Medianews.az
Gürcülərə paxıllıq
207 baxış

Gürcülərə paxıllıq

zamin yeni raz
Yapistlər Azərbaycanı Şimali Koreyaya çevirmək yönündə fəaliyyəti davam etdirirlər. Martın 31-də “Human Rayts Votç” beynəlxalq insan haqları qurumunun nümayəndəsi Georgi Qoqianın Binə aeroportunda 30 saatdan çox həbs edilməsi və sonda deportasiyası bunun növbəti əlamətidir. Ölkəmizdə insan haqları ilə az-maz məşğul olmuş hər kəs, o cümlədən, haqqı pozulan jurnalistlər Georgini yaxşı tanıyırlar. İllərdir o, bura maneəsiz gəlib-gedirdi, intervülər alırdı, vəziyyətimizi canlı müşahidə edirdi. İndi buna da senzura qoyuldu.
Guya indən belə Azərbaycanda insan haqlarının durumunu ancaq Zahid Oruc monitorinq edəndə xoşbəxt olacaqsınız? Dəvəquşu təhlükə anında başını quma soxur, bayırda qalan yerlərindən isə xəbəri olmur - bu siyasətin adı belədir.
Xarici İşlər Nazirliyi də iki gün ərzində Qoqianın ölkəyə buraxılmamasına aydınlıq gətirə bilmirdi. Dedilər guya burda nəsə ayrı səbəb var. Buyurun, düzün-qoşun görək nədir. Ancaq bir vətəndaş olaraq XİN-ə patriot yardım əli uzada bilərik.
Qoy onlar bəyan etsinlər ki, Qoqia məhz gürcü olduğu üçün buraxılmayıb. Axı son vaxtlar xeyli azərbaycanlı AZAL biletlərinin bahalığı üzündən xaricə uçmaq üçün Tiflisə gedirlər. Bu haqda mən də təzəlikcə yazmışdım, Gürcüstan təyyarələri ilə uçan zəhmətkeşlərimizi cəzalandırmağı təklif etmişdim. Görünür hələlik gürcüləri cəzalandırmaq yolunu tutublar.
Yeri gəlmişkən, həmin yazımdan sonra oxucu məktubu almışam, qeyd edilir ki, əslində Gürcüstandan qayıdan azərbaycanlıların cəzalandırılması mexanizmi sərhəddə çoxdan vardır: “Sizin xəbəriniz yoxdur? Gürcüstana keçmək istəyənlərin az qala anasını ağladırlar. Sərhəd-gömrük məntəqələrində əsl gestapo rejimi, tikanlı məftillər və insanlara ..... (bu yerdə oxucu babat bir söyüş yazıb - Z.H.) baxan yekəqarın pulagirlər... Və bu zonada heç bir qanun işləmir. Tikanların arasında yarım gün ayaq üstdə işgəncə. Bəzilərinin hətta ürəyi gedir, ölənlər də olub. Baxırsan Gürcüstan tərəfdə 1 nəfər də yoxdur, Azərbaycan tərəfdə isə 50 adam bir-birinə yapışıb qalıb!”
Söhbət Gürcüstandan düşmüşkən məni yandıran bir faktı da yazım.
Bugünlərdə təhsil naziri Mikayıl Cabbarov brifinqdə qan ağlayırdı, deyirdi müəyyən işlərə ixtisaslı, oxumuş kadr tapa bilmirik. Sizcə söhbət hansı işlərdən gedir? Bəlkə Marsa uçan aparatı idarə edən, ya da nə bilim, Yerin tektonik durumunu öyrənən alim qıtlığı yaranıbdır? Yox. Bunlar bizim üçün ancaq şirin xəyallar sayıla bilər. Mikayıl müəllim hotellərdə işləməyə adam tapmırmış! Sən demə, Avropa Oyunları qabağı Bakıda 2 hotel açılacaq, bunlarda işləmək üçün xaricdən adam çağırıblar.
Utanıb ölmək lazımdır. Eşşək boyda Turizm Universitetini-zadı bəs nə üçün saxlayırsınız? O cümlədən başqa ali məktəblərin içində saysız turizm fakültəciklərini...
Amma məni yandıran bu deyil. Yeri gələndə, hakim qrupa məxsus hoteldə kim işləyəcək - bunun xalqımıza bir dəxli yoxdur. Gəlir onsuz xalqa məxsus deyil. Mən elə qonşu Gürcüstandan misal çəkmək istəyirəm.
Ukrayna hakimiyyətində hazırda başda keçmiş prezident Mixail Saakaşvili olmaqla xeyli gürcü işləyir. Onları yaxşı, təmiz kadr olduqları üçün dəvət edib işlədirlər. Hətta Ukraynada indi bir zarafat da var ki, baş nazir səhər işə gələndə “sabahınız xeyir”  sözlərinə “qamarcoba, genasvale” cavabı alır. Yanılmıramsa, hazırda Ukrayna hökumətində azı 8 nəfər gürcü işləyir.
İndi siz təsəvvür edin: biz də gürcülərlə eyni vaxtda müstəqil olmuşuq, problemlərimiz də təxminən oxşardır. Ancaq Gürcüstan bu problemləri həll edir, üstəlik, xaricə məmur ixrac edəcək bir duruma gəlib çatıb, biz isə adi hotel xadiməsini də xaricdən gətirməyə məcburuq. Çünki başda oturanlarımızın səviyyəsi budur.
Sonda keçmiş təhsil naziri Misir Mərdanov əkənin qəttəzə bir intervüsündən sitat gətirim, bu da yazının qazmağı olsun. Nazir uşaq vaxtından-zaddan xeyli qırıldadıb görün nə deyir: “Mənə dərs deyən müəllimlərimi yaxşı xatırlayıram. O zaman indikindən fərqli olaraq oxuyana, ziyalıya çox böyük hörmət var idi”.
Sənin kimilərini 20 illiyə nazir qoysaydılar, müəllimin siması sənin kimi olsaydı şübhə eləmə ki, o vaxt da oxuyanın hörməti indiki kimi olardı. Misir müəllim, bu sözlərinizi acı etiraf kimi qəbul elədik. Oxuyanı hörmətsiz eləyənin böyüyü elə özün olmusan.

Bizə qoşulun