Medianews.az
Tozanaqdakı qəhrəman
244 baxış

Tozanaqdakı qəhrəman

zamin yeni raz Bir dostumuz var, Rusiyada tikintidə işləyib. Deyir bir gün, Medvedev prezident olan vaxtlarda xəbər gəldi ki, prezident tikintiyə baş çəkməyə gələcək. Neçə gün qabaqcadan bütün yollar bağlanıb, polislər səfərbər olub, tikinti sahəsini silib-süpürüblər və sairə. Ancaq arada tikinti rəhbərliyi iclas keçirdib deyir biz buraları həddən artıq səliqəyə salmışıq, əsl tikinti belə ola bilməz, burda bir az iş getdiyini isbat edən elementlər də olmalıdır, məsələn, prezident gələndə qoy rəngsazlar (ana dilimizdə desək malyar) divara boya yaxsın, qaynaqçılar qığılcım çıxarsın, kranlar nəsə qaldırıb qoysunlar. Bu vaxt tikintinin qaraj müdiri söz alıb təklif verib: “Müdir, icazə ver prezident gələndə KAMAZ-ları, buldozerləri-filanı buraxım tikinti sahəsinə, qoy onlar ora-bura getsinlər, toz qalxsın, göz-gözü görməsin. Nəticədə həm elə sanarlar bizdə güclü iş gedir, həm də prezident tozdan bezib tez çıxar gedər, canımız dincələr”. Düzü, heç soruşmadım bunu ediblər, ya yox, ancaq təklif çox yaxşı təklifdir, bizimki kimi hər bir avtoritar administrativ sistemin sevimli iş üslubunu ortaya qoyur. Tozanaq - əsas olan budur. Kim daha yaxşı tozanaq qopardırsa, kralın taxtına daha yaxın mövqeyə ümid edə bilər. Həmin tozanaq-tikinti-administrasiya üçbucağına çox uyğun gələn faktları elə təzəlikcə Prezident Administrasiyasının sənədlər və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov açıqlamışdı. İsmayılovun dediyinə görə, 2014-cü ildə prezidentə ən çox şikayət Bakı və Sumqayıtdan gəlib. (Amerikanın kəşfi sayılmaz - camaatın 70 faizə yaxını bu saat Abşeron yarımadasına yığışıb). Həmin şikayətlərin çoxu isə tikinti firmalarından imiş. Bu şirkətlər adamların pulunu alıb evlərini tikməyiblər, bir evi bir neçə adama satıblar və sairə - fırıldaqların çeşidi zənginmiş. Şöbə müdiri havadan danışıb tozanaq qopartmadığını sübut eləmək üçün şikayətlər gələn tikinti firmalarının adlarını da səsləndirmişdi: “İnşaatçı-GM”, “Qolden”, “Azərtikinti ATF”, “İdeal-İnşaat”, “Şahbulaq”, “Abşeron-1", ”A.E.K", “Xəmsə İnşaat”, “Qaraçay”, “Bios”, “Bəyaz”, “Dərəçiçək”, “Meqa-siti Holdinq”, “Elita-R”, “Gənc”, “AAF-İnşaat”, “R+R”, “Birlik inşaat”, “Ulduz”, “FOLKLOR”, “ABC”, “Fuad LTD”, “Kamran”, “Safari-N”, “Yeni Yasamal”, “Effekt İnşaat”, “Ələsgəroğlu”, “AENT-E”, “HAYAN-E”, “Klass Azko”,"Badu Kubə", “Olimpus-AZ”, “Xəmsə”, “Cənnət”. Mən qəsdən tam siyahını təkrar burda verdim, prinsipcə, fırıldaqçı şirkətlərin adları bizim yazıda böyük önəm daşımır. Sadəcə, miqyası təsəvvür eləməyinizi istədim. Özünüz də sayasınız deyə. 34 şirkətin adı var burda! Tək Abşeron yarımadasında minimum 34 şirkət insanları aldadırmış. Hələ bu tikinti sektorudur. Qalan sektorlarda - nəqliyyatda, ticarətdə, sənayedə, aqrar sektorda insanları aldadanlar nə qədərdir? Hüquq-mühafizə orqanları nə işlə məşğul imiş bu zaman? İstəyirsinizsə yazaq: hüquq müdafiəçisi İntiqam Əliyevə, seçki monitorinqi aparan Anar Məmmədliyə torba tikməklə. Görürəm elə də maraqlı deyilsiniz, o üzdən yazmıram. Bizi aldadıb pulumuzu alıblar, nəyimizə gərək kimi qanunsuz tutublar? Qarın qardaşdan irəlidir. Bəlkə də buna görə fırıldaqçıların bıçağı qarnımıza girəndə qışqırırıq, qardaşımıza dəyəndə yox. Dünən qəzetdə bir maraqlı başlıq da oxudum: “Ot ətdən bahadır”. Bir ot bağlaması 5 manata imiş. O üzdən kəndlilər mal-heyvan saxlaya bilmir, dəyər-dəyməzinə kəsib satırmışlar. Atın qabağına ət, itin qabağına ot qoyulan ölkədə 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etməklə deyil ki. Quyuda su yoxdur - ha doldur. Bir dənə qəhrəman lazımdır gəlsin div mafiyası ilə döyüşsün, ətlə otun yerini dəyişsin. O qəhrəman da üfüqdə görünmür. Tozanağı çox qaldırmışıq, həm də ona görə.

Bizə qoşulun