Hökumət uca millətimizə növbəti əmr və tapşırıqlarını çatdırmışdır: qabaqdan gələn Avropa Oyunları (AO) münasibətiylə küçəyə çıxmaq qadağan ediləcəkdir. Apteklərə, dükanlara mal aparan maşınlar ancaq gecə hərəkət edəcəkdir. Evi təmir edib drelin səsiylə Drezdendən qonaqlarımızı, xoruldayıb Xorvatiyadan gələn idmançıları narahat etmək isə xüsusi ağır cinayət sayılacaqdır. Toy eləmək, ər-arvadın qucaqlaşıb yatması, uşaqları döymək, qaynatanı və yeznəni baltalamaq, Elgizin və Zaurun verilişləri, həccə getmək, tində təsbeh fırlatmaq, Topazda şot vermək və sairə də qadağandır.
Fərman bu yazını oxuduğunuz andan qüvvəyə minir. Zarafat edirəm, qorxmayın, hələlik sərbəst xoruldaya bilərsiniz. Hətta hamamda fınxırmaq da olar. Qanun ancaq AO günlərində, 1 ay qüvvədə olacaqdır. Hərçənd, eşitdiyimə görə bundan da sonra İslam Ölkələri Həmrəylik İdman Turnirini qayırmağa başlayırıq. Yaxşı olar AO münasibətiylə tətbiq edilən qanunlar müsəlman idmançıların gəlişi günlərində də qüvvədə olsun.
Ümumən, çox yaxşı qaydalardır. Misal üçün, Bakı kəndlərinin sakinləri “Koroğlu” metrosunun yanında avtobusa minirdilər, nəticədə üstü-başı çirkli fəhlə-kəndli insanlar şəhərimizin qonaqlarında mənfi təəssürat yaradırdı. Təəssüf ki, bu insanların üstünə hasar çəkmək, alukobonid örtmək hələlik mümkün deyil. Bu üzdən, qara camaatı “Qara Qarayev” metrosu tərəfdəki avtobus dayanacaqlarına qovdular.
Bir çox idarə və müəssisələrdə iş vaxtı AO-ya görə dəyişdirilmişdir. Müdirlərə tövsiyə edilir ki, mümkündürsə həmin günlərdə iş yerlərini tamam bağlasınlar. Ancaq bizim camaata tövsiyənin xeyri yoxdur. Başa salırsan, başa düşmür, gərək döyəsən. Bu baxımdan, məndə dəqiq məlumat var ki, oyunlar keçirilən günlərdə şəhərin giriş qapılarında snayperlər qoyulacaq, minalar basdırılacaq, bəlkə cəbhə xəttindən asudə qalmış bir-iki tank batalyonu da prosesə cəlb edilsin. Artıq adamları vurmaq üçün. Dəqiq limit qoyulacaq, misal üçün, Nəqliyyatın İntellektual İdarəetməsi və Ziya Müəllimin Kompüter Kəlləsi İdarəsinin mütəxəssisləri yaponiyalı, koreyalı həmkarları ilə birlikdə alqoritmlər yaradıblar, bu alqoritmlər hansı idman turniri olan küçəyə neçə nəfər azərbaycanlı yetimi buraxmaq mümkündür - bunun riyazi modellərini qayırır. “20 yanvar” tərəfə ancaq 100 adam keçməlidirsə, qalanlarını Biləcəri aşırımında snayperlə dənləyəcəklər. Yaxud, Bayıldan 50 adamlıq icazə varsa, qalanları girişdə OZM minalarına salınacaqdır. Tankın qabağına qatıb qovmaq da olar. Onsuz bu azərbaycanlılar çox ağ eləyiblər, Bakını hərdən yuxularında öz şəhərləri sayırlar.
Amma gözlənilməz hallara da hazırlaşmalıyıq. Bulvar istiqamətini gərək unutmayaq. Avropa Oyunları üçün əsas təhlükə mənbələrindən biri üzməyi bacaran azərbaycanlılar ola bilər. Onlar dənizdən üzüb şəhərə çıxarlar, idmançıların əl-ayağına dolaşarlar. Hətta bəziləri Rusiyadan gələn fiqurlu konkisürən cütlüyə yaxınlaşıb: “Sən o yanındakı qəşəng qızın canı, bir nəzir ver!” deyəcək qədər həyasızlığa, siyasi səbatsızlığa, qara qüvvəçiliyə, xarici dəyirmançılığa yol verər! Bizə bu yaraşarmı? Siz istəyərsinizmi ki, 1-ci Avropa Oyunlarının üzərinə hansısa ləkə, cüzi bir xal düşsün, mikroskopik tozcuq qonsun? İstəməzsiniz, heç mən də istəmərəm. İstəyənin gözü çıxsın. Avropa Oyunlarına bizim canımız qurbandır. Avropa Oyunları bizim anamızdır, ana südümüzdür, vətənimizin gülü, yurdumuzun çiçəyidir. Şair bu münasibətlə yazmışdır: “Hansı səmtə, hansı yana, Hey uçsam da yuvam sənsən, Avropa Oyunları!”. “Evrovizqon” bizim atamız idi, Avropa Oyunları da anamızdır. Hər birinin qəlbimizdə öz yeri var. Valideynin üzünə ağ olan uşaq böyüməz, böyürər.
Düzdür, bu yaxında Avropa qəzetləri yazdılar ki, əslində bizdəki saxtadır, əsl Avropa Oyunları bir neçə il sonra olacaqdır. Bakıya heç bir komanda öz gerçək heyətini göndərməyəcəkmiş, üçüncü-dördüncü əvəzedici uşaqlar gələcəkmiş. Olsun. Bizə çalınan mahnının musiqisi, sözləri, hətta kimin toyu olması maraqlı deyil. Əsas odur hava sümüyümüzə düşsün, yeyib-içib oynayaq. Milli mentalitet abidəmiz olan “Bəyin oğurlanması” filmində Hidayət müəllim deyən kimi: “Nə fərqi var səs hardan gəlir, oynamaq lazımdır!”
11.04.2015, 07:19
242 baxış
Zamin Hacı
Bir daha oyunlar haqda