Həmvətənimiz Rahim Sadıqbəylinin aprelin 24-də İsveçin paytaxtı Stokholmdakı insident haqqında yazdığı reportajı üzüntü ilə oxudum, çəkib göndərdiyi şəkillərə böyük təəssüf və pərtliklə baxdım.
Öncə onu deyim ki, aprelin 24-də Stokholmda əsl savaş atmosferi olub. Bir tərəfdə ermənilər və onların havadarları, bir tərəfdə Türkiyə, İran, Azərbaycan türkləri.
Arada atlı, itli, dəbilqəli, qalxanlı İsveç polisi və onların çəkdiyi lent, qurduqları canlı barrikada.
Barrikadanın o tərəfində bir neçə min nəfər, bu tərəfində təxminən 40 nəfər.
Hər iki tərəf acıqlı, əsəbi. Çoxluq aqressiv, azlıq müdafiə durumunda.
İsveç polisi aradan çəkilsə, qan düşər, Kərbəla müsibəti təkrarlanar, Stokholm qətliamı yaşanarmış.
Xoşbəxtlikdən, İsveç polisi öz işinə vicdanla, məsuliyyətlə, tərəf tutmadan yanaşıb.
Belə bir hadisə Yunanıstanda, Fransada, Rusiyada yaşansaydı, kim bilir, nələr olardı.
O zaman biz və Türkiyə türkləri kimi qınayacaqdıq? İsveç polisini və erməni qisasçılarını, onlara qoşulmuş nankorları və kəmfürsətləri.
Ancaq burada əsas qınamalı bir ünvan da var: özümüz.
Rahim Sadıqbəyli yazır ki, İsveçdə 100 min Türkiyə türkü, 20-30 min də İran və Azərbaycan türkü yaşayır. Yəni ağzıbir, yekdil olsalar, dar gündə meydana 50 min adam çıxarmaq olar.
Əslində “çıxarmaq olar” artıq söhbətdir, o qədər adam dar günlərdə mütləq meydanlara çıxmalıdırlar, güc, qətiyyət, iradə göstərməlidirlər. Bundan da ağır gün olarmı? Bizə bu qədər zərbə vuran, qırğınlar törədənlər adımızı “qatil” qoyur.
Bizimkilər toparlansalar, hamısının gün-güzəranı yaxşı olar, təhlükəsizliyi təmin olunmuş olar. Əks təqdirdə onları təkləyəcək, məzlum edəcəklər.
Təəssüf ki, vətəndə olduğu kimi, qürbətdə də türklər fərdiyyətçidir. Hər kəs öz təhlükəsizliyini, öz rifahını düşünür. İstisnalar var, əlbəttə. Amma bu, 40-50 nəfərlik müstəsnalıq ümumi qaydanı pozmur.
Bu səbəbdəndir ki, milyonlarla türkün yaşadığı ölkələrdə belə onlar nə icra hakimiyyətində, nə qanunvericilik orqanında təmsil oluna bilmirlır. Ya alverdə ad çıxarırlar, ya da idmanda.
Bu qədər maymaqlıq, öz taleyinə bu qədər laqeydlik, arxayınlıq olmaz. Bunlar yalnız təhlükə qapıya dayananda, deportasiya, linç edilmək qorxusu olanda həyəcanlanırlar, çabalayırlar, onda da gec olur. Onda başqaları onların harayına yetişmir. Çünki müdafiə ehtiyacı hiss edənlər özləri zamanında xeyirə, şərə yaramayıblar. Etdikləri qarşılarına çıxır.
Bu baxımdan həmvətənlərimizin və soydaşlarımızın hansısa ölkədə çox olmaları, çoxalmaları hələ heç nəyi həll etmir. Yekdil olmayandan, tez bir zamanda səfərbər oluna bilməyəndən, xeyirə-şərə yaramayandan son o çoxluq nəyə yarar?
Adam bu sətirləri yazır və 21-ci əsrin bu vədəsində, 2015-ci ildə bu sayaq fikirlərin hələ də aktual olduğuna mat qalır.
Avropada millətlər yox olmuşdu axı, hamı bir-birinə qarışmışdı, milli dövlətlər də tarixin arxivinə gömülmək üzrəydi, artıq sərhədlər simvolik səciyyə daşıyır. Bəs biz niyə birdən-birə bəşəri dəyərləri bir kənara qoyaraq, millət, milli birlik söhbəti edirik?
Çünki buna məcburuq. Bizi bəşəri dəyərlərə önəm verməyə qoymurlar. Biz hər nə qədər millətlər arasında heç bir fərq qoymadan, irqi, milli, dini ayrı-seçkilik etmədən, bütün dünya ilə qaynayıb-qarışmaq xətti götürsək də, düz qulağımızın dibində milli kimliyini daima göz önündə tutan, dini mənsubluğunu dünyanın gözünə soxan, az qala özünü ali, seçilmiş irq sayan bir qövmlə qovğadayıq və onlar pudluq daş kimi ayağımızdan sallanaraq bizi irəli getməyə qoymurlar.
Bizdəki millətçilik deyil, şovinistlik deyil, olsa-olsa özünüqoruma instinktindən doğan hərəkətlərdir. Hələ onu da düz-əməlli becərib ortaya çıxara bilmirik.
Biz ermənilərlə onların öz dilində danışmasaq, uduzacağıq. Bax, bu cür olacaq: bir gün onlara meydana 4 min nəfərlə çıxdığında biz 40 nəfərlə qalıb özümüzü Kərbala çölündəki kimi hiss edəcəyik.
