Medianews.az
Qars, Berlin və Şuşa
175 baxış

Qars, Berlin və Şuşa

images_dekabr_kose xalid kazimli Türkiyənin tarixi şəhəri olan Qars 1877-ci ildən 1918-ci ilə qədər Rusiyanın işğalı altında qalıb. Tam qırx bir il! Əldən-ələ keçib. Arada ermənilərin də əlinə düşüb. Ancaq artıq 97 ildir ki, yenidən Türkiyənin tərkibindədir. Almaniyanın paytaxtı Berlinin yarısı 1945-ci ildən 1989-cu ilə qədər faktiki olaraq rus işğalı altında olub. Tam qırx beş il. Ancaq SSRİ-nin çöküşündən, “Berlin divarı”nın yıxılmasından sonra artıq 25 ildən artıqdır yeni Almaniyanın paytaxtdır. Axtarsan, araşdırsan, bütün ölkələrin tarixi işğal və azad olunmuş şəhərlərlə zəngindir. Yadellilər gəlib, bir abad şəhəri, bərəkətli bölgəni işğal edib illərlə özlərininki sayıblar, amma vaxt gəlib gəldikləri kimi də çəkilib gediblər, yaxud qovulublar. Şəhər və torpaq yenə əzəli sahiblərinə qalıb. Təbii ki, istisnalar da var. Tarixdə böyük müharibələr olub, böyük imperiyalar dağılıb, o imperiyaların quran xalqlar tənəzzül dövrü yaşayıblar, başqa yerlərə köç ediblər, kiçiliblər və zəbt olunmuş hansısa böyük və qədim şəhər elə işğalçının dədə malına çevrilib. Almanların dünyaya dahilər vermiş Köniqsberq (indiki Kalininqrad) şəhəri hələ də Rusiyanın tərkibindədir – anklav kimi. Yaponiyanın Kuril adaları da həmçinin. Yaponlar öz əzəli torpaqlarını geri almaq üçün ara-sıra qımıldanmalar edir, ancaq Kremldən sərt cavab alırlar. Almanlar isə deyəsən, Köniqsberq sevdasından əl çəkiblər, ya da bir tarixi fürsət gözləyirlər. Yunan şəhəri Konstantinopolun (indiki İstanbul) fəthindən (sərfəli işğallara fəth deyilir) 500 ildən artıq vaxt keçib və artıq onun geri qaytarılma ehtimalı 0-dan artıq deyil. Çünki bu, həmin İstanbul deyil, o vaxt onun indiki kiçik şəhərlər qədər əhalisi olubsa, indi 15 milyon sakini olan meqapolisdir, maddi dəyəri trilyonlarla dollar həcmindədir. Bu məsələdə başlıca faktor zamandır, gərək işğalın üstündən çox vaxt keçməsin, məsələn, bir əsr ötməsin. Bir-iki qərinənin içində itirilmiş şəhəri geri almalısan. 10 ildən sonra Şuşanın işğalından düz bir qərinə, 33 il keçəcək. O vaxta qədər Şuşanı geri almaq mümkün olar, yəqin ki. O vaxta qalmaz. Qalsa da, Qarsdan, Berlindən əskik, ya artıq deyil ki... Əl-əlbət, Şuşanın taleyi onlarınkı kimi olacaq – öz daşqoyanının varislərinə qayıdacaq. Azərbaycan Şuşa sevdasından heç vaxt vaz keçməyib, keçmir, keçməyəcək. Yəhudilər üçün Qüds, Yerusəlim nədirsə, azərbaycanlılar üçün Şuşa odur. Ona görə də başqa işğal günlərində olduğu kimi, mayın 8-də də ağlaşma, şivən qurmaq olmaz. Düzdür, ermənilər bu gün Şuşada təntənəli tədbirlər keçirir, arsız-arsız atılıb-düşürlər, amma unutmayaq ki, ruslar da Berlində 45 il parad keçirdi, sonda necə oldu? Bizim mayın 8-də Şuşanın işğalını xüsusi anmağımıza, şəbehli tədbirlər keçirməyimizə də ehtiyac yoxdur. Zatən, Şuşanın işğalı bir gün də olsun ölkənin vətənpərvər kəsiminin yadından çıxmır. Bu, media qurumlarının materiallarında da əks olunur. Biz hər gün Şuşayla nəfəs alırıq. Şuşa hər gün dilimizdə, yaddaşımızdadır. Ağlaşma qurmaq ona görə zərərlidir ki, bu, tale ilə barışmaq anlamına gəlir. Sən artıq üzləşdiyin itki ilə barışırsan və naçar qalıb ağlayırsan. Döyüşmək istəyən, revanş eşqi ilə alışıb-yanan adam ağlamaz, gücünü, iradəsini toplayar, ilk əlverişli fürsətdə bir həmlə ilə itirdiyini geri qaytarar, qisasını alar. Köhnə şəkillər elədir ki, bunlar istər Şuşada çəkilmiş olsun, istər Bakıdakı “Şuşa” kinoteatrının qarşısında, onsuz da nostalji oyadır, insanı kövrək ovqata kökləyir. Hər il mayın 8-də də kütləvi şəkildə duyğusallaşan insanlar uşaqlıqda, yeniyetməlikdə və gənclik çağlarında Şuşada çəkdirdikləri şəklə baxır, bir zaman gəzdikləri yerləri xatırlayır və kövrəlirlər. Əbəs yerə. Soyuqqanlı olmaq, Şuşanın və digər itirilmiş torpaqların geri alınacağı günə inanmaq, bununla da yetinməyib, dövlət olaraq güclənmək, millət olaraq bütövləşmək yolunda ciddi cəhdlər göstərmək lazımdır. Unutmayaq ki, bu gün Qars şəhərinin bələdiyyə başqanı əsl-nəsəbcə azərbaycanlı olan Murtaza Karaçantadır. Gün gələcək, Şuşanın da bələdiyyə sədri azərbaycanlı olacaq. Adının nə olmasının fərqi yoxdur.

Bizə qoşulun