O gün bir toyda olduq, hər şey o tərəfə, ofisiant bizi, əsasən də məni cana-boğaza yığdı, rəsmən toyu, yemək-içməyi haram elədi. Ömrümdə bu qədər həyasız və yalaka tip görməmişdim. Dəbdə olan ifadə ilə desək, başqa şey idi.
Təngəgətirmə prosesi elə “bismillah” eləyib masa arxasında stula oturanda başladı. Kənardan baxanda gömrükçüyə, vergi işçisinə, ən azı şöbə müdirinə oxşayan 33-35 yaşlı ofisiant cəld əyilib stulumu geri çəkdi, “buyurun, məllim, lütfən, əyləşin” dedi. Sanki mən toya ayaq üstə durmağa gəlmişdim və öz stulumu çəkib otura bilməyəcəkdim.
“Zəhmət çəkməyin” deyə mızıldandım, ona işarə verdim ki, xırda lütfkarlığa ehtiyac yoxdur. Adam anlamadı, əyilib qulağıma dedi: “Məllim, sizə özüm qulluq edəcəm, nə lazımsa təşkil edəcəm”. Sanki bu atasının ərzaq anbarından mənə xüsusi təamlar gətirəcəkdi.
Canfəşanlıqla su süzdü və süzməzdən əvvəl suyun qazlı və ya qazsız olmasını dəqiqləşdirdi. Önümdəki salfetləri düzəltdi, nəyə görəsə təmiz boşqabları dəyişdirdi, köməkçisinə tapşırdı ki, get məllimə ayrıca boşqabda, altına salfet kağızı qoyaraq qara çörək gətir. Lavaşla aram olub-olmadığını soruşdu, mən mıqq eləməmiş daha bir nəfəri lavaş dalınca göndərdi. Arada o biri qonaqlarla maraqlansa da, tez fırlanıb gəlirdi, əlimi bir şeyə uzatmağa imkan vermirdi, dərhal özü edirdi. Üzümdəki ifadəni gördüyündən çox risk eləmirdi, yoxsa çəngəl-bıçağımı götürüb məni özü yedizdirəcəkdi.
İstəyirdim yanımdakı dostlarla bir az söhbət eləyim, ofisiantın əlindən imkan yox idi. Masada nə qədər təam varsa, bircə-bircə götürüb təklif edirdi və deyirdi: “Məllim ürəyin nə istəyirsə, de”.
Adamı başa salmaq istəyirdim ki, mən toylarda uzağı bir dönərlik yemək yeyən adamam, canfəşanlıq eləməsin, başımın üstündə, əmrə müntəzir dayanmasın. Bəlkə bu cür davranış kimlərəsə xoş gələ bilər, özlərini yarım saatlıq sultan, padşah hesab edə bilərlər, amma mən, eləcə də, digər dostlar istəyirik ki, ofisiant yeməkləri masaya qoyub uzaqlaşsın, bir də nəsə lazım olanda yaxınlaşsın.
Qardaşda qürur, vüqar deyilən şeylərdən əsər-əlamət yox idi, qalstuklu qonaqlar ona dombalaq aşmaq təklifi etsələr, mütləq aşacaqdı.
Yenidən qulağıma dedi: “İndi sizə xüsusi qabda, ayrıca antrekot gətirəcəyəm”. “Sağ ol, bircə tikə bəsdir, təzyiqim var” dedim. Dərhal qaçıb limon sıxıb gətirdi. Yeni təklif verdi: “Sizin üçün məxsusi kokteyl düzəldəcəm”. “Ehtiyac yoxdur, mineral su bəsdir” dedim. Təhəmmül etmədi: “Külləmə kartof da gətirəcəm sizə”.
Qurtuluş yox idi. Amma “demokrasidə çarə tükənməz” deyiblər. Nə etmək lazım olduğunu anladım və zəhlətökən ofisianta umduğu bəxşişi verdim, azlığına, çoxluğuna baxmadan alıb cibinə qoydu və dərhal aralandı.
Bundan sonra hər şey yaxşı oldu: “məllim” xitabları, qulağa deyilən xidmət təklifləri kəsildi, boşalan stəkanım bir daha doldurulmadı, vəd edilən külləmə kartof və kokteyl gəlmədi. Adam heç mən tərəfə gəlmədi. Bir də gördüm ki, o, öz xidməti masasında canfəşanlıqla kokteyl hazırlayır. Düşündüm ki, yəqin vədini yadına salıb. Ancaq ofisiant qardaş kokteyli hazırlayıb başa gətirəndən sonra qonşu masadakı qalstuklu qonaqlara təklif etdi.
Lap axırda isə onu əlindəki məcməyidə yandırılmış üzərik gəzdirərək pul yığan gördüm. Poroşenko boyda, Elmar Məmmədyarov yaraşıqda bir adam idi, amma əli ilə qonaqların üstünə üzərik tüstüsü verirdi və dili ilə pul istəyirdi.
Söz yox, bu cür işdə işləyənlərin çox pul qazanmaq həvəsi anlaşılandır. Amma vallah, bunu dincəlməyə gələn insanları narahat etmək, hətta bezdirmək hesabına etmək olmaz.
Bu, mədəniyyət çatışmazlığından irəli gəlir. Bizdə gerçəkdən də xidmət mədəniyyəti də zəifdir.
