Rusiya kommunistlərinin bir oyuncaq və düşük lideri var - Gennadi Züqanov. Bu tip təxminən bizim yapistlərin əl altında saxladığı Sosial Rifah və Ata Vətənin Müstəqil İnkişafı Partiyası tipində karikatur quruma başçılıq edir. Nə öz sözü var, nə müstəqil mövqeyi. Ömrü boyu düyməsi Kremlin əlində olub. Putin “qalx” deyəndə qalxır, “yerə yat” deyəndə uzanır. “Fas” və “aport” komandalarını da gözəl bilir. Prinsipcə, çağdaş Rusiyanın Kommunist Partiyasına ehtiyacı da yoxdur, bu partiyanın son yüz ildə planetdə törətdiyi bütün zibil işləri hazırda Putin və onun “Vahid Rusiya” (“Edinaya Rossiya”) Partiyası sərbəst törədir. SSRİ Kommunist Partiyasının əsl varisi məhz bu “Vahid Rusiya”dır. Necə ki, bizdə Azərbaycan SSR Kommunist Partiyasının varisi hansısa qovluq-partiyası olan AKP yox, YAP-dır.
Özü də bu Züqanov çox boz, siçovul təfəkkürlü bir sosioloji xəstədir. Hətta ümummilli rus təlxəyi Jirik (Jirinovski) bundan min dəfə koloritli şəxsiyyətdir. Fəaliyyətdə olduğu və özü ağılda rus mujikləri ilə qırmızı bayraqlı klounadalar nümayiş etdirdiyi illərdə Züqanovun bir kəlməsi belə gündəmə düşməyib. Fəaliyyət sıfır, danışıq sıfır.
Əlbəttə, bizim nə dərdimizə qalıb, Rusiya istəyirsə öz Dumasını min il də belə debillərdən yığıb qayırsın. Bizim öz debillərimiz özümüzə bəsdir. Sadəcə, dünən rəsmi dövlət agentliyi "AzərTAc"da bir əcaib foto-xəbər gördüm, diqqətimi çəkdi.
Demək, bizim yapistlərin dünyadakı kommunist liderləri tapıb vaxtaşırı qonaqlamaq, bu “ac-giclərin” qarnını doldurmaq kimi bir xasiyyəti var. Misal üçün, görürsən birdən Vyetnam Kommunist Partiyasının lideri Le Anq Ran (adamın adı belədir, birdən təhqir yazdığımı zənn edərsiniz - Z.H.) Bakıda peyda oldu, yapistlərlə qol-boyun şəkil çəkdirdilər, Səyavuş Novruzov Vyetnama yardım markası pulu yığıb Naxçıvanda kvas içməyə qaçdığı haqda uşaqlıq xatirələrini bölüşdü. Ya da Kuba kommunistlərinin nümayəndə heyəti geniş şəkildə şəhərimizin qonağı olurlar, Fidel Kastrodan salam gətirirlər. Prinsipcə, başa düşüləndir, hazırda dünya kommunistlərinin hakimiyyətdə qaldığı 3-4 “qara dəlik” var, onlardan biri Şimali Koreyadırsa, o biri Azərbaycandır.
Uzun sözün qısası, bu Züqanov da vaxtaşırı gəlir Bakıya, yemini-suyunu yığıb gedir. Bir növ, Stenka Razin kimi adamdır, halal xoşu olsun, nə deyə bilərik? Züqanov son dəfə iki il qabaq belə bir səfər etmişdi, dünən yenə Bakıda dolaşıbdır. Mən rəsmi xəbərdə baxdım, Züqanov deputatxana üzvü Arif Rəhimzadənin yoldaşlığı ilə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. Rəhimzadə deputatxanada Rusiya Duması ilə əlaqələrin şefidir, əski və alovlu kommunist yoldaşdır, bunu başa düşdük.
Amma həmin tədbirin hər iki fotosunda anlamadığımız bir detal vardı. Züqanov Fəxri Xiyabanda Heydər Əliyevin qəbri önünə böyük bir əklil qoyur. Şəhidlər Xiyabanında isə nə onun, nə Arif Rəhimzadənin əlində bir sınıq qərənfil də yoxdur. Eləcə xiyabanın girişində - İlhamla Fərizənin qəbri önündə dayanıb şəkil çəkdiriblər. Əslində, bununla öz kommunist mahiyyətlərini ifşa ediblər, çünki o xiyabanda dəfn edilən qəhrəman insanlar məhz Züqanov kimi kommunistlərin qanlı güllələrinin qurbanlarıdır. Bu mənada, Züqanovu Şəhidlər Xiyabanına aparmaq heç lazım deyildi. Amma aparmısınızsa, hörmət göstərin. Arif Rəhimzadədən Azərbaycan xalqına hər hansı hörmət ummuram, heç buna ehtiyacımız da yoxdur, sadəcə, protokol xətrinə orda bir-iki qərənfil almaq olardı.
Mən biləni bu kommunizm karikaturunun səfəri 2 günlükdür, hələ burdadır. Bu gün aparın, təzədən ziyarət eləsin, bu dəfə gül qoysun. Həm də partiyasının öldürdüyü adamlara təzədən baxar - məncə, bundan zövq almalıdır.
