Bəziləri təzə söz öyrənib: “Vətənşüvən”. Damğa kimi işlədirlər, kimə gəldi, yapışdırırlar. Peşmansan, öz xalqının, millətinin, el-obanın müdafiəsi üçün bir söz yazasan, dərhal adını qoyurlar: “Ura-patriotizm”, “vətənşüvənlik”.
Söz yox, bu, bəzi adamlara yaraşır. O adamlara ki, əslində nə millət dərdi çəkirlər, nə bayraq qeyrəti daşıyırlar, nə himn veclərinədir, nə də başqa şeylər, yalandan özlərini dövlətçiliyə sadiq göstərib, pul-para, imtiyaz, komfort, kalori davası aparırlar və bir “millət”, “Qarabağ” deyəndə beşi də ağızlarından tökülür.
Amma cin ayrı, şeytan ayrı. Elə adamlar da var ki, Qarabağ onlar üçün başqa şeydir, bir tanış cığırdır, gövdəsinə baş hərflər yazılmış çinar ağacıdır, havası, suyu bənzərsiz olan doğma yurddur, məktəb yollarıdır, əzizinin məzarının yerləşdiyi yerdir, nə bilim, həzin xatirələrdir.
O adamlar Qarabağ xiffətiylə, “keçən günə gün çatmaz” nisgili ilə, onu doğma məkanlarından didərgin salanlara nifrətlə bir şey yazanda ona “vətənşüvən” demək vicdansızlıqdır. Adam ürəyinin çırpıntılarını yazır, nə şivənlik, nə ura-patriotluq?
Hərdən adam mat qalır: bu qədər manqurt qafalı kosmopolitlər bu millətin bətnində necə yetişir? Qınından çıxıb qınını bəyənməyən tısbağa kimi öz xalqlarını niyə bəyənmirlər onlar, onun faciələrinin günahını niyə yalnız özündə görürlər?
Sanki bizə zülm, təcavüz edən hər kəs haqlıdır, biz belə olmalı millətmişik, bizi əsarətdə saxlayırlarsa, haqlıdırlar, əzirlərsə, yurdumuzu yağmalıyırlarsa, düz edirlər, qırıb-çatırlarsa, buna layiqik. Bu adamlar niyə bu torpağın çörəyini yeyir, suyunu içir, amma ilk fürsətdə ona xəyanət edir, özlərini bəşəri dəyərlərin daşıyıcısı kimi aparmağa, daha dəqiqi, təqdim etməyə çalışırlar. Hər gün birinin sorağı gəlir.
Bu, bəlli faktdır: bizim oxumuş adamlar ölkədən kənara çıxanda, hansısa bir xarici ölkəyə yerləşəndə, həmin cəmiyyətə çox sürətlə və müvəffəqiyyətlə adaptasiya olunurlar. Hətta bu, adaptasiyadan da ötədir, ikinci nəsildə tam assimlyasiya faktı ortaya çıxır. Yəni ölkədən gedən mühacirin əksəriyyətinin oğlu-qızı bağrından çıxdığı millətə artıq xeyli yaddırsa, onların övladı başqa millətin övladına dönür - Rusiyadakı soydaşımız rusa, Fransadakı fransıza, İngiltərədəki ingilisə, Almaniyadakı almana çevrilir.
Daha pisi də var: zamanla onlar öz xalqlarını xor görürlər, ona qarşı olurlar, başqa millətlərin haqlarının davaçısına çevrilirlər.
Bəs bəyənmədiyimiz yəhudilər necədir? Onlar öz yurdlarından didərgin salındılar, 2 min il müxtəlif ölkələrdə camiə halında yaşadılar, nə dinlərini, nə dillərini, nə də milli kimliklərini unutdular, vaxt gəldi, tarixi fürsətdən yararlanaraq, qədim məskənlərinə qayıdıb milli dövlətlərini qurdular və Qarabağın ərazisi boyda bir ərazidə dünyanın ən qüdrətli dövlətlərindən birini yaratdılar. Yəhudilər milli dövlət qurmağa ona görə məcbur oldular ki, heç yerdə təhlükəsiz yaşaya bilmirdilər, vaxtaşırı, deportasiyalara, talanlara, qırğınlara məruz qalırdılar.
Ermənilər böyük dövlətlərin hesabına milli dövlət qurublar, amma görürsünüz ki, buna qane olmurlar, bizim torpaqlarımızın hesabına daha böyük dövlət qurmaq istəyirlər. Bizi məhv etməyə çalışırlar, hədəfləri budur, dəridən-qabıqdan çıxırlar, uğurlu-uğursuz gedişlər edirlər, dinc oturmurlar.
Bütün bunları bilə-bilə durub arsız-arsız sülhdən danışmaq, “iki xalqın tarixdə dinc, yanaşı yaşadığı vaxtlar”dan söz etmək çox miskin görünür, həm də zərərlidir. Burada bircə prinsip var: ya düşmənçiliyi sürdürüb özünü müdafiə edəcəksən, ya da yumşalıb, sıyılıb, güzəştə meyllənib məhv olacaqsan.
İndi bunun adını istəyir “vətənşüvənlik” qoysunlar, istəyir “ura-patriotizm”, fərqi yoxdur. Bu, heç vətənpərvərliyə, milliyyətçiliyə aid söhbət də deyil. Bu, sadəcə, özünüqoruma instinktinin diktə etdiyi fikirdir.
***
Rusiya prezidenti Putin ötən il Monqolustanda fəxri qarşılanma zamanı monqolların onun qarşısında necə əmrə müntəzir, necə fağır-fağır durduğunu gördüyü zaman ağlamışdı. Ona görə ki, o, monqolların onun xalqına vaxtilə etdiyi zülmləri xatırlamış, indi isə necə müti durumda olduqlarını, özünün isə qalib olduğunu görüb kövrəlmişdi.
Mütiliyi, təslimçiliyi təbliğ edənlər bunu unutmasınlar.
