Avropa Oyunları münasibətilə Atıcılıq Mərkəzi qayırılmışdır, o mərkəzin ətrafında hasar çəkib gizlətmək mümkün olmayan yetimlərin evləri isə buldozerlə uçurulmuşdur. “Yeni Müsavat”ın reportyoru Emil Salamoğlu təzəlikcə o ərazidən maraqlı çəkilişlər eləmişdi, mən saytda baxdım, zəhmətkeşlərimizin siyasi baxımdan nə qədər savadsız olmasını görüb dəhşətə gəldim.
Təsəvvür eləyin, bu adamlar evlərinin uçurulmasına etiraz edirlər! Halbuki Avropa Oyunlarına gələcək qonaqlarımız üçün ev tikib verməli idilər. Eyni zamanda Atıcılıq Mərkəzinin tikintisi zamanı ətrafdakı sakinləri düzgün nişan alıb vurubsa, buna görə hökumətə minnətdar olmalıyıq. Məşqdə nə qədər ev yıxılsa, turnir zamanı o qədər az stadion çökər - bunu vaxtilə Suvorov Zakir müəllimdən plagiat edibdir.
Ümumiyyətlə, dünyada təsir əks-təsirə bərabərdir. Sən seçkilər zamanı məntəqəyə getməyə ərinirsənsə, həmin gün saxta təyin edilən adamlar da sabah gəlib sənin evini buldozerlə qayırır. AzTV həmişə Almaniyanın dağılması haqda reportajlar verirdi, son günlər telekanalizasiyanın özündə çoxlu ixtisarlar aparılması xəbəri gəlir. Mən almanların yerinə olsam indi “AzTV dağılır!” reportajı qayıraram. Hərçənd, almanlar tarixən zarafat qanan olmayıbdır. Çox ciddi camaatdır, bəzən bu ciddilik başqa xalqlar üçün təhlükəli həddə çatmışdır.
AzTV-nin dağılmasında başqa ağır işlərə girişməsinin də təsiri var. Misal üçün, orda bir İbrahim Məmmədov adlı diktor var, həmişə yapistlərə qulluq edən söhbətlərində Yaponiyadan da danışardı. Onun “Uzağa getməyək, götürək elə Yaponiyanı” söhbəti el arasında lətifə kimi dolaşır. Böyük ehtimalla AzTV Yaponiyani götürərkən “qrıja” olmuşdur. Düzü, çoxdan baxmıram, bəlkə də indi diktor ayrı dövlətlərin altına girir.
Avropa Oyunlarına hazırlıq tədbirləri zamanı Mətbuat Şurasının əbədi, daimi, dönməz müdiri Əflatun Amaşov yoldaş da bəzi tarixi sözlər deyibdir, gəlin onları birgə oxuyaq: “Azərbaycanın idman jurnalistləri I Avropa Olimpiya Oyunlarında 20 idman növünün hamısından yaza biləcək qədər ixtisaslı deyillər. Jurnalistlərimiz ancaq öz ölkəmizdə olan idman növlərindən yaza bilirlər. Ona görə də, biz bəzi təşkilatlardan kömək istəməliyik”.
Bah-bah... Jurnalistləri tutub dama salıblar, bu şəraitdə mətbuat idarəsinin şefinin dərdi gör nədir. Əgər reinkarnasiya doğrudan da varsa tam əsasla deyə bilərik ki, Həsən bəy Zərdabinin ruhu hal-hazırda Əflatun müəllimin cismində çırpınmaqdadır, xalq yolunda fəda olmaqdadır.
Eyni zamanda, adam fikirləşir ki, görəsən AO-da (qabaqlar bu qısaltma Azərbaycan Ordusunu bildirirdi, indən belə Avropa Oyunları deməkdir, ordu zəhmət çəksin özünə təzə abbreviatura tapsın) ölkəmizdə olmayan hansı idman növləri üzrə yarış olacaqdır? Məsələn, fil yarışları, meymun oynatmaq, yağlı güləş, qara kürüdə sürüşmə, mətbuatın anasını ağlatma və sairə idman növləri olsa bunlardan yazmağımız çətinləşərdi. Mən siyahıya baxdım, elə bir çətin növ-zad yoxdur, hamısı arvad voleybolu, güləşmək, şillə-təpik atmaq, qaçqınçılıq və sairə kimi asan bildiyimiz oyunlardır. Bunlardan yazmaq çətin olmaz. Yalnız sinxron üzgüçülükdən yazan adam çətin olsun. Suyun içində qəşəng qızlar təpəsi üstdə dayanıb ayaqlarını oynadan idmanı deyirəm. Ona baxıb şərh eləmək insafən çox çətindir. Məncə bu sahə üzrə ixtisaslı jurnalist kadrlar hazırlamaq lazımdır. Mətbuat Şurası sinxron üzgüçülük jurnalistikası üzrə təlim kursları açsa mən özüm də dərs almağa hazıram.
Belə baxanda ən yaxşısı budur: zənənlər suda oynaşırlar, sən də baxıb yazırsan. Yoxsa kimsə türmədə doğdu, əlli minlik “Prado” sürən polis serjantı qomu on qəpiyə göy satan arvadı təpiklədi, ay nə bilim, evi uçurdular... Bu da iş-peşədir? Belə jurnalistikanı Allah kəssin.
Elə o atıcılıqda vurulan yetimlərdən yazan jurnalist yoldaşı da Əflatun müəllimin adından sinxron jurnalistika kurslarına dəvət edirəm. Gəl, qardaş, sən də bir gün gör...
10.04.2015, 07:00
243 baxış
Zamin Hacı
Sinxron üzgüçülüyü mən yaza bilərəm