Medianews.az
Köstəbəklər və Comolunqma
222 baxış

Köstəbəklər və Comolunqma

zamin yeni razMənə elə gəlir ki, biz YAP haqda hansısa tənqidlər edərkən, hansısa yapistin karikaturasını çəkmək arzusuna düşərkən bir qədər həssas olmalıyıq. Axı YAP sıralarında 600 min nəfər (ya da 600 milyard - dəqiq xatırlamıram, çünki partiya bəzi mətbəx canlıları kimi olduqca sürətlə çoxalır) inciyə bilər! Bəli, say çox önəmlidir. Əgər sən bir qrup müxalifətçi olaraq qalmısansa, gərək yüz minlərlə üzvü olan partiyanın xətrinə dəyməyəsən. Bu, aksiomadır. Kim çoxdursa haqlıdır. O cümlədən, kimin pulu çoxdursa lap çox haqlıdır.
Bu baxımdan, prezidentin Nazirlər Kabinetini toplayıb ötən ilin iqtisadi yekunları haqda müşavirə keçirməsinə bizim hər hansı sözümüz ola bilməz. Ancaq alqışlayırıq. Brejnevin vaxtındakı kimi, gurultulu və sürəkli alqışlayırıq, axırda da hamı ayağa qalxmalıdır.
Misal üçün, mən burdan baxıram, yazını metroda oxuyan bir nəfər hazırda ayağa durmayıbdır, növbəti stansiyada bandotdel gəlib onun haqqında mütləq tədbir görəcəkdir. Demokratiya anarxiya deyildir. Bir üzümüz güləndə, o birisi ağlamalıdır. Mən terroru pisləyirəm, amma şəkil çəkənlər də gərək armud natürmortu çəksinlər.
Eyni zamanda, həmin müşavirədə səslənən rəqəmlərə, təsvir edilən inkişafa baxırsan, qalırsan məəttəl. Bilmirsən bu, hansı möcüzələr ölkəsidir. Örnək üçün, deyirlər Bakı-Qars dəmiryolu tikilib başa çatıb, ancaq heç kim bilmir bu yol harda açılıbdır. Yaxud, deyirlər turizm inkişaf eləyib, bütün dünyadan turistlər Azərbaycana axışırlar, ancaq sən yay-qış bu xarabada bir turistə rast gələndə sevindiyindən az qalırsan adamı tutub yanağından çimdikləyəsən. (Zövqə baxır - kim istəsə ayrı yerdən də çimdikləyə bilər). Hətta fikirləşirsən ki, ola bilsin bizdə paralel dünya, gözəgörünməz turizm mərkəzləri, sirli turist cığırları vardır, “monqol turistləri” həmin marşrutlardan yararlanırlar. Olsun, nə deyirik - yuxarıda yazdığım kimi, sayımız da nəsə demək üçün azdır. Ancaq bu turist köpəyoğlunun Azərbaycana milyonlarla gəlib-getməyi ölkənin qeyri-neft sektorunda özünü nəsə bir şəkildə göstərməli deyilmi? Hanı bu turizmdən dolanan insanlar? Hanı bu turistlərin xidmət sektorunda xərclədiyi pullar? Hanı turizmdən dövlət büdcəsinə gələn vergi-töycülər? Hanı dediyim bəy ərənlər? Yoxdur.
Kiminsə heysiyyatına toxunmadım? O zaman davam edirəm.
Gözəgörünməz fəaliyyətin bir növü də müxalifətçilikdir. Yox, mən AXC-Müsavat cütlüyünü nəzərdə tutmuram, onlar əsl müxalifət deyil. Nazirlər Kabinetinin qərarına görə bizdə əsl müxalifət elə YAP özüdür. Ana Vətən Partiyasıdır, Xanhüseyn müəllimin Sosial Rifahıdır, Asim Mollazadənin ADİP-idir və sairə. Hər il bu müxalifətin inkişafı üçün büdcədən pul ayrılır. Sözüm bunda deyil. Ümumiyyətlə, nə sözümüz ola bilər, can sağlığı, yaxşı yol, maraqlı əyləncələr... Asim bəyin adını gördüm sadəcə, mənə maraqlı gəldi ki, onu nə üçün müxalifət hesab edirlər. İnternetdə, pis çıxmasın, videosu da var: Xarici Dillər-in rektoru Səməd Seyidov Asim Mollazadəni ABŞ səfirliyinin nümayəndəsinə təqdim edir, bu zaman yalan olmasın, bəlkə 50 dəfə təkrarlayır ki, bu Asim müəllimdir, özü də müxalifətçidir. Asim bəy də nifrətlə Səməd Seyidova baxır, ürəyində fikirləşir ki, ya azad ol, ya da yan, Azərbaycan! Qalx ayağa, Azərbaycan, yatmış vulkan, püskür görək!
Yox, əlbəttə, Asim bəy Səməd bəyə ona görə nifrətlə baxır ki, adama 50 dəfə müxalifət deməyin düşər-düşməzi olar. Bir də gördün Asim bəy yolda qurbağaya rast gəldi, onu sığalladı, qəfil çevrilib müxalifət oldu! Qabaqdan deputatxana seçkisi gəldiyi bir zamanda Asim müəllimə bu lazımdırmı? Üstəlik, təzəlikcə Amerika qəzetlərinə çoxlu yazı göndərib, deyir siz cənab prezidentimizdən nə istəyirsiniz? Yəni, bu adam dünya tarixinə prezidenti müdafiə edən müxalifət kimi düşübdür.
Ancaq axtarsan Asim müəllimin it ilində, Buğa bürcünün onuncu günündə Nəsimi rayonu, Papanin küçəsinin İnqilab küçəsi ilə kəsişməsində, ara küçədəki Sona xalanın evinin qabağında tökülən zir-zibilin yığışdırılmaması səbəbindən ABŞ Dövlət Departamentinə, BMT-yə, YAP Ağsaqqallar Şurasına və sairə dövlət orqanlarına kəskin bəyənat verdiyi aşkara çıxacaqdır. Müxalifətçilik ta necə olur? Asim müəllim konstruktiv müxalifətdir - iqtidarı müdafiə edir. Müxalifəti müdafiə edən iqtidara isə konstruktiv iqtidar deyilir.
Köstəbəklər üçün Comolunqma dağının “dünyada ən dərin çökəklik” olduğunu bilirdinizmi?

Bizə qoşulun