Medianews.az
Bütün qohumların şeyxi
285 baxış

Bütün qohumların şeyxi

zamin yeni raz
Bakıda polis rəislərindən birinin oğlu cinayət törədibdir, atası isə bunu tutub içəri basıbdır. Əslində bu, oğulbalanın (nostalji oldum lap) ilk pis əməli deyildi, qabaqlar da uşağın ipini yığa bilmirdilər, görürdün küçədə zənən xeylaqlarını basıb döyübdür, ya nəsə əlləm-qəlləm eləyibdir. Ancaq görünür, rəis daha boğaza yığılıbdır, görüb poqon əldən gedir, uşağı girov qoymuşdur.
Hazırda rəisin hərəkətini tərənnüm edən dastanlar yazılır. Hətta ola bilər rəisi deputat seçək. Muğam festivalında münsiflərin üzvü olsun. Elgizin verilişində ailə məsələləri üzrə ekspert qoyulsun. Misal üçün, deputat Çingiz Qənizadə müəllim bu haqda yazdığı poemada rəisin hərəkətini “qanunun aliliyinə hörmət” adlandırmışdır. Deyir başqa vəzifəli şəxslər də uşaqları qanunu pozanda özləri tutub zindana salsınlar.
“Hərə öz uşağına yiyə dursun” siyasəti alqışlanmalıdır, ancaq dövlətçiliyimizə ziddir. Çingiz müəllimin bu adi olayı şişirtməsindən belə çıxır ki, indiyə qədər rəis və məmur uşaqları kef çəkirmiş. Burda örnək olacaq heç zad yoxdur. Bəlkə Anar müəllim də bu hadisədən təsirlənib “Rəisin oğlunun 5-ci cinayətinin altıncı mərtəbəsi” romanı yazsın? Lazım deyil. Dövlətçiliyin görməmişi olmayaq. “Görməmiş Avropa Oyunları keçirdi, dartdı stadionun tribunasını qopartdı” - bu haqda ata sözü də vardır. Əslində bu sabahkı yazımın anonsudur, niyə bura girdi, heç özüm də bilmədim. Həmişəki kimi, məni yola verin.
Ancaq bu son hadisədə xalqın diqqətini cəlb edən başqa önəmli detal var idi, bu da xuliqan balanın polkovnik balası olmaqla yanaşı şeyxülislamın bacısı oğlu olmasıydı. Qısa desək, Allahşükür müəllim bu rəis oğlunun dost-doğmaca dayısıdır.
Əlbəttə, dayı bacıoğluya cavabdeh deyildir, amma yaxşı olardı uşağın tutulub polisə verilməsində rəis atası ilə yanaşı molla dayısı da iştirak edəydi. Bunu zarafat üçün yazdım, şeyximiz bəyəm adam tutandır? Uzağı uşağa ağıl duası yaza bilər. Ancaq bir az da pis çıxır, çünki sabah şeytan xalqın ürəyinə girər, deyər ki, ayə, nə təhər olur, bu adam öz bacısı oğlunu haqqın yoluna döndərə bilmirsə, bizi hara aparacaqdır? Yəni hüquqi baxımdan olmasa da, mənəvi baxımdan şeyxin bu işdə məsuliyyəti vardır.
Ümumiyyətlə, mənfi, neqativ haldır ki, bizim uca şeyximizin ismi-şərifi həmişə elə bu cür pis şeylərdə hallanır, özü də bunları eləyənlər adətən onun çoxsaylı qohum-əqrəbası olur. Halbuki, bütün dünyada şeyx, din xadimi, keşiş, dalay-lama, nə bilim, canım sənə desin, Roma papası kimi bu cür adları daşıyanlar adətən maraqlı söhbətləri, kitabları-filanı ilə yadda qalır, gündəmə gəlirlər. Misal üçün, sən heç indiyəcən “Vaşinqton Post” qəzetində belə yazı oxumusan ki, papa 15-ci Benediktin qardaşı oğlu Luici içib keflənib, Vatikanda arvadları döyübdür? Oxumamısan. (Bəlkə də sən heç ingiliscə bilmirsən). O cümlədən Dalay Lama-nın qudası Hindistan parlamentində deputat olub Tibetdə torpaq alveri eləmir. Tibetdə “Sonalar sonasının anası” şadlıq sarayı olmadığından yazıq heç evlənməyibdir, qudası yoxdur.
Qısası, Allahşükür müəllimin din haqda hansısa bir maraqlı, aforizm sayılacaq fikrini tapan, kitabını oxuyan adama “1-ci dərəcəli Ehsana xidmət” ordeni mükafat veriləcəkdir. 35 il şeyx işləyəsən, kitab cəhənnəm, ortada bir dənə maraqlı cümlən də olmaya - bunun adı nədir? Prinsipcə, mən şeyxin cümləsini istəmirəm, haqqın yolunu o elə düz tapıbdır, çünki dindən kitab yazmağın bir mənası da yoxdur, bu, bir kitabdan başqa kitab tanımayan təlimdir. Sadəcə, mövqeyimi yazdım. Üstəlik, ola bilər şeyx Sokrat kimi adamdır, Sokratın da kitabı yox idi. Taleləri oxşamasın, İlahi, amin!
Sonda bir məzəli faktı da yazım, oxuyun: Allahşükür müəllimdən qabaqkı şeyxülislamımız Mirqəzənfər İbrahimov molla olana qədər rəsmi şəkildə... Sovet milisində (indiki polisdə) işləyirmiş.

Bizə qoşulun