Dünən dəyərlər.org saytından zəng vurub Milli Elmlər Akademiyamızdakı son elmi kəşfə münasibət öyrəndilər. Yəqin xəbəriniz var, AMEA Folklor İnstitutunun bir əməkdaşı Novruz bayramında qapılara papaq atıb sovqat yığılması adətinə qarşı çıxmışdır. Hörmətli alim çoxillik araşdırmalar sayəsində belə qərara gəlib ki, papaq bizim namus-qeyrət rəmzimizdir, onu ayaq altına atmaq olmaz.Torpaqlarının böyük bir hissəsini düşmən əlində qoyub yaltaqlıq edən bir millət üçün namus-qeyrətin simvolu Çin istehsalı idman papaqlarıdırsa, buna sözümüz yoxdur. Ancaq belə deyil. Azərbaycanlılar öz folklor institutlarından xeyli qabaqda olan, mütərəqqi insanlardır. Bunu elə-belə, söz xətrinə yazmıram. Son illərdə o institutda bir neçə biabırçı hadisələr olmuşdur. Misal üçün, söyüşlər, vulqarizmlərlə dolu nağıllar çap edib uşaqlara göndərmişdilər. Bir işçini isə siyasi rejimin əleyhinə fikirlərinə görə işdən qovmuşdular.
Eyni zamanda mən bu təklifin neftin ucuzlaşması fonunda əsməcəyə düşmüş iqtisadiyyatımızın bir törəməsi olduğu qənaətindəyəm. Onsuz da Molla Nəsrəddin demiş, külək belə əssə heç qapıya papaq atan olmayacaq, çünki o papaqlara qoymağa qoz-fındıq lazımdır. Bizdə dövri olaraq belə baş qatışdıran, diqqət yayındıran təkliflər ortalığa atılır. Bir vaxt toy və yas yerində yemək bolluğu mövzusu var idi, yadınıza gəlirmi? Nə oldu? Heç zad. Yenə ehsan verən verir, toy süfrələri də aşıb-daşır. Çünki mənasız söhbət idi. İndi bu papaqatma mövzusu da bir qədər məzə mövzusu olub unudulacaq. Əsas da ona görə ki, papaq atan uşaqların heç bu müzakirədən xəbəri olmayacaq. Onların çoxu “Misir, Mikayıl ənd Co” şirkətinin sayəsində hərf tanımırlar.
Ancaq hörmətli dəyərlər.org saytının sualına cavab verərkən mən bir cümlə işlətdim, sonra yadıma bəzi şeylər düşdü, fikirləşdim mövqeyim tam olaraq düzgün də deyil, Azərbaycan alimlərinin haqqını vermək lazımdır. Cümlə belə idi: “Alimlərimizdən Böyük Adron Kollayderində Hiqqs bozonu axtarışları gözləyəsi deyilik ki, onlar elə papaq atmağı müzakirə edəcəklər”.
Məsələ ondadır ki, Avropanın mərkəzində, İsveçrədə yerləşən həmin CERN-də azərbaycanlı alimlər işləyirlər. Özü də çox şərəflə işləyirlər. Nəinki Azərbaycanı, bir az populist çıxsa da, yazaq: hətta bütün türk dünyasını ləyaqətlə təmsil edirlər. Örnək üçün, Saleh Sultansoy adlı fizik alimimiz CERN-ə Türkiyəni qoşmaqda böyük rol oynamışdır. Ümumən, Azərbaycanda təəssüf ki, o qədər də yaxşı tanınmayan bu görkəmli alim dünya elmi jurnallarında dərc edilən məqalə sayına, məqalələrinə istinada görə alimlərimiz arasında 1-ci yerdədir.
Bəs biz onu niyə tanımırıq? Çünki Sultansoy 1993-cü ildən çıxıb gedib Türkiyəyə, ordan da Avropaya. Öz biliklərini başqa ölkələrdə sərf edən belə alimlərimiz yüzlərlədir. Onlar burda qalıb AMEA-nın yaltaq akademiki olmaq, rejimə çəpik çalıb dövlət büdcəsindən uşağına bağ evi, maşın, arvad almaq istəməyənlərdir.
Tək Sultansoy deyil. CERN-də Hiqqs bozonu (ona “Tanrı hissəciyi” də deyirlər - Böyük Partlayışdan, Kainatın yaranmasından qalma zərrəcik olduğu sayıldığı üçün) axtaran azərbaycanlılar arasında bir gənc, istedadlı nəfər də var, atası burda alimdir və məzəlisi odur ki, ata da burda teleskopla Ayın Ramazan bayramında haçan görünəcəyini araşdırır.
Bu da onu göstərir ki, alim, elm kimin əlindədirsə, hansı rejimdə, dövlətdədirsə bunun böyük fərqi var. Bıçaqla adam öldürmək də olar, insan sağaltmaq da. Cəllad əlindədir, yoxsa cərrah - budur əsas məsələ.
Sonda bir müjdəni də bölüşək: deyilənə görə, deputatxana elm haqda qanuna dəyişiklik qayırır, bundan sonra AMEA-ya bizneslə məşğul olmaq hüququ veriləcək. Çoxdan lazım idi. O boyda binalardır, boş qalıb, heç olmazsa içəridə şadlıq salonu, paltar dükanı-filan açsınlar.