Həyat həmişəki kimi bizim fantaziyalarımızdan güclüdür. Ağlasığmaz işlər olur.
Misal üçün, hazırda Ağır Cinayətlər Məhkəməsində bir Türkiyə vətəndaşının işinə baxırlar. O, 73 kilo heroini İrandan Avropaya aparmaq cəhdində suçlanır. AzadlıqRadiosunun xəbərinə görə, sürücü Astara və Biləsuvar gömrük-sərhəd məntəqələrini sərbəst keçib. Yalnız Gürcüstanla sərhəddəki “Sınıq körpü” postunda bunu tuta biliblər. İşin kinokomediyalara mövzu olacaq süjeti isə bilirsiniz nədədir? Sürücü özü də gömrükçülərə qoşulub narkotiki axtarırmış! Məhkəmədə səslənənlərə görə, gömrükçülər maşının boş gəlib-getməsindən şübhələnib onu hərtərəfli, hətta narkotik iyi bilən itlərlə axtarıblar, ancaq heç nə tapılmayıb. Sürücüdən sitat: “Üç gömrük postunda dəfələrlə axtarılan yük yerindən heç nə tapmamaları özümdə də şübhə yaratdı. Düşündüm ki, bəlkə məni aldadıblar, heç narkotiki yükləməyiblər. Gömrükçülərə bildirdim ki, maşına narkotik yüklənib, necə yəni yoxdur”.
Normal dövlətdə bundan gömrükçülərlə sürücü arasında “bazarlığın” nəticəsi (cinayəti etiraf etmək yüngülləşdirici hal sayılır) kimi şübhələnmək olardı, ancaq bura Azərbaycandır. Burda nə desən olar.
Başqa bir əcaib hadisə Sumqayıtda uşağı oğurlanan qadının işindədir. Yəqin bunu xatırlayırsınız, keçən ilin ən şok işlərindən biri olmuşdu. Ana qucaqdakı körpəsini müvəqqəti saxlamaq üçün parkda bir qadına vermişdi, qadın körpəni oğurlamışdı. Sonra oğru tapıldı, etiraf elədi ki, 10 ildir uşağı olmur, körpəni övlad həsrəti ilə aparıbmış. İndi bu cinayət işi yekunlaşıb, prokuror oğru qadına 12 il həbs istəyib. Uşağı oğurlanan ana isə deyir bu azdır, ağır cəza verin.
İşin ən dəhşətli detalı isə bu amansız münasibət deyil. Sən demə, bu “ana” polisin tapıb qaytardığı həmin körpəni sonra... uşaq evinə veribmiş! Deyib imkanım yoxdur, saxlaya bilmirəm. Təsəvvür edirsinizmi? Biri uşaq həsrətində, 12 il həbs cəzası alır, o biri hadisəyə səbəb uşağı internata atır. Bunun əsas səbəbi odur ki, ölkədə normal dövlət mexanizmləri yoxdur. İnsanlar sivil şəkildə övladlığa uşaq götürə bilmir. Övladlığa götürülən uşaqlara sonradan nəzarət mexanizmləri yoxdur. Nəticə də yuxarıdakı faciəvi mənzərədir.
Uşaqlı-böyüklü, dirili-ölülü hər kəs bir gün öz absurdu ilə qarşılaşmağa məhkumdur. Keçən il Şəki Apelyasiya Məhkəməsinin hakimi Hümbət Səlimovun çıxartdığı bir əcaib qərardakı kimi. Əhvalatın qısa məzmunu belə idi: bir kişi ölüb, bacıları bunu Bərdədə dəfn ediblər. Ancaq sonra keçmiş arvadı ortaya çıxıb, deyib kişinin şifahi vəsiyyəti var, gərək onu Ağdaşda basdıraq. İş çıxıb məhkəməyə. Hümbət əkə isə qərar verib ki, ərin meyiti arvadın mülkiyyətidir, hara istəsə apara bilər. Yəni, meyiti çıxardıb aparmaq lazımdır. Hümbət əkənin qərarı ilə arvadın ixtiyarı vardı ərinin meyitini çəlləkdə turşuya qoysun.
Sonra bilmədim əhvalat necə qurtardı. Mərhumun öləndən sonra bu qədər hörmətə minməsi də maraqlı idi. Elə bil övliya-filan imiş. Kim bilir... Bəlkə də onun qəbrindən pir, ocaq, televiziya studiyası kimi yararlanmaq imkanları varmış. Yoxsa davanın mənası nədir? O boyda Eynşteyni yandırıb külünü havaya sovurublar, heç qəbri yoxdur.
Sonda daha bir gülünc məsələ haqda: “Bakı” adında futbol klubu var, nəqliyyat nazirinin qara-qura pulları ilə saxlanırdı. İndi bu klubda vəziyyət gərgindir, maaşları verə bilmirlər, Hafka ilə Anar dalaşır, az qalıb bir-birini Biləcəri deposunda qatarın altına atsınlar. “Bakı” klubu yalan olmasın, bağlanmaq üzrədir. Səbəb əslində sadədir: neft şprisi boşdur, süni şişirdilmiş futbol klubları çökür. Ancaq karikatur cəhət odur ki, burda klub saxlaya bilməyən məmurlar xaricdə klub alırlar. Daha doğrusu “alırdılar”. Getdi o günlər. Onun-bunun yaxasına ad yazdırmağa pul yoxdur.
