Yadınızda qalmış olar, Venesuelada bir qırmızı köynəkli oğlan vardı, öz dilimizdə desək, “blatnoy” oğlan idi, prezident işləyirdi, adı da Uqo Şaves idi, dünya şöhrəti qazanmışdı.
Adam solçuydu, 1 Mayı həmişə təntənə ilə qeyd edərdi, amma söz bunda deyil, bunu bugünkü gün münasibətilə yazdım.
Komandantenin dünya şöhrəti doğrudan da analoqsuz idi. İmtahan üçün, bu saat çıxaq “Makler bağı”na, Venesuela ilə qonşu dövlətlərin, belə lap Braziliya və Argentinanın prezidentlərinin adını soruşaq, 10 respondentdən 9-u bilməyəcək, amma çoxu Çavesi tanıyacaqE Nə qədər olmasa da, qəzet və sayt oxuyan adamlardır.
Çavesin dünya şöhrətinin səbəbi, bilirsinizmi, nəydi?
İndi biri deyəcək ki, Çavesi dünyaya tanıdan neft milyardlarıydı. Xeyr. Onda Venesuelanın öz regionunun lideri olması, iqtisadi inkişaf templərinə nəinki Cənubi Amerikada, hətta bütün dünyada öndə olmasıydı. Yenə də xeyr. Yaxşı, bə nəydi?
Çavesi dünyanın 3-5 məşhur prezidenti edən başlıca amil o idi ki, rəhmətlik Amerikaya çox dirəşirdi. Harda çıxış edirdi, mütləq prezident Buşa, Obamaya, dövlət katibləri Kolin Pauellə, Kondoliza Raysa ilişirdi, onları dünya ölkələrinin daxili işlərinə qarışmaqda suçlayırdı.
Özü də bir az baməzə adam idi, düşmənlərinə qarşı gülməli, baməzə təşbehlərdən istifadə edirdi. Venesuela xalqı belə xasiyyətinə görə onu çox istəyirdi, hər dəfə elliklə yığılıb ona səs verirdilər.
Öz növbəsində amerikalıların da ondan, onun qırmızı köynəyindən, dostları Fidel Kastrodan, Mahmud Əhmədinejaddan, Müəmmər Qəzzafidən zəhləsi gedirdi.
Çaves adını çəkdiyim adamlarla (Fidel, Mahmud, Müəmmər) dost idi, necə deyərlər, bir “kruq”dan idilər.
Amma sonra o dairə dağıldı: Əhmədinejad 3-cü dəfə prezident seçilmədi, Kastro xəstələndi və ikinci 50 illik müddətə dövlət başçısı ola bilmədi, Qəzzafini tutub bihörmət etdilər, rüsvayi-cahan edib öldürdülər, Çaves də sağalmaz xəstəliyə yoluxdu, vəfat etdi. Amerika isə hələ yerindədir.
Hərdən deyirlər ki, guya Çavesi Amerika kəşfiyyatı hansısa şüa ilə necəsə yoluxdurub, yazıq ona görə ömrünün çiçəklənən çağında qırmızı köynəyini ağ kəfənə dəyişib. İnandırıcı deyil. Əgər Çaves başqa bir qüdrətli dövlətin düşməni olsaydı, söz yox, onu poloniumla zəhərləyə, telefonla danışdığı yerdə raketlə vura, Dubayda maşınını partlada, şəhərin ortasında sevgilisi ilə gəzdiyi yerdə dörd güllə ilə vurub öldürə bilərdilər. Heç kəs də şübhə etməzdi.
Ancaq son illər adam şübhələnir ki, Amerikanın adı çıxıb, əslində onda o hünər yoxdur. Bəli, vaxtında babat işləyiblər, snayperlərlə iş görüblər, zəhərli iynələrlə çalışıblar. Amma hiss olunur ki, artıq bu sahədə fəaliyyətləri zəifləyib, ona görə də üstlərinə diş qıcayan, dil çıxardan, barmaq silkələyən çoxdur.
Təsəvvür edin, iş nə yerdədir ki, 50 ştatlıq Amerikanın ən balaca ştatı boyda olan bir ölkənin, Azərbaycanın, yerə gələndə sahə müvəkkilindən qorxan xırda məmurlarından biri durub Amerikanı hədələyir, deyir, özünü yaxşı apar, bizim daxili işlərimizə burun soxma. Bu, hələ mədənisidir, var-yox söyüşü söyənlər də var, dövlət katibi Kerrinin işdən çıxarılmasını tələb edənlər də.
Venesuelalıları bilmirəm, bizim camaat çox sərvaxt, praqmatik, ağıllıdır. Əgər o, hirslənib Amerikanın üstünə gedirsə, bir bildiyi var, bilir ki, Amerika ona qoşulmayacaq, həm də çox uzaqdadır, hiddətlənsə də bir şey edə bilməz. Kəsəsi, bizimkilər, Amerikanın başını yoxlayıb, işini bilir.
İndi baxaq, görək, Kerrinin bizə qarşı elədiyinin on qat artığını Narışkin və ya Bordyuja etsəydi, bizim deputatlar, məmurlar səslərini çıxarardılarmı? Əsla çıxarmazdılar. Necə ki, indiyədək çıxarmayıblar. Rusiya isə indiyədək ölkəmizə Amerikanın etdiyindən 20 dəfə artıq yamanlıqlar edib. (Burada 20 rəqəmi 20 faizi də ehtiva edə bilər).
Dediyim odur ki, qəti qorxusu yoxdur, əmi canı. Heç kəs Çavesin aqibətindən çəkinib, özünü Ağ Evə, Dövlət Departamentinə söymək zövqündən məhrum eləməsin. Heç nə edə bilməzlər. Yaramaz yankilər!
