Medianews.az
Səfir Kürdəxanıya gedəcəkmi
235 baxış

Səfir Kürdəxanıya gedəcəkmi

zamin yeni razBu amerikalıların sanki bizimlə zarafatları var. Ölkəmizə hər dəfə elə adı-soyadı olan adamı səfir göndərirlər ki, biz uzun müddət bunun adını deyə bilməyək, höccələyə-höccələyə qalaq, nəticədə xarici siyasətimiz axsasın, dünya hegemonluğu Azərbaycanın əlindən çıxıb ABŞ-ın əlinə keçsin. Ay sizi xətəkarlar! Bir gün bu yarıtmaz siyasətə son qoyan ağ atlı oğlan çıxacaqdır! Dayanın hələ!
Özü də bu mənfur siyasət ilk dəfə ötən əsrin 90-cı illərində başladı. Biz uzun zaman başa düşə bilmədik ki, ABŞ-ın ölkəmizdəki səfiri Stenli müəllimin soyadı Eskuderodur, yoxsa Paskuderodur. Hətta Stenli Nardaranda torpaq alıb YAP Sabunçu rayon təşkilatına üzv olanda da bunu öyrənə bilmədik. Bir ilahi sirr kimi qaldı.
Ondan sonrakı səfir Ross Uilsonu həm də Vilson kimi yazırdıq. Ross müəllim getdi, bu dəfə Enn Dersi, ya da Ann Dörsi, yaxud, Dörsü adlı xanım səfir gəldi. Xanımın Vikiliks sənədlərində yapistlər haqda pis sözlər dediyi ortaya çıxdı sonralar. Amma yenə də bilmədik adı necədir.
Xanım getdi, Metyu Brayzə gəldi. Ya da Brayza. Hətta bəzi qəzetlər Mehdi Bəyazid yazırdılar.
İndi yenə ABŞ bizə səfir göndərib, bu gözəl insanın soyadını qəzetlər gah Sekuta, gah Cekuta yazırlar. Öyrənib qurtarana qədər adamın səfirlik müddəti bitəcək. Məncə Obama administrasiyası bu anlaşılmaz, mistik, qorxunc, gizli xarici siyasətinə son qoymalıdır, ölkəmizlə açıq danışmalıdır, konkret adı və soyadı olan şəxsləri səfir göndərməlidir. Yoxsa Vaşinqtona fındıq ixracını dayandırarıq.
Cənab Cekuta hardasa srağagün ölkəmizə varid olubdur, gəlməmişdən qabaq isə sosial şəbəkədə xalqımıza müraciət eləmişdi. Deyirdi səbirsizliklə sizin plovu barmaqlamağı, meyxana oxuyub çırtıq çalmağı, Novruz tonqalı üstündən hoppanmağı, papaq atmağı, təsbeh çevirib domino oynamağı, dana dırnağı yeməyi gözləyirəm. Səfir guya xalqımızla məsləhətləşərək yazmışdı ki, Azərbaycanda ilk olaraq hara getməyi mənə məsləhət görürsünüz? Ardıyca 3 marşrut da göstərmişdi: Yanardağ, Beşbarmaq piri, Qobustan.
Bundan sonra siyasi aktivistlər, müxalifətçilər daraşdılar cənab səfirin sözlərinin altına, hamı başladı yazmağa ki, getsin Kürdəxanıya, siyasi məhbuslara baş çəksin (Açığı, mən özüm də küyə düşüb belə yazmışdım, indi cənab prezidentdən əfv diləyirəm, ümid edirəm buna görə mənə 5 il iş verməzlər. Bu əmələ maksimum 3 il düşür).
Aşkar təxribat idi. Birdən səfir aldanıb getdi, Mədət müəllim onu tutub içəri saldı? Bizə bu lazımdırmı? Təzə-təzə dövlətlərimiz arasında münasibətlər düzəlir, gələn-gedən var...
Üstəlik, səfir diplomatik şəxsiyyət olduğundan sözünü birbaşa deyə bilməz. O baxımdan, səfirin özünün bizə seçim üçün təklif elədiyi 3 marşrut çox ilginc idi, türkün məsəli. Gəlin birgə analiz edək.
Örnək üçün, səfir bəyəm Naxçıvandakı Nuhun qəbrini yaza bilməzdimi? Ancaq Yanardağı yazıb. Bununla işarə vurur ki, iki il qabaq İsmayıllıda baş verən yanğından xəbəri vardır.
Yaxud, Beşbarmaq pirinə niyə getmək fikrindədir? Çünki nəziri var! Gedib pirin başına yeddi dəfə dolanıb pulunu verəcək ki, ilahi, məni bu Azərbaycandakı səfirlik dönəmində xəta-bəladan hifz elə, ey yerin-göyün yaradanı, ey qəriblərin himayədarı, ey Amerikanın “in god ve trust”ı!
Qobustan özü də siyasi mesajdır, çünki ordakı qapalı həbsxanada bizim bəzi siyasi məhbuslar işgəncə altında qalırlar.
Düzü, çox adam “Kürdəxanıya get!” yazdığından mən ta səfirin o söhbətinin ardını izləmədim, bilmədim yekunda hansı marşrut seçildi. Bütün hallarda xoş gəlib, səfa gətirib, qədəmləri uğurlu olsun. Deputatxana qəzetinin yazdığı “Barak Obamanın ikiüzlülüyü” məqaləsinə də fikir verməsin - onsuz o qəzeti elə çox adam oxumur.
 

Bizə qoşulun