Medianews.az
Tubzon
210 baxış

Tubzon

zamin yeni raz
Ədliyyə Nazirliyi Penisentiar İdarəsi türmələrdə hər şeyin yaxşı olduğunu deyir, ancaq ordan gələn xəbərlər bunu təsdiqləmir. Gah hansısa məhkum döyülüb öldürülür, gah hansısa türmədə qiyam qalxır. Qiyamdan sonra isə günahkarları yox, aranı sakitləşdirmək istəyənləri cəzalandırırlar - vərəmli xəstələr üçün zindana göndərirlər. Oranın “özünəməxsus” adı da var dustaqlar arasında: “Tubzon”. Rusca “tuberkulyoznaya zona” ifadəsindən düzəldiblər. Bir növ, tubzon indi bizim balaca repressiya dövlətciyimizin öz “QULAQ arxipelaqı”dır. Kim tubzona basılırsa, sağ çıxmaq ehtimalı azalırmış. Əcaib yerdir. Adından göründüyü kimi, burda vərəm xəstəliyinə tutulan dustaqlar müalicə edilməlidir, yapistlər isə tubzondan cəza mexanizmi olaraq yararlanır. Faşistlərin yəhudilər üzərində apardığı tibbi “təcrübələr” yada düşür.
Sözgəlişi, bizdə xeyli SSRİ pərəstişkarı da var, onlar hətta 1990-cı ilin yanvar hadisələrini - Bakıda dinc əhalinin kütləvi məhvini o dövlətin boynundan atırlar. Deyirlər guya o, əsl SSRİ deyilmiş. (Dini mövzulardakı “əsl islam bu deyil” söhbəti kimi). Əlbəttə. Ukraynada “qolodomor” törədib milyonları acından qıran, 37-38-ci illərdə yenə milyonlarla insanı repressiya edib öldürən, 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexiyaya, 1979-cu ildə Əfqanıstana, 1986-cı ildə Alma-Ata şəhərinə, 1989-cu ildə Tiflisə və sairə və ilaxır - SSRİ-nin planetdə zorla girmədiyi deşik qalmamışdı - girən qanlı ordu kommunist rejimini təmsil eləmirmiş. Hardansa Marsdan gəlibmiş. Amma Mars uzaqdır, bu işdə Amerika barmağı axtaran zarafatcıllar da var.
Mənim uşaqlığım SSRİ-yə, onun yenidənqurma dövrünə düşüb, o vaxtlar bu “qulaq” sözü çox işlənirdi, elə zənn edirdim insan orqanı qulaqdan söhbət gedir. Hətta özümdən bir nəzəriyyə də uydurmuşdum uşaq ağlımla: rejimə qarşı çıxan bu adamlara pis sözlər danışıb, pis sözlərə qulaq asdıqları üçün, imperialistlərə “şpionluq” elədikləri üçün “qulaq” deyirlər. Bu nəzəriyyəyə gəlməyimdə sovetlərin idarələrə qoyduqları “Baş idarə” tipli adlar da rol oynamışdı. Yalnız bir az müstəqil kitab-dəftər oxumağa başlayanda “qulaq” sözünün rusca “qlavnaya upravlenie laqerey” (baş düşərgələr idarəsi) sözlərindən yarandığını öyrənmişdim. Sovet hökuməti hər şeyə bir düşərgə adı yapışdırmağı sevirdi, sanki daimi olmayacağını anlayırdı. Pioner düşərgələri, islah-əmək düşərgələri... Maraqlıdır ki, bir zamanlar cəbhənin o tayındakı alman faşistləri də öz cəza obyektlərinə “konslager” - “toplama, cəmləşdirmə düşərgələri” adı qoymuşdular.
Görəsən, indi bizdə türmələrə niyə müəssisə deyirlər? Özü də çox zırıltı bir adla: cəzaçəkmə müəssisəsi! Həmin ərazilərdə yapistlər cəza istehsalı, cinayətlərin artırılması və bundan mənfəət götürülməsi ilə məşğuldurmu? Hər halda, Azərbaycan cəmiyyətində əksər cinayətlərin artım dinamikası, xalq arasında qeyri-sağlam mühit, böyük və hərdən orda-burda partlayıb üzə çıxan sosial gərginliklər bu cəzaçəkmə müəssisələrində “istehsal prosesinin” güclü təşkil olunduğunu göstərir.
Xədicə İsmayıl, Leyla Yunus, Seymur Həzi və başqaları yapizm zindanlarına davamlı təzyiqlərə, işgəncələrə məruz qalır, onların vəkillərini də az qalırlar tutub içəri salsınlar. Karser cəzası artıq adiləşdirilib, halbuki bunun üçün çox ciddi əsaslar olmalıdır. Adamları içəridə yazdıqları məktublara görə karserə salırlar.
Bu yaxında Şəkidən şikayətlər oxudum. Adamlar deyirdilər ki, Şəkidə türmənin şəhərin içində tikilməsini pis qarşılayırlar, çünki turizm zonası, qədim tarixi şəhərdə türmə tikmək yaramazlıqdır. Çox haqlı şikayət idi. Sanki rejim bu üsyankar şəhəri damğalamaq, daim gözü önündə duran zindanla qorxutmaq istəyibdir. Qobustanı da biz çoxdandır qədim tarixi abidəmiz kimi yox, zindan yerimiz kimi tanıyırıq. Bu da bir ayrı qəsddir.

Bizə qoşulun