1-ci Avropa Oyunları ilə bağlı ölkədə, xüsusilə paytaxtda yaranmış ajiotaj gündən-günə şiddətlənir. Oyunların başlanğıc gününə qalan 50 gündə bu qovdu-qaçdının tezliyi daha da artacaq, vəziyyət bir az da gərginləşəcək.
Ötən il bu vaxt futbol mundialına hazırlaşan Braziliyada da beləydi. Orda da tikinti-quruculuq işləri vüsət almışdı, vaxtaşırı xalq və hakimiyyət arasında gərginlik yaşanırdı. Bu mundialın ölkəyə lazım olmadığını deyən, etiraz edən on minlərlə adam vardı.
Gələn il olimpiada və dünya (qitə) çempionatları keçirən başqa ölkələrdə də elə olacaq. Sadəcə, bir fərq var. İndiyə qədər bu kimi beynəlxalq yarışları keçirmiş ölkələrlə belə tədbirləri ilk dəfə keçirməyə hazırlaşan ölkələrin durumu eyni deyil. Birincilərin müvafiq təcrübəsi, infrastrukturu varsa, ikincilər hər şeyi sıfırdan başlamalıdır.
Azərbaycan ikincilərdəndir. 2012-ci ildə Bakıda keçirilən “Eurovision” yarışmasını nəzərə almasaq, ölkə tarixində bu miqyasda yarışmanın keçirilməsi, ölkəyə bu sayda qonaqların gəlməsi halı yoxdur. Ona görə də ölkəmizdə Avropa Oyunları ilə bağlı ifrata çatmış həyəcan, əndişə var.
Hazırda xalq narahatdır ki, yarışların keçirildiyi günlərdə işə gedib-gəlmək, şəhərdə sərbəst hərəkət etmək imkanı məhdudlaşacaq, çətinliklər, problemlər yaranacaq və bunların hamısı ona görə ediləcək ki, ölkəmizdə qonaq olan əcnəbilərin rahatlıqları və təhlükəsizlikləri təmin olunsun.
Elə olacaq. İyun ayı boyunca bizim bir sıra hüquqlarımız məhdudlaşdırılacaq.
Bu miqyaslı yarışlar təkcə “sülh çağırışları” ilə əlamətdar olmur, eyni zamanda düşmənçilik ovqatında olan dairələr üçün də əlverişli təxribat meydanı sayılır.
Tarixdə olimpiada və mundiallardan istifadə edərək qalmaqallı təxribatlar və terror aktları törətmək istəyənlər çox olub. Demək olar ki, hər bir olimpiada və bu miqyaslı çempionatlarda öz məkrli niyyətlərini həyata keçirmək istəyənlər olur. Ancaq onların çoxunun qarşısı gücləndirilmiş rejimdə işləyən hüquq-mühafizə orqanlarının, xüsusilə də beynəlxalq səviyyədə dəstək alan təhlükəsizlik qüvvələrinin fəaliyyəti nəticəsində alınır.
1972-ci ildə keçirilən Münhen olimpiadasında isə təhlükəsizliyin təminatı baxımından boşluq buraxılmışdı. Nəticədə sentyabrın 5-də “Qara sentyabr” adlı Fələstin terror təşkilatının üzvləri Münhen olimpiya şəhərciyinə hücum edərək, yəhudi idmançıları girov götürmüşdülər. Onlar Almaniya və İsrail həbsxanalarında saxlanılan 200-dən artıq fələstinlinin azad olunmasını tələb edirdilər. O zaman Almaniya terrorçuların şərtlərini qəbul etmək istəyib, İsrail isə qətiyyətlə buna etiraz edib. Almanlar terrorçuları zərərsizləşdirmək üçün əməliyyat keçirməli olublar. Terrorçular və onların girovları Tunisə yola salınmaq üçün xüsusi vertolyotla Münhendəki hərbi aerodroma gətirilib. Terrorçular vertolyotdan düşən kimi polislər onları gülləbaran ediblər. Onlar da girovları güllələyib. Nəticədə beş terrorçu, doqquz idmançı və iki məşqçi öldürülüb.
O vaxtdan bəri bütün beynəlxalq miqyaslı idman və musiqi yarışmaları zamanı mütləq iştirakçıların və qonaqların təhlükəsizliyi məsələsi ön planda olur.
Azərbaycan çox həssas geostrateji məkanda yerləşir, üstəlik, olduqca gərgin bir zamanda yaşayır. Ölkəmizdəki bu tədbirdə təxribat törətməyə qadir və hazır olan ən azı dörd qüdrətli qüvvə mövcuddur. Ermənilərin dəfələrlə ölkəmizdə (metrolarda, qatar və avtobuslarda) terror aktları törətdiklərini unutmaq olmaz. “Eurovision - 2012" zamanı təxribata hazırlaşan onlarla potensial terrorçunun zərərsizləşdirilməsi əməliyyatlarını da unutmayaq. Avropanı, Qərbi müsəlmanların düşməni elan etmiş və dünyanı ən qəddar teraktlarla sarsıdan İŞİD-i də nəzərdən qaçırmaq olmaz. Böyük təxribatlar ustası olan şimal qonşumuz da dinc durmaya bilər.
Bu baxımdan iyun ayı gerçəkdən də ölkəmiz üçün gərginlik, ajiotaj, əsəb, həyəcan dolu bir ay olacaq.
Bununla belə, hakimiyyət orqanları Avropa Oyunları ərəfəsində ölkədəki ictimai-siyasi gərginliyin azaldılması, eləcə də müxalif qüvvələrə qarşı tətbiq edilən repressiv tədbirlərin səngidilməsi üçün ciddi tədbirlər görməlidirlər. Əks təqdirdə izlər bir-birinə qarışacaq.
