Əsl fenomen budur: kasıb adamların son günlərdə həbsə alınan biznesmenlərə yazıqları gəlir, onlara mərhəmətlə yanaşır, hətta hakimiyyəti qınayırlar.
Folklorda bunu “Yağış yağır, kəsək oturub daşın gününə ağlayır” deyə izah edirlər. Mühəqqəq, politologiyada da bir tərifi, izahı var.
Müşahidəçilər deyir ki, əslində əksinə olmalıydı, xalqın nümayəndələri bir-bir, iki-bir cələklənən oliqarxlara görə, türkün sözü, sevinc göstəriləri yapmalıydı, hakimiyyətdən həbslərin davamlı olmasını tələb etməliydi.
Ancaq elə deyil, rəhmli və qədirbilən xalqımız bir günün içində dünənə qədər “bandit” adlandırdığı adamların tərəfini saxlayır, onlara qahmar çıxır.
Öz yanımdan deyə bilərəm ki, bu, yeni hadisə deyil. 1988-89-cu illəri xatırlayıram. O zamanlar eləydi ki, hökumət yox kimiydi, əliyalın camaat ermənilərin qabağında qalmışdı və aktiv, dəliqanlı cavanlar yığılıb özünümüdafiə dəstələri yaradırdılar. Bir dəfə bir ağsaqqal fəal gənclərdən soruşdu ki, yaxşı, ay igid oğullar, dəstələri yaratdınız, bəs erməninin qabağında nəylə dayanacaqsınız. Tərs kimi, milislər ov tüfənglərini belə yığmışdılar. Cəbhəçi gənclərdən biri suala pafosla cavab verdi: “Qeyrətimizlə dayanacağıq, ay əmi”. Əmi başını buladı və dedi ki, əldə silah olmayandan sonra qeyrətlə heç nə etmək olmaz.
Belə olanda yeni ideya əmələ gəldi: silah əldə etmək lazımdır. Rus hərbçilərdən pul gücünə silah almağın mümkünlüyünü deyənlər də ortaya çıxdı. Bu dəfə başqa bir problem əmələ gəldi: silahı almağa pul yoxdur, pul tapmaq lazımdır. Cəbhəçilər, fəallar öz aralarında atışıb silahpulu düzəltmək istərkən məlum oldu ki, silaha çox pul lazımdır.
Bu zaman rayonun oliqarxları yada düşdü. O vaxt onlar çox pullu adamlar sayılırdılar. Camaat arasında belə bir zarafat vardı ki, rayonlararası trestin müdiri Bakıya rüşvəti çamadanla göndərmir, özüboşaldan maşınlarla göndərir, ordan da elevatorla nazirliyin anbarına yığırlar. Ona görə də ermənilərlə döyüşmək istəyən gənclər oliqarxlara ağız açmalı oldular. Onların içində qeyrətliləri də vardı, dərhal silah almağa pul verdilər. Amma bəzi qeyrətsiz və pulgirlər düşmən qabağına əliyalın getmək istəməyən gəncləri “pulumuz-zadımız yoxdur” deyə başdan eləmək istəyəndə bunların da başı çöndü, məcbur oldular ki, bəzi müdirlərin kabinetinin qapısını çalın-çarpaz taxta ilə mismarlasınlar. Bu tədbir rayonun oliqarxlarını səxavətli olmağa vadar etdi, pul tapıldı, silah alındı.
Ertəsi gün çayxana və digər ictimai yerlərdə kasıb ağsaqqallar cəbhəçiləri asıb-kəsirdilər. Biri deyirdi, ay camaat, siz bilmirsiniz ey, beyjə o cəbhəçilər gediblər trestin müdirinin evinə, tutub bir milyon pulunu alıblar. O biri ağsaqqllar da təəssüf edirmişcəsinə başlarını bulayırdılar. O biri deyirdi, axı onların buna nə haqqı var, bu, banditlikdir. Lap axırda bir cəbhəçi çıxdı ortaya, gözünü yumub, ağzını açdı, ağsaqqal, qarasaqqal saymadı, dedi, rəhmətliyin uşağı, trestin müdiri əlinin qabarı ilə yığmayıb ki o milyonu, xalqdan, dövlətdən oğurlayıb, indi də xalqın ağır günüdür, erməni gəlir, qabağına silahla çıxmaq lazımdır, bəs pulu, silahı haradan alaq, canı çıxsın, versin.
Trestin müdirinin, bankirin, başqa pulluların tərəfini saxlayan kasıblar susdular, amma çox-çox sonralar da söz düşəndə deyirdilər ki, o vaxt cəbhəçlər gedib varlılardan bir milyon almışdılar.
Rayonun varlı adamlarından pul alaraq silah-sursat tədarük edən və düşmənlə üzbəüz səngərə girən cəbhəçilərin çoxu isə döyüş əməliyyatlarında qəhrəmancasına həlak oldu.
Üstündən 25 ildən çox vaxt keçib, hələ də trestin müdirindən silah üçün qopardılan pulun söhbəti gedir, el yolunda canını verən igid döyüşçüləri xatırlayan yoxdur.
İndi də əli bankdan aşağı faizlə götürülmüş milyonlarla oynayan varlı adamlara qarşı yol verilən “haqsızlıq”dan danışanlar çoxalıb. Bu adamlar 23 ildən bəri demokratiya və insan haqları uğrunda mübarizə apararkən həbsə düşən yüzlərlə siyasi məhbusun birinin tərəfində durmayıblar, amma pullulara canları yanır.
Fenomenal hadisədir, həm də analoqu olmayan absurddur.
