Britaniyada baş nazir fermaya gedib quzunu öpüb deyə camaat ona lağ eləyir. Bu adam bir az qabaq da əlində bazar torbası küçədə görünmüşdü. Guya çox sadə adamdır. Uca millətimizi belə fırıldaqlarla aldadıb haqq yolundan azdırmaq olmaz. Quzuya süd veribdir? Bah, böyük iş olub. Dünyada elə dövlətlər var ki, orda quzunun özünü baş nazir qoyurlar, özü də 20 il müddətinə. Heç quzuya əziyyət də verilmir, yalnız ildə 2 dəfə deputatxanaya gəlib “Məə, müü” eləyib çıxıb gedir.
Ümumiyyətlə, ən yaxşısı kral hakimiyyətidir. Düşük-müşük seçki oyunbazlığına ehtiyac da qalmır. Doğrudur, Britaniyada bizdəki kimi kral hakimiyyəti vardır, ancaq təəssüflər olsun, çox formal hakimiyyətdir. Ən yaxşı yolu, necə deyərlər, haqq yolunu ərəblər tutublar (Ayrı cür ola da bilməz, çünki haqq dini oralarda yaranmışdır). Misal üçün, bir nəfər Əbdül Məktum ibn Salman əbu Əbdüləziz əs-Məmalik ibn Cümbüş ibn Dünbüş adlı bir nəfəri kral qoyurlar. Sonra bunun oğlu kral olur. Əgər qardaşlar çox olsa girəvələyib bir-birinin başını kəsirlər, ya mütərəqqi üsulla yeməyinə zəhər qatırlar. Vəssalam, bununla da təbii seçmə yolu ilə krallıq hakimiyyəti davam edir. Yoxsa seçkinin taleyini niyə Məzahir ibn Tat Pənah tipli yad adamlara tapşırasan? Təbiətə uyğun yaşamaq, sağlam qidalar yemək, GMO-dan uzaq olmaq lazımdır.
Sevindirici haldır ki, son dövrlər ölkəmizin ərəb dövlətləri ilə əlaqələri sürətlə inkişaf edir. Gah onların şeyxləri bura ova gəlirlər, gah bizim rəhbərlər ora ziyarətə gedir. Görüş görüş üstünə qalaqlanıb. Bəlkə Babək Xürrəmdinin zamanından bəri Azərbaycan-Ərəbistan əlaqələri bu yoğunluqda olmamışdı.
Bunun geopolitik səbəbləri var. Biz Avropaya, Amerikaya üzümüzü tutsaq nə xeyrimiz olacaq? Hamısı murdar donuz əti yeyən kafirlərdir. Uca şeyximiz “Mercedes”ini Zəm-zəm suyu ilə pak etməmiş içinə minməz. O cümlədən Rusiya, İran, Nikaraqua, Burundi və Tobaqo ilə dostluq, qardaşlıq əlaqələrimizdən bir şey çıxmadı. Yaxşısı ərəblərdir. “Min bir gecə” nağıllarındakı kimi yaşayırlar - ye, iç, kef elə. Əylənmək lazımdır. Fani dünyadır. Hərçənd, ərəbin də yaxşısını götürüb pisini atmalıyıq, çünki oralarda da bəzi gödək şalvarlı, uzun saqqallı mənhus tiplər dolaşır.
Əsas odur ərəblərin pulu zibil kimidir, istəsək bizə süpürməyə icazə verərlər. Deyilənə görə yapist yoldaşların özündə neft pulu qurtarmaq üzrədir. Heyf. Yaxşı hasarlar çəkirdik, hamısı yarımçıq qaldı. Misal üçün, şayiə gəzir ki, Bakının “Sovetski” adlanan məhəlləsini söküb ərəblərə kreditə verəcəklər, onlar da bu yerdə binalar qayıracaqlar. Məncə, təzə məhəlləni “Ərəbski” adlandırmaq dövlətçiliyimizə uyğun olar.
Neftdən söz düşmüşkən, Hesablama Palatasının bir namərd hərəkətini yazmasam olmaz.
Bizim neftdən xeyir görmədiyimiz aydın məsələdir, hətta Dövlət Neft Şirkəti də büdcədən pul alır. O cümlədən, Rövnəq əkəyə ara-bərədə verilən medalın dəmirinə heyflər olsun... Ancaq Azərbaycan Dövlət Neft Akademiyasının ayıbı heç yerə yazılası deyil. Sən demə, orda da oğurlayırmışlar. Hesablama Palatası yoxlama aparıb, ADNA-da çoxlu yeyinti, korrupsiya-zad üzə çıxardıbdır. Ta nə oldu? Adında “neft” olan hər yerimiz mütləq qara olmalıdır? Adam xəcalət çəkir, hətta istəyirsən gedib bir neft durbası tapıb üzünə mazut yaxasan, qızarmağın görünməsin. Ancaq siyasi baxımdan bu, düzgün hərəkət deyil, o üzdən dayanırsan.
Bəs Hesablama Palatasının (HP) namərdliyi nədədir? Yazım, bilin: ADNA rektoru Səyavuş Qarayev bu ilin yanvarında ölüb. Yeyintiləri onun sağlığında niyə üzə çıxartmadınız? Haçana qədər ölənin dalıyca danışacaqsınız? Ayıb deyilmi? Bəs bizim milli mentalitetimiz? Bəs mənəvi dəyərlərimiz? Bəs muğam festivalı? Bəs idmana dövlət qayğısı? Bəs dolma, fətir? Hələ Sarı Gəlin mahnısını demirəm.
Belə çıxır ki, HP marığa yatıb o biri rektorların da ölməyini gözləyir. Mən o biri rektorların yerinə olsam acığa ölmərəm.
