Bir müşahidəmi hörmətli oxucularla bölüşmək istərdim: bəzi qadınlar küçədə, parkda, dükan-bazarda uşaq arabası ilə (təmiz türk dilimizdə yazsaq kolyaska - “qoluna yastılanıb yatan uşaq” deməkdir; kolbasa da qədim türk sözüdür, ta onu özünüz bilirsiniz, niyə yazım) elə əda ilə dolaşırlar ki, deyərsən bəs astronom alimdirlər, bu araba da minimum “Rozetta” aparatıdır, indicə içindən “Fila” modulu ayrılıb Çuryumov-Gerasimenko kometinin təpəsinə enəcəkdir.
Əlbəttə, başa düşürük, çiçəklənən respublikamızda nəsil artırmaq böyük uğurdur, bizdəki ailə-ağsaqqal-yengə-ağbirçək-qayınana-yeznə-baldız qurumları Avropada yoxdur, hətta alçaq Ermənistan boşalıb gedibdir. O cümlədən, səkiləri dükançılara satılan ana vətənimizdə kolyaska gəzdirmək doğrudan çətin işlərdən biridir. Ancaq hər halda, Marsa uçmaq qədər çətin deyil. Bir az aşağı enin, ey gənc analar! (Gənc ana adlanan varlığın qəzet oxumaq ehtimalının sıfıra bərabər olduğunu bildiyim üçün arxayın yazıram, yoxsa bu saat məmləkətdə hamı əsəbidir, YAP-ın qərargahı qabağında it gəzdirən cavan oğlanı srağagün ictimai-siyasi sabitliyə görə öldürüblər).
Marsdan söz düşmüşkən - ifadəsi necə gözəldir! - amerikalıların qırmızı planetə göndərdiyi “Opportuniti” yeriyən qurğusunda təzəlikcə yaddaş problemləri aşkar olunubdur. Problem təxminən belədir ki, aparat Mars səthindən çəkdiyi şəkilləri-zadı yaddaşa verib Yerə göndərənəcən itirir. Əcəb olur! Azərbaycana ilişəndə bilmirdinizmi? Ramiz müəllimin 56 min səhifəlik sonuncu anti-imperialist məqaləsində yaxşı göstərilmişdi!
Çox adamın xəbəri yoxdur, əslində amerikalılar Mars proqramını bizə görə başlayıblar. Onlar hələ ötən əsrin 70-ci illərində Azərbaycanda aparılan dinc quruculuq, davamlı inkişaf... pardon, davamlı inkişaf indidir, o vaxt hələ dinc quruculuq və adını siz deyin... hə, yadıma düşdü: korrupsiya ilə mübarizə tədbirlərini gördükdə anlamışdılar ki, iki qoçun başı bir qazanda qaynamaz, Yerdə ya azərbaycanlılar qalmalıdır, ya da amerikalılar. O səbəbdən köçüb gedirlər. İnşallah, 2030-cu ildə ilk amerikalıların Marsa köçü planlaşdırılır. Böyük ehtimalla o zaman Yeni Günəşlidə ipoteka ilə ev almaq istəyən gənclərimizin sevincində böyük artım olacaqdır!
Düzdür, başqa versiya da var ki, amerikalılar və avropalılar ərəblər və ruslarla bir planetdə yaşamaq istəmirlər, köçməyi üstün bilirlər, ancaq bizim söhbət daha ağlabatandır. Əlbəttə, istənilən versiyanın yaşamaq haqqı var. (Çoxdandır bu düşük cümləni yazmağa fürsət gəzirdim. Oxqayy!)
Yeri gəlmişkən, bu “Opportuniti” aparatının maraqlı tarixçəsi var. NASA (bu, Amerikada Bakı beynəlxalq avtovagzalı kimi bir idarədir, rəhbərliyinə də Barak Obama balaca qaynını qoyubdur) “Opportuniti” qurğusunu Marsa 2004-cü ildə göndərib. Ötən 10 ildə qurğu öz istifadə müddətindən 44 dəfə artıq iş görmüşdür! Yalan olmasın, bu saat NASA operatorları hətta qurğunu xarab eləməyə çalışırlar ki, marşruta təzə avtobus, üzr istəyirəm, qurğu buraxsınlar, ancaq “Opportuniti” dörd təkərini dirəyib Mars torpağına, işləməkdədir.
Başqa elmi məlumatları da dəyərli oxucularımla bölüşmək istəyirəm, çünki bilik paylaşdıqca artır.
Yerdən Marsa qədər minimum məsafə 56 milyon kilometrdir. Bunun nə qədər olmasını təsəvvür edəsiniz deyə müqayisə edək. Bakıdan Qazağa qədər məsafə 470 kilometrdir. Yəni Yerdən Marsa getmək üçün Bakı-Qazax yolunu bir başa 119 min 149 dəfə, o baş-bu baş isə 59574 dəfə getmək lazımdır. Əgər sən istəsən Marsa qurudlu xəngəl yeməyə gedəsən, bunun üçün xeyli pul, vaxt lazımdır. Bunlar hamısı mürəkkəb kosmik hesablamalardır, Xəzər Universitetinin Kosmik-Xəngəl və Xaş Dırnağı Mərkəzinin əməkdaşları, başda professor dr. qr. fr. z.r.t. Mail Yaqub müəllim olmaqla xeyli əziyyət çəkmişik. Bizə bu araşdırma üçün şərait yaratdığına görə universitetin ölməz rəhbəri, Homer irsinin layiqli davamçısı, dəxi professor feəi. tn. Hamlet İsaxanlı müəllimə də dərin minnətdarlığımızı bildirirəm.
