Manatın çezməsindən sonra daha bir şad xəbər almışıq: Azərbaycan hakimiyyəti yayda Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarının bütün xərclərini xalqımızın belinə şəlləyibmiş. Qısa yazsam, biri var idman turniri üçün stadion-zad qayırasan, yarışı təşkil edəsən, biri də var idmançıların öz ölkəsindən təyyarəyə minib gəlmək xərcinə qədər hər şeyi öhdənə götürəsən. Bizdə ikincisidir.Bu haqda ilk dəfə ingilis qəzeti yazdı, orda söhbət Britaniya komandasının xərclərindən gedirdi. Bütün pulları Azərbaycan ödədiyindən Britaniya yarışa görünməmiş tərkibdə gələcəkmiş - London olimpiadasına qatılan komandadan 5 dəfə artıq idmançı göndərirmiş! Yəni kimsə Londonda “müftə pul var, gedək basaq, yeyək, belə qaz respublikalar indiki vaxtda az olur” deyib, nəticədə Britaniyada nə qədər ac varsa yığışıb gəlir. Yeri gəlmişkən, Britaniyadan gələn aclara təkcə idmançılar daxil deyil, hazırda Bakıda işləyən təşkilat komitəsində də 200-dən çox ingilis qaz vurub qazan doldurur. Əcəb edirlər - malını yeməyənin malını dağıdarlar. Həm də təkcə malını yox. Sən - orta statistik azərbaycanlı, haçan “bu ölkənin sərvəti mənimdir, onu quldurlar dağıtmasın” söylədin? Söyləmədin. Əksinə, oğrulara haqq qazandırdın, acizliyinə, qorxaqlığına, yaltaqlığına “əşşi, bunlar yeyib doyublar, başqası gəlsə nə olacaq” donu biçdin.
Ancaq tək Britaniya olsa dərd yarıydı. Xəbərin ardı lap biabırçı oldu: Milli Olimpiya Komitəmizdən açıqlama verildi ki, bütün komandaların bütün xərclərini Azərbaycan ödəyəcək. Mənasız, gülünc bir yarışma olduğundan dünyanın ciddi idmançılarının maraq göstərməyəcəyi öncədən məlum idi. O üzdən, yapistlər pul verib maraq oyatmaq istəyirlər. Biabırçılıqdır. Manat devalvasiyaya uğrayır, iqtisadiyyat böhran durumunda, ölkənin min dənə ağrılı, qanayan yarası var, yapistlər isə xarici idmançıların Bakıda dombalaq aşması üçün dövlət vəsaitlərini axıdırlar.
Məncə, xərcləri ödəmək yetərli deyil, özümüz girək meydana, başqa dövlətlərin yerinə medal da udaq. Vallah. Ayrı yol yoxdur. Misal üçün, bəlkə Andorra Cümhuriyyəti yarışa göndərməyə güləşçi tapmadı, belə şey olarmı? Olmaz. Dünya dağılar. Azərbaycanın imici cırılar. Beynəlxalq aləmdə reytinqimiz qırılar. Ona görə də Alatavadan bir-iki güləşçi tapıb Andorra bayrağı altında döşəyə buraxmalıyıq. Mən özüm 5 kilometrə qaçışda Lixtenşteyni təmsil eləməyə hazıram. O cümlədən, yaxşı olar ki, yarışa qatılan idmançıların vətəndə qalan uşaqlarının pampersini, komanda məşqçilərinin arvadlarının krujevalı tumanını, yarışa komanda göndərən dövlətlərin kral və kraliçalarının gigiyenik vasitələrini biz alaq göndərək. Örnək üçün, Bukinqem sarayına niyə aftafa almayaq? Nə üçün biz hələ də Fransa kralı bilmirəm neçəncisə Lyudovikin qəbrinin üstünü götürməmişik? Bəs yas yerlərinin sadələşdirilməsindən əldə edilən dövlət vəsaiti hara gedir? Dünya birliyi buna niyə susur?
Dünya birliyi demişkən... Əslində hakimiyyətimizin bu oyunlara külli miqdarda pul ayırmasında böyük hikmət var. Azərbaycan həqiqətlərini xaricə daşımaq üçün belə xərclər lazımdır. Bəs necə, almaniyalı üzgüçülər, italiyalı badmintonçular, hollandiyalı avarçəkənlər, canım sənə desin, polşalı atletlər və sairə gəlib Bakımızı görəcəklər, sonra gedib ölkələrində bu haqda danışacaqlar. Yox, kürü yaxmacından, kababdan, dolma və muğamdan danışmayacaqlar - bunları artıq dünya arenasına yetərincə daşımışıq. Əsas dərdimiz Qarabağdır. Onlar gedib deyəcəklər ki, Qarabağ Azərbaycanındır! “Evrovizqon”dan sonra nə qədər demişdilər! Neçə kəndimiz geri qayıtdı!
Molla Nəsrəddinin bir lətifəsi var: “Eşşəyə yaxşı qənaət öyrədirdim, heyf əcəl imkan vermədi”. Bilənlər bilməyənlərə danışsın, mənə ayrılan yer bitdi.