Bir nəfər tanıyıram, Dövlət Arxitektura və Şəhərsalma Komitəsində işləyirdi, özünə qanunsuz ev tikmişdi. Bu, srağagün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunanda yadıma düşdü. İndi hamı deyir guya bu komitənin ləğvi dövlət qulluğunda səmərə yaradacaq. Yaxşı söhbətdir. Keçən ay prezidentin NK iclasında dediyi “qənaətlə işləyək, israf olmasın, neft gəliri azalır” söhbətinin ilk təzahürlərindən biridir. Ancaq adam torpaq komitəsi sədri Qərib müəllimin halına yanır. Bir dənə qərib onu gördünüzmü?Eyni zamanda fikirləşirsən bu komitə uzun illər nə işlə məşğul idi? Torpaq sənədlərini satmaqla. Qeyri-qanuni pul yığımları ilə. Təsəvvür edin: Qərib Məmmədov 1997-ci ildən bu idarənin şefi idi. 17 il. 17 il bir komitədə sədr olmaq mümkündürmü, ay dövlətçilik filosofları? Elə bil komitə sədri Birtaniya kraliçası idi.
Hələ onun adındakı “xəritəçəkmə” hissəsi lap karikatura idi. Adam məktəbli uşağına Azərbaycanın bir normal xəritəsini tapıb ala bilmirdi. Olan-qalan xəritələr SSRİ dövründən qalma idi. Bir də nə yaxşı son illər Google Maps (Google şirkətinin pulsuz xəritə xidməti), Google Earth (eyni şirkətin Yerin peyk çəkilişləri xəritəsi xidməti), GPS-naviqator kimi elmi-texniki yeniliklər ortaya çıxıb. Bunlar vasitəsi ilə dünyanın istənilən yerinin xəritəsi ovuc içində olur, daha yapistlərin gülünc idarələrinə ehtiyacımız qalmamışdı.
Bir maraqlı detal da var: Qərib Məmmədovun ixtisası torpaqşünaslıq idi, yapistlərin dövründə Azərbaycanın münbit torpaqlarının 50 faizinin erroziyaya uğraması, aşınıb məhv olması hətta Elmlər Akademiyası kimi bivec qurum tərəfindən etiraf olunurdu. Yəni, hansı tərəfdən baxsan bu idarə mənasız idi. İndi bunun ləğvini alqışlayanlara demək lazımdır: bəs 17 ildir idarənin qalmasını hara yozursunuz? Hər il idarəyə dövlət büdcəsindən ayrılan milyonlarla manatı (təkcə 2015 üçün 6 milyona yaxın pul nəzərdə tutulmuşdu) kim qaytaracaq? Hara getdi o pullar? Qərib müəllim torpaq və xəritəçəkmə üzrə neçə villaya sahib olub?
Amma bunlar, Polad Alemdar demişkən, “bizim dərin dövlətdir”, bu qurumlarda iş prinsipləri mafiya prinsipləri olduğundan hər kəs susmalıdır. Danışanı aparıb betona qatır, təzə tikilən “Alov qülləsi”, “Plov dirəyi”, nə bilim, “Qaloş sarayı” tipli binaların bünövrəsinə hörürlər. Məsələn, bu yaxında baş prokurorluqda bir təyinat olmuşdu, vəzifəyə qoyulan adam haqda qəzetdə yazılanları oxuyanda mənim kimi dünyagörmüş, rejimin hər üzünə bələd adam da heyrətləndi.
Təsəvvür edin, Baş Prokurorluqda idarə rəisi olan adamın atası zindanlar idarəsində (penisentiar xidmət) rəis müavini idi. Eyni zamanda adam Ali Məhkəmə sədrinin qızını almışdı. Yəni, Azərbaycan “ədliyyə sistemi” ilə üzləşən faciəvi vətəndaşın vəziyyətini təsəvvür edin: onu prokuror-kürəkən tutur, işə qaynata-hakim baxır, cəzanın çəkilməsinə isə ata-zindanbaşı nəzarət edir. Sən bu qapalı dairədən salamat çıxa bilərsənmi? Mümkün deyil. Adamı top kimi vurub o yan-bu yana atırlar, balaca uşaqların dili ilə desək, “arada qalma” oynayırlar.
Arada qalma demişkən... Təzə təhsil nazirimiz Mikayıl müəllim yaxşı bir hərəkətə başlayıb. Bakının, Sumqayıtın bəzi ibtidai siniflərində eksperiment aparılır: uşaqlar hər 15 dəqiqədən bir dərsdən ayrılıb idman eləyirlər. Sadə yazsam, əlifbanı, riyaziyyatı öyrəndikləri yerdə, elə o sinifdəcə dururlar, bir az hoppanıb-düşürlər, təzədən dərs keçirlər. Eksperiment yaxşı alınsa gələcəkdə bütün ölkə məktəblərinə tətbiq olunacaqmış.
Yaxşı alınsa nə demək!? Buna şübhə ola bilməz. Hətta yaxşı olar bütün dərslər ləğv olunsun, idman keçilsin. İdman dərslərinin arasında hər 15 dəqiqədən bir yüngülvari hərf-zad öyrətmək lazımdır. Əsas pulları tanısınlar, qalanı lazım deyil! Biz Avropa Oyunlarına hazırlaşırıq. Hansısa güləşçinin professordan böyük hörmətə layiq olduğu sistemdə yaşayırıq. Misal üçün, elə dünən Gənclər və İdman Nazirliyi “İlin idman nailiyyətləri” adında mükafatı... milli təhlükəsizlik naziri Eldar Mahmudova verib.
Bunlar da özləri çalıb, özləri oynayırlar. Qərib müəllim kimi. 17 ilin qəribi idi, yazıq...