adamın bu qədər də malı-mülkü ola bilərmi? Normalda ola bilməzdi, amma faktiki olaraq vardı və bu qədər evlər, villalar, imarətlər, eləcə də digər xidmət, ticarət, iaşə obyektləri həmin şəxslərin varidatının bir hissəsi idi. Bəlkə də yarıdan çoxu idi, amma hamısı deyildi. Çünki praktiki olaraq bu qədər mal-mülkün kimlərin adına sənədləşdirildiyini arayıb-axtarıb tapmaq mümkün deyil. Mütləq nələrsə siyahıdan kənarda qalacaq.
Ölkənin günü budur. Yüksək ranqlı vəzifələrinə güvənən və hazırda ən azı milyonçulara çevrilmiş minlərlə məmur bir-birilə yarışaraq varidat toplamaqda, şəhəri, eləcə də ölkənin yaşıl rayonlarının dilbər guşələrini qarış-qarış zəbt etməkdədir. İş o yerə çatıb ki, onlar prezidentin barmaq tuşlayıb, “buranı zəbt etmək olmaz” deyə tapşırdığı yeri yenidən məngirləyiblər, düşünüblər ki, prezidentin yolu burdan düşmür, haradan biləcək.
Harınlamış məmurlara o yerləri satanlar, zəbt etdikləri yerə göz yumanlar, məsələ böyüyüb yuxarılara çıxanda arxalarında duran yüksək mənsəbli himayədarlar var. Onlar istənilən şəxsə (prezidentə, baş nazirə) özlərinə sərf edən məlumatlar verə bilərlər və yəqin ki, verirlər.
Ancaq yanğın müşavirəsindən sonra o cür adamlar - şəhərdə parkları zəbt eləyib yığım kapitalı olaraq villa tikdirənlər, onları himayə edənlər cəzalandırılmasa, bu, o demək olacaq ki, əslində hamının hər şeydən xəbəri var, sadəcə tədbir görmək istəyən yoxdur.
Binəqədidəki 16 mərtəbəli binada baş verən yanğın bir sıra harın “neoburjuy”ların da nəfsini yandırmalıdır.

Bizə qoşulun