Bizim İstanbul konsulu sarıdan həmişə bəxtimiz gətiribdir. Lap qədim zamanlarda bilmirəm bu vəzifəni kim daşıyıb, amma İbrahim Nəbioğlu yadımızda çox yaxşı qalmışdır. İbrahim müəllim xalqımızı iki qitənin qovuşacağında çox ləyaqətlə qovuşdururdu, təmsil edirdi, günaşırı bir zənən xeylağı “Konsulunuz məni çimdiklədi” mövzusunda, türkün məsəli, basın açıqlaması verirdi. Yəni o hər bir xaricə çıxan azərbaycanlı erkəyə verilən ümummilli sual ki var (“bir şey, mir şey oldumu”), İbo abi onu tam doğruldurdu, yüksək əzmkarlıq göstərirdi. İndi Elmar müəllimin canı dincdir, İbonun ardıyca gəzib aliment..., üzr istəyirəm, təkzib vermir.
Hazırkı İstanbul baş konsulumuz Həsən Zeynalov isə bundan qabaq Qarsda konsul idi. Ancaq bilmirəm nə sirri-xudadır, mən bu müəllimi ancaq Naxçıvanın Bakı konsulu (daimi nümayəndəliyin şefi) kimi görürəm. Yəni Həsən müəllimin həmin vəzifəni daşımağından bəlkə bir əsr keçmişdir, hətta onu indi aparıb BMT sədri qoysalar da mən ancaq Naxçıvan konsulu kimi görürəm. Bu da mənim səhvimdir, neyləyək? Vurub öldürəsi deyilsiniz. Ölkəmizdə söz azadlığı var, yola verin getsin. Yeri gəlmişkən, belə dəyişməz təsəvvürlərimdən biri poçt qutusu ilə bağlıdır. Hər dəfə poçt idarəsi görəndə elə bilirəm içəridən Novruzəli çıxacaq. Dəhşətli şeydir. Allah kəssin belə həyatı. Mən yaşaya bilmirəm, çox çətindir.
Uzun sözün qısası, bu konsulumuz Həsən müəllim təzəlikcə Türkiyə mediasına intervü verib, deyibdir: “Bir gündə İrəvana girərik”. Açığı, Həsən müəllim Yerevan deyibdir, hesab edirəm bu da türk jurnalistin səhvidir, gərək şəhərin adını düz yazasan. Stepanakert yazan alçaqlar da var hətta indiyəcən! Sabir müəllimin dil qurupu özü qənim olsun belə manqurtlara. Misal üçün, mən bu yaxında işğal edilən Füzuli rayonundan bir fotoya baxdım, orda Köndələn çayının qırağındakı lövhədə çayın adı hələ də kiril əlifbasında qalmışdı. Təsəvvür edirsinizmi? Bizdə latın əlifbasına keçid qanunu 15 ildir verilibdir, lakin mənasız ermənilər lövhəni hələ də kirildə saxlayırlar. Ayıb olsun. Ölün yerə girin. Halbuki bizim pulumuz çoxdur, istəsək “Əhmədli” sözünü yeddi dəfə pozub latın qrafikada yazarıq. Biz bulvarın daşlarını ildə 10 dəfə söküb təzədən döşəyirik, ermənilər isə 22 ildir Ağdamın daşlarını söküb qurtara bilmir. İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir.
Mövzudan çox uzaqlaşmayaq, əlimizdə bu cür vacib iş var: İrəvana giririk. Mən bunu çox alqışlayıram, hətta Həsən müəllimlə birgə İrəvana girməyə hazıram. O orda konsul işləyər, mən də qəzet çıxararam. Siz də yığışın gəlin, əziz oxucular. Qabağı yaya gedir, İrəvan sərin yerdir.
Ancaq bu məsələdə bəzi texniki detalları dəqiqləşdirməyə ehtiyac var. Həsən müəllim İrəvana girməyimizin müddətini 1 gün qoyub, müdafiə naziri Zakir Həsənovun isə açıqlamalarında konkret vaxt göstərilmir. Eyni zamanda YAP-ın əsas simalarından Səyavuş Novruzov İrəvanı 3 günə alacağımızı bildirib. Həvəs olmadı axtarmağa, ola bilsin digər yapist yoldaşlar da başqa müddətlər göstərmişdir. Hesab edirəm ki, (Arif Hacılı demişkən) bu məsələdə dəqiq, konkret müddəti uca millətimizin bilməsi vacibdir. Yola çıxırıq, bəlkə birinin Bakıda toyu var, bir həftəyə qayıdıb eləməlidir? Özümüzlə neçə günlük ərzaq, soyutma toyuq, xiyar-pomidor götürməliyik? İrəvanı aldıq, sonra Basarkeçərə neçə saata keçməliyik? Göyçə gölünü alanda ona hasar çəkmək lazımdırmı?
Dövlətçilik işində, siyasi sabitlik şəraitində belə detallara, məqamlara önəm verilməlidir. Yoxsa baxırsan deputat Bəxtiyar Sadıqov çıxıb deyir ki, sovet dövründə elmi ateizmdən imtahan verirdim, qiymət almaq xatirinə Allahı dandım, imtahandan çıxanda Allahdan üzr istədim, dedim məni bağışla. Bir mənasız sovet universitetində qiymət almaq üçün Allahı danan adam indi bizim deputatımızdır. Halbuki mən fotojurnalist Əjdər bəyi tanıyırdım, SSRİ dövründə elmi ateizm fənninə etiraz edib 2 dəfə ali məktəbdən qovulmuşdu, son illərdə yetimçilik və kasıbçılıq içində öldü.
Əgər ədalət varsa, Əjdər indi o biri tərəfdə minimum konsul olmalıdır.
