Yaxud kişilər qəzet oxumalıdır
Bir mətbəx sirrimi hörmətli oxuculara açmaq istəyirəm, əslində burda elə sirr-filan yoxdur, yəqin yazı-pozu ilə məşğul olanların çoxunda bu adət vardır. Söhbət ondan gedir ki, mən geniş yazmaq istədiklərimi öncə kiçik qeydlər şəklində bir qırağa yazıram. Kompüter olmayan vaxtlarda bu işi bloknotlarda görürdüm, indi kompüterin ekranına - desktopa atıram. Bəzən bu qeydlər çoxalır, ekranı təmizləməyə ehtiyac yaranır. Ancaq haqqında yazmadığım o qeydləri də atmağa heyfim gəlir. Bu baxımdan, ildə-ayda bir neçə dəfə belə təmizlik işləri aparmaq fikrindəyəm. İndi siz o yazılardan birincisini oxuyursunuz.
2014-cü il 2 marta aid qeyddə siyasi dustaq Pərviz Həşimlinin üzləşdiyi çətinlikdən bəhs olunur. Pərviz bəy vəkili vasitəsiylə deyib ki, ona türmədə müstəqil kitab seçməyə imkan verilmir, daha çox sovet repressiyası dövrünə aid kitabları oxumağa məcbur edirlər, bu isə dustağa işgəncədir. Jurnalistin bu məsələyə münasibət öyrəndiyi şəxs isə... hüquq müdafiəçisi Leyla Yunusdur. Leyla xanım Pərviz Həşimliyə qarşı təzyiqləri pisləyir, hələ xəbəri yoxdur ki, ilin axırına az qalmış rejim onun özünü də türməyə salacaq.
İkinci qeyd 5 yaşlı oğlum Oğuzun sözləridir. 15 aprel, 2014. Oğuz hərf tanımasa da evdə qəzeti götürüb səhifələyir. Deyirəm nə edirsən, cavabı belədir: “Qəzet oxuyuram, axı kişilər qəzet oxumalıdır”.
11 iyul 2014-ə aid qeyd: BDU rektoru Abel Məhərrəmova “ilin ən fəal və ən yaxşı rektoru” mükafatı verilib. Görünür, bunu şərh eləməyə söz tapa bilməmişəm. İndi də tapmadım.
2014-ün yanvarına aid bir oxucu məktubu: “Nəqliyyat nazirinin və əlaltılarının maliyyə işlərini aparan bir adam var, qohumlarıdır. Bu adam 300 min manata yaxın pulu kassadan əkişdirib, nazirin də xəbəri olmayıb ki, pulu elə qohumu aparıb, götürüb polisə şikayət verib. Polisdə kamera çəkilişlərinə baxıblar, məlum olub ki, oğru-zad yoxdur, pulu elə kassir özü aparıb. Polis kassiri tutub. Bu dəfə Ziya müəllim məcbur olub qohumunu içəridən çıxartdırmağa xeyli pul xərcləyib. Çıxardıb gətirib öz zirzəmilərinə salıblar”. İtalyan mafiyası haqda filmləri xatırladan bu süjet haqda yazmamağımın bir səbəbi var: bunu necə dəqiqləşdirəsən? Bəlkə oxucu yalandan məktub yazıb?
İyul ayı, yenə 2014. Hökumətin AzərTAc agentliyi “mışdır, muşdur” şəkilçilərindən imtina edib, “Azərbaycan” qəzeti isə eləmir. Qəzetin şefi Bəxtiyar Sadıqov deyib ki, bizə bu şəkilçilər hələ lazım ola bilər. Mən bunu niyə qeyd eləmişdim? Şeytan bilir. Sildim, ekrandan rədd olub getmişdir.
31 yanvar 2014. Müğənni Rəqsanə İsmayılovanın qızı intervü verib deyir ki, anası maşın sürəndə qayda pozuntusu eləsə də yol polisləri ona hörmət eləyib saxlamırlar.
Sentyabr 2014. Deputatxana üzvü Hadı Rəcəbli jurnalistlərə xəbər verir ki, eynəklər haqda qanun hazırlana bilər.
17 sentyabr 2014. Baş prokurorluqdan məlumat verilir ki, dələduzluqda suçlanan məhkəmə hakimi Həsən Əliyevin işi ilə bağlı 3 prokurorluq əməkdaşı işdən çıxarılıb. Hər hakim tutulanda özüylə üç prokuror aparsaydı nə vardı ki...
22 may 2014-ə aid xəbər: Ramiz Mehdiyev deyib ki, ABŞ səfiri Riçard Morninqstar həddini aşıb. Elə o vaxtlardan bəri Amerikanın bizdə səfiri yoxdur. Ramiz müəllimin həmin intervüsünü şərh edən yazarlarımızın və QHT nümayəndələrinin çoxu isə hazırda türmədədir. Mən indiyəcən bunu nə üçün şərh etməmişəm, ümid edirəm anlaşıldı.
Nəhayət, noyabr ayına aid xəbər. Balakəndən bir nəfər deyir ki, burda seçki məntəqəsini 5 min manata satıblar. Ümumiyyətlə, yerli icra nümayəndəsi qabağına çıxan hər yeri satırmış.
Hələlik bu qədər. Desktopumuz xeyli açıldı, sizin də ürəyiniz açılsın.
