Medianews.az
Xəzər şəlaləsi
263 baxış

Xəzər şəlaləsi

zamin yeni razGəlin öncə bir oxucu məktubu ilə tanış olaq, görün mən hansı durumda həyat və yaradıcılıqla məşğul oluram: “Deyirəm maşallah, elə yazmışdın ki, sanki dünyanın fırlanmasını sən kəşf eləmisən və bunu da müdafiə eləmək üçün günlərlə yazı-pozu ilə məşğulsan. Burada nə var axı, biri deyir fırlanmır, biri deyir fırlanır. Əgər yer fırlanmır deyənlərə fırlanır deyə məsləhət görürsənsə, onda, deməli, fırlanmır deyənlərin dəlillərini bilirsən. İndi mən səndən sual edərək soruşuram ki, hansı dəlilə əsasən onlar deyirlər ki, fırlanmır?”
Mən istədim hörmətli oxucuya (ismi-şərifini yazım, heyfdir, xalq da tanısın - İlqar Hüseynov) bu planetdə yaşamadığımı bildirim, o üzdən, Yerin fırlanıb-fırlanmadığının mənə heç bir dəxli olmadığını göstərim. Ancaq sonra fikirləşdim ta mənim AzTV “sakinlərindən” nə fərqim olar? Üstəlik, həmin gün paralel dünyanın sakinlərindən - yeddi gözü, beş qulağı, altı ayağı olan vətəndaşlarımızdan köşə yazmışdım. Ona görə də oxucuya belə cavab yazdım: “Mən onların dəlillərini bilmirəm. Siz yazın, əgər bilirsinizsə, oxuyaq”. Cavab gəlsin, inşallah, sizinlə də bölüşərəm. Bunlar göyün yeddinci qatına aid müdrik fikirlərdir.
Vəziyyəti ağırlaşdıran başqa sualı isə orta məktəbdə oxuyan, üzr istəyirəm, uşağım üzümə vurdu.
Burda haşiyə çıxaraq bu üzrxahlığa aydınlıq gətirim. El adətinə görə, arvad-uşaqdan danışanda üzr istəmək lazımdır. Azərbaycan xalqı niyə ailəsindən danışanda üzr istəyir, bunun səbəbini anlamaq çətin deyil. İctimaiyyətçi, sosial varlıq olduqlarına, daim planetar, kosmik düşündüklərinə görədir. Misal üçün, bizdə qardaş qarından irəlidir. El üçün ağlayan gözlər parlaq, iti, uzaqgörən olur. Xüsusən arvaddan danışanda üzr istəməyin isə səbəbi odur ki, söz danışılan adamlar sənin arvadın olduğunu, onunla gizlində nəsə qeyri-sosial işlər gördüyünü ağıllarına gətirərlər, nəticədə mentalitetimiz əldən gedər. Bunlar ciddi sosiopsixoloji elmlərdir, goruma aparası deyiləm ki, oxuyun, öyrənin, uşaqlarınıza da oxutdurun, dünyadan ləzzət alsınlar.
Qayıdıram uşağın, üzr istəyirəm, sualına. Uşaq palaz boyda coğrafiya dərsliyi əlində, gör mənə nə deyir: “Ata, Xəzər dənizdir, yoxsa göl?”
Mən coğrafiya elmini orta məktəbdə çox yaxşı oxumuşam, hətta müəllimlərimdə səhv tutub onları ağladacaq qədər bilirdim. Xəritədə dövlətləri gözü yumulu göstərirdim. Di gəl, uşağın sualı məni əməllicə çaşdırdı. Deyəcəm göldür, belə göl olmur, bu çox yekədir. Deyəcəm dənizdir, bunun okeana çıxışı yoxdur, belə dəniz də olmur. Prinsip etibarilə, coğrafiyada Xəzəri göl qrafasına yazıblar, söhbət bitib. Ancaq biz buna dəniz deyirik. Birdən ağlıma gəldi ki, Xəzər də tam bizim parametrdə bir zaddır. Ən böyük dağının adını Bazardüzü qoyan camaatıq, bizdən nə gözləyəsən?
Özü də bu paralel dünyalarda yaşamaq mənim taleyimə lap uşaq vaxtımdan yazılıb. Doğulduğum Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndinin yanında Quruçay adlı çay axırdı. Bu da bir başqa paradoks, oksümoron idi - çayda su varsa, bu niyə Quruçay adlanır? (Yayda suyu çox azalırdı, ona görə elə deyirdilər). Uşaqlığı quru yerdə çimməklə keçən adamın bazar düzü yüksəkliyinə çıxıb göl dənizinə baxmasından təbii nə ola bilər?
Ona görə də mən təxribatçı sual verib beynimi bir az da xarab edən uşağa “Sənə hansı sərf eləyirsə, odur” cavabını verdim. Başqa nə deyim? İstəyirsən göl olsun, istəyirsən dəniz. Lap hökumət icazə versə şəlalə də ola bilər. Xəzər şəlaləsi. Gör nə gözəl səslənir...
Şəlalə demişkən, bir-iki il qabaq şimal rayonlarımızdan birinə getmişdim, dedilər burda bir gözəl şəlalə var, mütləq baxmaq lazımdır. Necə təsvir elədilərsə, sandım yerli istehsal Niaqara-filandır. Min bir əziyyətlə dərələr, cəngəlliklər, restoran-çayxanalar keçəndən sonra bir mamırlı qayanın yanına çatdıq. Sən demə, şəlalə bu qaya imiş, su da mamırların arasından axırmış.
Ancaq insafən gözəl yer idi, şəlalə olmasa da.

Bizə qoşulun