Medianews.az
Əsrarəngiz keçid
160 baxış

Əsrarəngiz keçid

zamin yeni raz

Dörd-beş gün qabaq dövlət başçısı Neftçalada sənaye məhəlləsinin yaradılması ilə bağlı sərəncam imzaladı. Sərəncamda deyilirdi ki, 10 hektar torpaq ayrılsın, 2 ay ərzində rayonun o hissəsində qeyri-neft sektoruna aid kiçik, orta müəssisələr yaradılması üzərində işlər aparılsın və sair.

Bu sərəncamda rayonun adı mənim diqqətimi çəkdi. Çox rəmzi idi: hakimiyyət neft pulları azalanda Neftçalanı yada salmışdı. Neft çalasında boğulan iqtisadiyyatımız üçün bu sənaye məhəlləsinin bir dəyəri olacaqmı? Çətin ki. Biz son 20 ildə o qədər fürsətlər itirmişik, sayı-hesabı yoxdur. İndi də gecdir. Çağdaş dünya ilə ayaqlaşan hansı məhsulu bazara çıxarda bilərik? Bəlkə kələm dolması və milli mentalitetimizi bağlamaya büküb qırıq-qırıq sataq? Ya da tar-kamanın balacasını, miniatür fiqurlarını Avropaya kütləvi ixrac edək?
Neftçalada yaradılacaq sənaye obyektinin adı da məzəlidir. Gördüyünüz kimi, məhəllədən söhbət açılır. Halbuki, qabaqlar - peykimiz kosmosda şırım açan, neft pulları aşıb-daşan çağlarda yapistlər zırpı sənaye parkları yaratdıqlarını elan edərdilər. Sumqayıt Sənaye Parkı, Balaxanı Sənaye Parkı, nə bilim, südçülük kolxozu, atçılıq zavodu... İndi məhəllə qayırırıq. Hərçənd o parkların ölkə iqtisadiyyatına nə verməsi, oralarda ümumiyyətlə hansısa işlərin görülməsi kosmik-hərbi-mistik sirr kimi bir şey idi, məlum deyildi həmin virtual parkların xəyali zavod və fabriklərində neçə adam çalışır, hansı məhsul buraxılır, dövlət büdcəsinə nə qədər vergi ödənir və sairə. Məsələn, kimsə bir dəfə yazmışdı ki, Sumqayıt Sənaye Parkında cəmi 200 adam işləyir. Yəni, bir qatıq kombinatının işçi sayı qədər. Yaxud, Balaxanı Sənaye Parkı deyilən məkanın əslində zibil emalı zavodu olması şübhələri vardı. Onun da nə qədər iqtisadi önəmi var - gizli qalmışdır.
Hər halda, buna da sevinirik, heç olmazsa nəsə iş görülür, Brejnevin vaxtındakı kimi, pərdələri yelləyirlər, qatar dağılıb dayansa da. Təxəyyül gücümüzü işə salaraq Neftçala sənaye məhəlləsində tində oturub təsbeh çevirən, meyxana deyən gənc fəhlə sinfini gözümüz önündə canlandıra bilərik. Axı məhəllə bizim təsəvvürümüzdə məhz belə yerdir.
Bugünlərdə Xətai rayonunda açılan, AzərTAc-ın xəbərində adı “Şəlalə kompleksi” kimi verilən obyekt də yetərincə maraqlıdır. Münhen təhlükəsizlik konfransı ilə Xətaidəki şəlalənin açılışında iştirakı bir həftənin içərisinə yerləşdirmək insandan güclü enerji tələb edir. Şəxsən məni gülmək tutardı. Şəlalə kompleksi isə uzunluğu 100 metrə çatan su arxından ibarət idi, mən bunun fotosunu gördüm. Bu yüz metrlik arxın içindən orda-burda yarım metr hündürlüyə su püskürürdü. Vəssalam, kompleks bu imiş.
Ey gidi dünya, vaxt var idi oxuyan, çalıb-oynayan, nə bilim, dombalaq aşan şəlalələr zəhmətkeşlərimizin və şəhərimizin nəğməli qonaqlarının ixtiyarına verilirdi, indi isə çox sadə şəlalə düzəldilir. Bəyəm bununla bizim başımızı aldatmaq olar? Biz doğruçu şəlalə kompleksi istəyirik. İstəyirik şəlalə “Segah” oxusun, Evrovizion-da iştirak eləsin. Yoxsa millət kompleksə girə bilər, düşünər daha respublikamızın analoqu var.
Elə Atatürk prospektində hardasa bir aydan çoxdur istifadəyə verilən yerüstü keçidin lent kəsmə mərasiminin olmaması yarıtmaz haldır. Camaat düşünə bilər ki, artıq bizim respublikada keçidlər dövlət səviyyəsində diqqətə layiq görülmür, konstitusiyadan çıxarılıb. Özü də mən fikir vermişəm, bu keçidin altında əsrarəngiz işıqlar quraşdırıblar. Göy, qırmızı, yaşıl, mavi, sarı işıqlar sayrışır. Sanki kosmosa qapıdır. Keçidin bu başından girəndə Venera planetindən çıxırsan. O biri başından girəndə Andromeda dumanlığında azırsan. Ortada dayansan Avstraliyaya düşürsən.
Qaranlıq gecələrdə hər birinizi o keçidin seyrinə dəvət edirəm.

Bizə qoşulun