Medianews.az
Rüşvətxorların dayağı hakimlər
444 baxış

Rüşvətxorların dayağı hakimlər

samir sari kose 1
Gələn həftə Ukraynada maraqlı bir qanun qəbul ediləcək. Qanunun mahiyyəti bundan ibarətdir ki, hakimlərin korrupsiya və digər ağır cinayətlərdə ittiham olunan şəxsləri girov müqabilində azadlığa buraxmaq hüququ məhdudlaşdırılsın.
Məlum olduğu kimi, prezident Petro Poroşenko korrupsiyaya qarşı müharibə elan edib və indiyədək xalqın cibini, dövlətin büdcəsini talayan yüksək mənsəbli məmurları bir-bir, iki-bir salırlar içəri. Martın 25-də hətta fövqəladə hallar nazirini və onun müavinini iclasın ortasındaca qandallayıb aparıblar.
Bu qanunun qəbulu ona görə vacib olub ki, özləri də korrupsiya mexanizminin bir vinti olan hakimlər korrupsiyada ittiham olunanlardan azadlığa buraxılmaları üçün rüşvət və girov məbləği alıb buraxırlar.
Poroşenko belə bir qanunu parlamentdə qəbul etdirəndən sonra, güman olunur ki, korrupsionerlərin mühakimədən yaxa qurtarması mümkün olmayacaq.
Əlbəttə, əsas prezidentin iradəsidir, o, göstəriş verəndən sonra hakim, prokuror müqavimət göstərə bilməz.
Deyilənə görə, Ukraynadakı məmur tutqusuna Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili ideoloqluq edir. Adamın korrupsiyaya qarşı mübarizədə böyük təcrübəsi var. Vaxtında o, öz ölkəsində çox korrupsionerləri tutdurub, çox rüşvətxorları işdən çıxardıb. Saakaşvilinin əsas üstünlüyü o idi ki, rüşvətxor məmurları işdən bir-bir çıxartmırdı, hansısa komitəni, xidməti birdəfəlik ləğv edir, yenidən formalaşdırırdı və köhnə heyətdən heç kimi təzədən işə götürmürdü.
Onun nəticəsində Gürcüstan tamamilə dəyişmişdi, gülüstana çevrilmişdi. O vaxt qonşu dövlətə gedib-gələnlər eyzən ordakı düzlükdən, dürüstlükdən, inkişafdan danışır, yazırdılar. Sonra gürcülər Saakaşvilini bəyənmədilər, dedilər, biz daha yaxşısına layiqik, Mişa bizi yaxşı dolandırmır. Onun da vaxtı bitmişdi, konstitusiyanı dəyişdirə, üçüncü,dördüncü dəfə prezident seçilə bilərdi, amma istəmədi və getdi. Gürcüstan da yavaş-yavaş qayıtdı Saakaşvilidən qabaqkı vəziyyətinə.
Baxın, indi niyə Gürcüstanı tərifləyən yoxdur? Ona görə ki, tərifli bir şeyləri qalmayıb. Korrupsionerlər də türmədən çıxıblar, pullarını verib vəzifələrə daraşıblar.
Poroşenko isə Saakaşvilinin təcrübəsindən yararlanaraq öz ölkəsini gülüstana çevirmək istəyir. Saakaşvili ona deyib ki, korrupsionerlər iş başında qaldıqca, ölkə inkişaf edə, çiçəklənə, qüdrətlənə bilməz.
Amma budur, yaramaz hakimlər yaxalanan korrupsionerləri duru suya çəkirlər, azadlığa buraxırlar, onlar da əllərindəki resurslardan istifadə edərək məsuliyyətdən yayınmağa çalışırlar.
Adamın yadına, YAP-çılar demişkən, 92-93-cü illər düşür. “Camaatın evdən çölə çıxa bilmədiyi”, “jımıx yediyi”  o illərdə Elçibəy hakimiyyəti korrupsioner məmurları tutub-eləmirdi, eləcə, işdən çıxarmaq istəyirdi, amma hakimlər mane olurdu, pullarını alır, onların xeyrinə məhkəmə qərarları çıxarırdılar.
Bu, çox yayğın hal idi, hətta dəb olmuşdu. Türmədə oturub vəkilləri ilə məsləhətləşməli, ömürlük həbs cəzasının heç olmasa 15 ilə endirilməsini xahiş etməli olan məmurlar yeni hakimiyyətin gənc və təcrübəsiz məmurlarının başını yarırdılar, deyirdilər, nə olsun, siyasi hakimiyyət dəyişib, bu vəzifə bizimdir, özümüz işləyəcəyik. Möhürü təhvil vermirdilər, kabinetdən çıxmırdılar, yerlərinə təyin olunan şəxsləri basıb döyürdülər. İş polisə, prokurorluğa düşürdü, onlar da deyirdilər, öz aranzda həll edin, bizi qarışdırmayın. Axırda işə məhkəmə baxırdı və qərar çıxarırdı ki, adamı durduğu yerdə işdən çıxartmaq olmaz.
O dönəmin cəbhəçiləri, müsavatçıları bu işdən çox narazıydılar, öz böyüklərinə şikayət edirdilər. Ordan da belə bir cavab gəlirdi: “Milli təsanüd nəzəriyyəsinə görə biz cəmiyyətin bütün təbəqələri ilə çulğaşmalıyıq, əl-ələ verib işləməliyik”.
Bəzən deyirlər ha, “AXC-Müsavat hakimiyyəti”, o havayı söhbətdir, tarixdə elə bir hakimiyyət olmayıb. Sadəcə, AXC və Müsavatdan dövlət vəzifələrində müvəqqəti çalışan adamlar olub. Onlar da ümumi məmurların 4-5 faizini təşkil edirdilər. Yerdən qalan məmurların hamısı köhnə partburjuaziya oliqarxiyasının nümayəndələri idi və çox çəkmədi ki, canlarını korrupsiyaya bulaşmaq istəməyən kadrlardan qurtardılar.
Hakimiyyət dəyişdi və milli tənasüd nəzəriyyəsini yada salan olmadı.
İndi əgər Poroşenko korrupsionerlərin yetərsaylıq hissəsini zərərsizləşdirməsə, nə öz hakimiyyətinin, nə də Ukraynanın gələcəyi olacaq.
 

Bizə qoşulun