Medianews.az
İsveçrəli üsyançı
209 baxış

İsveçrəli üsyançı

zamin yeni raz 2003-cü ildə ən çox şanslı namizədi qoyub Etibar Məmmədovun dalıyca düşənlər çox qəribədir ki, prezident seçkisindən sonra İsa Qəmbəri hakimiyyətə gəlməməkdə, hansısa mücərrəd cəsarəti göstərməməkdə suçlayırdılar. Ancaq görünür bu kimi hallar ötəri deyil, uca millətimizin pasportuna yazılıbdır. Misal üçün, dünən baxıb görürəm qəzetdə müxalifəti söküb-dağıdan bir cızmaqara var, müəllif yoldaş AXCP-ni, Müsavatı, Milli və qeyri-milli Şuraları, “126 Bakı komissarları” hərəkatını, canım sənə desin, HAP və GOP partiyalarını - uzun sözün qısası, hər kəsi qatıb qabağına, üzü Azadlıq meydanına tərəf qovalayır. Məqalənin əsas motivi ondan ibarətdir ki, bəs, hakimiyyət qiymətləri qaldırdı, siz niyə tərpənib üsyan-zad eləmirsiniz, əzabkeş xalq kütlələrinin önündə getmirsiniz, haram olsun xalqdan əmdiyiniz müxalifət südü və sairə daramdaram, durumdurum, bambarabam... Mənim müxalifətdən ümumən zəhləm gedir (hakimiyyətə gələ bilmədikləri üçün), ancaq deyir imam üçün VİP palatka quranda Yezidə də bir başsağlığından-zaddan vermək lazımdır. Məsələ ondadır ki, bu müxalifəti üsyana çağıran qardaşımız 2003-cü ildə burda müxalifəti döyüb zindana dolduranda, bəzilərini hətta öldürəndə qaçıb gedibdir İsveçrəyə, siyasi sığınacaq alıbdır, 11 ildir burda yaşamır. Bəs sən niyə burda yaşayanları qınayırsan? Sən Sürixdə bir sorğu keçirt, gör neçə isveçrəli bizi armudun bahalaşmasına üsyan etməməyimizə görə pisləyəcəkdir? Üsyan yaxşı şeydirsə, gəl bunun ön sıralarında get. Əks halda nöşün bizim daxili işlərimizə qarışırsan? Mən heç deyirəm ki, nə üçün Bazel sakinləri Alp dağlarında sürüşməyin qiymətinə üsyan etmir? Gərək heç kəs başqasının ana yurduna burun soxmasın. Azərbaycan mayası nur, qayəsi nur ki! Bəli! Mən hesab edirəm ki (Arif bəy demişkən), Milli Şuranın 15 marta təyin elədiyi etiraz aksiyası-filan da düzgün deyil. Xalqın guya son qiymət artımından dəhşət narazı qalması xəbərləri bir az, necə deyərlər, şişirdilibdir. Hələ neft pullarının qırıq-quruqları qalır, bu baxımdan bağban tələsməli deyil - armud vaxtında özü yetişəcəkdir. İndi ora-bura mitinqə çağıranlar adətən provokatorlardır. Başqa yöndən, uca millətimiz neflət yuxusundan (bunu təzə kəşf eləmişəm - qəflət yuxusunun neft durbasında keçən halıdır) hələ təzə ayılıbdır, qəfildən hakimiyyətin gerçək mahiyyətini özü üçün kəşf edibdir. Qoy bir az da üz-üzə qalsınlar, isinişsinlər, dürtmələşsinlər, mazaqlaşsınlar. Əsl, səmimi xalq-hakimiyyət münasibətlərinin vaxtıdır. Ətlə dırnağın arasına girmək lazım deyil, yoxsa iylənib çıxarsan. Örnək üçün, bir-iki gün qabaq Bakıda unikal bir etiraz aksiyası olmuşdu - cüdoçular aylıq pullarını ala bilmədikləri üçün piket qayırmışdılar! Təsəvvür edin. Hökumət cüdoçuları camaatı qaldırıb yerə vurmaq üçün saxlayır, onların məşqinə, polisdə, gömrükdə, fövqəladədə-zadda dolanmasına şərait yaradırdı, indi isə onlar etiraz edirlər. Deyirlər qarnımız acdır. Ta nə oldu? Elə bil İsa Qəmbərlə Əli Kərimli tatami üzərinə çıxıb cüdonun boğma fəndini bir-birinə tətbiq eləməyə çalışırlar. İşlər qarışıb bir-birinə. Sözgəlişi, cüdo - yaponcadan çevirəndə “yumşaq yol” deməkdir, bu isə milli cüdoçularımızın maaş üsyanına qalxmasına heç uyğun gəlmir. Bir az səbirli olun, Avropa yay oyunlarına gələn Ermənistan komandasının pullarını verək, sonra artıq qalanı sizindir. Deyirlər guya xalq qiymət artımından narazıdır. Yalandır. Xalqın adından danışmaq düzgün deyil, belə mandatı ancaq deputatlar, bələdiyyə üzvləri, prezident qazanmışdır. Onlar isə deyirlər ki, hər şey əladır, qiymət də dünya bazarına uyğundur.

Bizə qoşulun