Medianews.az
Göz yaşını sel edən məşəl...
429 baxış

Göz yaşını sel edən məşəl...

images_dekabr_kose samir sari
Çox və tez-tez deyirlər ki, kişi ağlamaz. Guya ki, bu, qeyrət məsələsi ilə bağlıdır, kövrəklik artırsa, qeyrət azalırmış. Hərçənd kövrəklik, duyğusallıq insana xas cəhətdir, qoyun emosional olmur. Hərdən uşağın, böyüyün üstünə cuman emosional qoçlar ola bilər, amma onları da ya tutub bururlar, ya da kəsirlər.
O da bəlli faktdır ki, qadınlarla kişilər eyni dərəcədə kövrək deyillər. Birincilər çox kövrəkdir, türkün sözü, yapıları belədir. İkincilər isə daha təmkinlidirlər, qabırğalarının bir qədər qalın olması onları hər saat oturub zır-zır ağlamaqdan çəkindirir.
Təbii ki, emosional, kövrək kişilər də var. Bir də görürsən ki, təsirləndilər, gözləri doldu. Açığı, xalqımız belə adamları ciddi qarşılamır, hətta dallarınca pis söz deyirlər. 3-4 ay qabaq bir yazı-pozu adamıyla söhbət edirdik, o içkili idi, bir təsirli cümlə işlətdi və öz sözündən kövrəldi, gözləri doldu, üzrxahlıq edib dedi ki, belə məqamlarda özünü saxlaya bilmir, “petuxlar kimi” kövrəlir. And olsun ki, belə dedi və söhbəti yumor ladına çevirərək emosional ovqatdan qurtulduq.
Hələ o da yadıma düşür ki, 4-5 il əvvəl ölkəmizdə bir səfir vardı, televiziya çıxışlarında tez-tez kövrəlib ağlayırdı. Onun da barəsində yaxşı söhbətlər getmirdi. Çoxları şübhələnirdi ki, əgər o boyda adam bu qədər emosionaldırsa, yüz faiz cinsi orientasiyası laübalıdır.
Xüləs, təcili mətləb üzərinə keçmək lazımdır, yoxsa camaat elə biləcək  ki, müəllif yenicə Freydin kitabını oxuyub və burada insan psixologiyasının dərin qatlarına dalır.
Əslində indi sizə bəhs edəcəyim hadisəyə də psixoanaliz nəzəriyyəsi ilə yanaşmaq doğru olardı, ancaq qorxuram bundan əkə-bükə psixoanalitiklər də baş açmaya.
Çünki özlüyündə bir idman kostyumu geyinmiş idmançının və onu müşayiət edən bazburutlu idmançıların əlində bir məşəlin yana-yana rayon mərkəzindəki meydana daxil olmasında o qədər də kövrək elementlər yoxdur. Söz yox, bundan qürur duymaq, riqqətə gəlmək olar, hətta fəxarətdən, sevincdən adamın gözü də yaşara bilər, amma bir el ağsaqqalının, rayon rəhbərinin xaqlın gözü qarşısında yanar məşələ baxaraq ağlaması Freydi belə mat qoyacaq hadisədir.
Bu olay bu qədər kövrəldici olsaydı, onda gərək o məşəli daşımaq şərəfinə layiq görülmüş idmançı, eləcə də məşəlin böyrüncə qaçan müşayiətçi idmançılar yol boyu ağlaşa-ağlaşa qaçaydılar.
Hətta bu yanar məşəl insanı bu qədər kövrək ovqata kökləyə bilərdisə indiyə qədər gəzdiyi 47 rayonda da ən azı 7-8 İH başçısını ağlatmalıydı, 10-15-ni kövrəltməliydi. Deyək ki, onların içində 5-6 islaholunmaz gönüqalın kadr var ki, heç bir halda ağlamazlar, amma yerdə qalanın gözündə  ən azı iki gilə yaş parıldamalıydı.
Ancaq məlum olduğu kimi, məşəlin yana-yana dolaşdığı rayonlarda heç bir İH başçısı onu görəndə ağlamayıb və bu mübarək iş gəlib Zərdabda baş verib.
Bu hadisə Zərdabda yox, Şəmkirdə baş versəydi, yenə başa düşmək olardı. Çünki nə vaxt saytları açırsan, Şəmkirin İH başçısının növbəti dəfə döyüldüyü barədə xəbər oxuyursan. Belə görünə bilər ki, adamı döyə-döyə emosionallaşıdırıblar, artıq özünü saxlaya bilmir.
Ancaq Zərdabın İH başçısına güldən ağır söz deyən yoxdur, bığlı-saqqallı kişi bir məşələ görə niyə ağlasın ki.
Tərs kimi, heç bir versiya yoxdur. Bunu rəhbərliyə yarınmaq kimi də qələmə vermək mümkün deyil. Əksinə, ölkə rəhbərliyi bir İH başçısının bu qədər kövrək biri olduğunu bilsə, ilk fürsətdə vəzifədən çıxarıb atar, deyər, bizə gözünün yaşı ovcunda olan başçı lazım deyil.
Məsələni yazının əvvəlində bəhs etdiyimiz mətləblərə istinad edərək çözmək də alınmır.
Hər halda, zərdablıları təbrik etmək olar. Onların rəhbərləri bu qədər ürəyi yuxadırsa, demək, mərhəmətlidir, insanpərvərdir, əlindən pislik gəlməz.
Yox, adam məşəli görəndə ağlayırsa, amma sonra camaatın atasını məşəlsiz yandırırsa, buna artıq Freydin müasir davamçıları qiymət verməlidir.

Bizə qoşulun