Bu qədəri gözlənilməz idi. Birdən-birə milli-azadlıq hərəkatının rəhbərlərindən birinə, uzun illər ana müxalifətin lideri olmuş, liderliyini hələ də qoruyub saxlayan tarixi şəxsiyyətin üzərinə bu cür total hücuma keçilməsi adamı mat qoyur.
İsa Qəmbərin üzərinə ən azı dörd cinahdan hücum var.
Bunun biri əzəli siyasi rəqabətddən, 1988-91-ci ildən gəlir. SSRİ-nin dağılmasını, qırmızı rus imperiyasının, totalitar sovet-kommunist quruluşunun çöküşünü hələ də həzm edə bilməyən qırmızılar İsa Qəmbəri və onun silahdaşlarını sinfi düşmən kimi görür, yamanlamaqda davam edirlər.
İkinci hücumçular dəstəsində mövcud hakimiyyətin adamlarıdır. Bunlar 1992-93-cü illərdə beş-altı ay vəzifəsiz qalmalarının, məcburən müxalifətdə olmalarının acısını unuda bilmir, hakimiyyətin Heydər Əliyevə 1992-də yox, 1993-də verilməsinin davasını aparır, İsa Qəmbərin indiki hakimiyyətə biət etməməsini bağışlaya bilmirlər.
Üçüncü güruhun kin-kidurəti və İsa Qəmbərə qarşı arasıkəsilməz hücumları da ən azı 1993-cü ildən başlayır. Onlar da 22 ildir ki, müxalifətin lideri olmaları üçün qarşılarında tək maneə olaraq İsa Qəmbəri görürlər və məqsədləri onu “devirmək”, “siyasət səhnəsindən silmək”dir.
Dördüncü qrup yeni yaranıb. Bunlar İsa Qəmbərin öz silahdaşlarıdır. Bu şəxslər dünənə qədər onunla çiyin-çiyinə mübarizə aparıblar, ona “liderimiz” deyiblər, yolunda hər cür məhrumiyyətlərə sinə gəriblər, Müsavat Partiyasına hər cür xidmət ediblər, ancaq iş elə gətirib ki, hazırda İsa Qəmbər və onlar aradan axan çayın fərqli sahillərində qalıblar.
İsa Qəmbərə hücum edən qrupların ilk üçünün arasıkəsilməz həmlələri artıq çoxdan öz kəsərini itirmişdi, adi demaqojidən başqa bir şey deyildi. Onlar hər zaman müvəffəqiyyətlə geri oturdulurdu.
Ancaq dördüncü qrupun hücumları çox sarsıdıcı və ağrıdıcıdır. Bunlar keçmiş və hazırkı müsavatçılardır, ancaq siyasi ehtirasa qapılıblar və İsa Qəmbərin əzəli rəqib və düşmənlərinin ritorikası ilə danışırlar. Beləcə, onlar İsa Qəmbəri müdafiəsiz görən köhnə düşmən və rəqiblərin fəallaşmasına və ağız-ağıza verərək polifonik çığırtı-bağırtı salmalarına rəvac verirlər.
Əlbəttə, İsa Qəmbər tarixi şəxsiyyət olmaqla yanaşı, həm də siyasətçidir və onun yanlış addımlarını, səhv qərarlarını tənqid etmək olar. Ancaq İsa Qəmbəri tənqid edərkən onun bu xalqın qarşısında tarixi xidmətlərinə kölgə salmaq olmaz.
Bir xatırlayın. 1993-cü ildə devrilmiş hakimiyyətin rəhbərləri bir neçə ölkəyə qaçıb dağılışanda İsa Qəmbər ortaya çıxıb sinəsini qabağa verməsəydi, dağılmış qüvvələri ətrafına toplamasaydı, müxalifətin halı necə olacaqdı? Ölkə Türkmənistana, Özbəkistana dönməyəcəkdimi? Dönəcəkdi. Heç bir maneə yox idi. 1994-cü ilin bu vaxtları yenidən ölkəyə qayıdıb “mən də varam” deyənlər gərək bunu unutmasınlar.
İsa Qəmbərə ünvanlanan tənqid-iftira-böhtan-təhqir selinin içində “satdı”, “xəyanət etdi” kimi feillər də səslənir. Bir dəqiqləşdirək. İsa Qəmbər nəyi, kimə, neçəyə satıb və sataraq nə qazanıb? Mandatmı alıb? Övladlarına gəlirli vəzifəmi təmin edib? Sərvətmi qazanıb? Nə eldə edib? O, bu uzun illərdə tərəfdarlarının və düşmənlərinin sayını artırmaqdan başqa bir şey qazanmayıb – hamı əmin olsun. Son aylarda isə yalnız “yaman deyənlər” qazanır.
Bir də 47 dəfə cavab verilməsinə baxmayaraq, “İsa Qəmbər 2003-ün 16 oktyabrında meydana getmədi” deyənlər var, indi bu fikri Müsavatla problemi olan sabiq silahdaşların da bəziləri deyir.
Açıqca görünür ki, ifrata varmış siyasi ehtiras ədalət və reallıq hissini korşaldıb. İndiyədək bu fikri o adamlar deyirdilər ki, onlar İsa Qəmbərin 16 oktyabrda Azadlıq meydanına gedəcəyi və orada qaçılmaz insan itkilərinə səbəb olacağı təqdirdə “apardı, xalqın balasını qırğına verdi”, “hakimiyyət, kreslo naminə özünü qurban etdi” kimi cümlələr quracaqdılar. Bu adamların bu cür ikili hazırcavablıqlarını çox olub. Elə olanda belə deyirlər, belə olanda elə - mütləq həmişə haqlıdırlar.
İndi gələk Müsavatdan incik düşənlərin məsələsinə. Tanınmış ziyalıların, ölkənin ən ali ordenlərinə layiq ictimai-siyasi xadimlərin Müsavatdan uzaqlaşdırılması alqışlana bilməz. Partiyanın yeni rəhbərliyi onların partiya daxilindəki mövcudluğuna dözməliydi və münasibətlərin tədricən yumşalmasına çalışmalıydı. Bu, mümkün deyildisə də, o şəxsləri partiyadan çıxararaq, alovu öləziməkdə olan ocağın üstünə yenidən bir ləyən benzin atmaq lazım deyildi.
Bu münaqişədə İsa Qəmbərin tərəf olmasına və problemin həllində “Qordi düyünü”nü kəsər kimi radikal üsul seçilməsində həlledici söz sahibi olmasına gəlincə, icazə versəydilər, bunu özüm yerli-yataqlı tənqid edəcəkdim.
Fəqət indi belə bir şey etsək, yuxarıda dediyimiz dörd xor kapellasına qoşulmuş olacağıq.
Azərbaycan müxalifəti ona görə bu durumdadır ki, həddən artıq emosional və kinlidir, qərarlarını soyuq başla, ölçü-biçi ilə vermir, şahmatçı olacağı yerdə boksçu olmağı üstün tutur, əlində damğa gəzdirir, əksinə bir söz deyənin alnına damğa vurur, xeyrinə söz danışan düşməni dərhal bağrına basır və sair və ilaxır. Uzun söhbətdir...
11.05.2015, 07:37
224 baxış
Xalid Kazımlı
İsa Qəmbəri tək görənlər...