Biz uzun illər bu termini Qarabağ münaqişəsinə yaxın qoymadıq. Əslində qoymaq istəmirdik, deyirdik, ziyanı olar. Bəzi siyasətçilər, vətənpərvərlər ara-sıra, hansısa əcnəbi siyasi xadimin haqsız bəyanat və hərəkətindən sonra “xristian təəssübkeşliyi”ndən danışsa da, onların ağzından vuran siyasətçilər, politoloqlar, QHT rəhbərləri tapılırdı. Sonuncuların səsi bərk çıxırdı, arqumentləri güclü görünürdü.
Ölkəmizin ərazisinin 20 faizinin işğal olunmasına, Xocalı soyqırımına Avropa dövlətlərinin, xristianlığa tapınan ölkələrin, toplumların biganə münasibətinə dinməz-söyləməz tamaşa edir, bu cür münasibəti “Azərbaycan həqiqətləri”ni dünyaya çıxara bilməməyimizlə, böyük dövlətlərin arasından geosiyasi münasibətlərlə, çağdaş siyasi konyuktura ilə izah edirdik.
Düşüncəmiz beləydi: “Yox, burada xristian təəssübkeşliyi amili yoxdur, nəsə başqa şeydir, biz dərdimizi dünyaya anlada bilmirik”.
Amma fakt ortadaydı. Dünyanın cikini-bikini bilən, maraq dairələrində olan ölkənin tarixinə, hər cür potensialına, inzibati-coğrafi-administrativ özəlliklərinə bələd olan qüdrətli dairələrin Qarabağ münaqişəsi xüsusunda kimin aqressor, kimin hərbi təcavüz qurbanı olduğunu bilməməsi absurd söhbət idi.
Hamı hər şeyi incəliyinə qədər bilirdi və bilir. İlk daşı kimin atdığını da, ilk qurbanları kimin verdiyini də, hərbi cinayətləri kimlərin törətdiyini də əladan əla bilirlər. Bilirlər, amma susurlar. Ən yaxşı halda aqressorla işğala məruz qalan tərəfin arasına bərabərlik işarəsi qoyurlar.
Rusiya rəhbərliyi SSRİ-nin dağılmasına səbəb olan ilk kütləvi aksiyaların Stepanakertdə təşkil olunduğunu, Moskvadan translyasiya olunan “Zaman” xəbərlər bülleteninin yayımının ilk dəfə İrəvanda dayandırılmasını, SSRİ-dən ayrılmaq şüarının ilk dəfə Ermənistanda səslənməsini, sovet-kommunist dövlətinin simvollarından biri olan “Pravda” qəzetinin ilk dəfə Ermənistanda torpağa gömülməsini, partbiletlərdən ilk dəfə Ermənistanda imtina edilməsini, başqa sözlə, qırmızı imperiyanın dağılmasına məhz ermənilərin səbəb olduğunu çox gözəl bilirlər. Amma indinin özündə də SSRİ nostaljisi yaşaya-yaşaya, nəhəng rus imperiyasını bərpa etmək arzusu ilə alışıb yana-yana hələ də erməniləri doğma, öz resurslarını yüz illərlə Moskvaya peşkəş edən azərbaycanlıları isə ögey sayırlar.
Niyə? Sırf dini təəssübkeşliyə görə.
ATƏT-in Minsk Qrupunun üzvləri olan ABŞ və Fransanın siyasi dairələri də bölgədəki konfliktə dair bütün həqiqətləri bilirlər və yenə də dolayısı ilə ermənilərin tərəfini tuturlar. Çünki onlar din qardaşıdır. Arada Azərbaycan hərbi ritorikanı gücləndirəndə Fransadan, Rusiyadan, ABŞ-dan, hətta İngiltərə və Almaniyadan gələn təpkilərə fikir verin. Hamısı öncədən sözləşmiş kimi bəyanat verirlər: “Münaqişənin hərbi yolla həlli mümkün deyil. Tərəfləri zorakılıqdan imtina etməyə, güzəştlərə çağırırıq”. Azərbaycanın axırıncı edə biləcəyi güzəşt isə artıq “DQR”-in müstəqil dövlət kimi tanınmasıdır. Onlar bunu istəyir və gözləyirlər.
Azərbaycan ordusu irəliləyib bir postu tutanda avropalı siyasilər və diplomatlar həşir salırlar, amma sabah ermənilər hücum edib bir rayonumuzu da işğal etsələr reaksiya bu cür olmayacaq, yenə tərəflər danışıqlara çağırılacaqlar.
Bu baxımdan Roma papasının 1915-ci il hadisələrindən bəhs edərkən “soyqırım” ifadəsi işlətməsi nə təsadüf deyil, nə də buna təəccüblənməyə lüzum yoxdur. Belə olmalıydı, gözlənilirdi.
Tarixi həqiqəti isə, heç kəs bilməsə də, biz bilirik. 1905-ci ildən başlayaraq ta 1918-ci ilə qədər öz ölkəmizdə, Bakıda gəlmə ermənilərin törətdiyi qətliamlara məruz qalmış xalq olaraq bunu indiyədək heç bir ölkədə tanıda bilməmişik. Son illər bu yöndə xeyli çalışmalar var, zəhmət, xərc çəkilir, amma heç kəsin qulağına deyil və olmayacaq. Avropada sadə insanlar tarixi həqiqətin necə olduğunu anlasalar da, idarə edən dairələr üçün fərqi yoxdur, onlar mütləq xaçpərəst ermənilərin tərəfindədir.
Belə bir dünyada yaşayırıq. Bir tərəfdə müsəlman dövlətləri gündən-günə şiddətlənən bir məzhəb savaşı aparır, bölündükcə bölünürlər, digər tərəfdə xristian dünyası bütünləşdikcə bütünləşir. Getdikcə bəşəri dəyərlər arxa plana keçir, dini təəssübkeşlik faktoru önəmli səciyyə alır.
Sabah (yəni aprelin 24-də) ABŞ prezidenti Obama da son illərdə dediyi “Meds yagern” (“Böyük fəlakət”) əvəzinə “genosid” deyə bilər. Desə, gərək təəccüblənməyək.
