Medianews.az
Həyasızların həyatı
528 baxış

Həyasızların həyatı

zamin yeni raz

“Həyasızın üzünə tüpürdülər, dedi yaz yağışıdır”

(Azərbaycan ata sözü)

Bəzi gülməşəkər politoloq və siyasətçilərimiz Azərbaycanda repressiyanın qol-qanad açmasından ruhlanmaqla yanaşı xalqı ruhdan salmağa da cəhd edirlər. Örnək üçün “Bax, ruslar Ukraynaya girdi, Qərb heç nə eləmədi, biz də gərək sakit duraq yerimizdə, bizə heç kömək olmayacaq”, “Qərbin Azərbaycan rejiminin diktatura qurmasına cavabı yüngülvarı narahatlıq olacaq, vəssalam” söhbətlərini geniş yayırlar.
Bu, dolayısı ilə yapizmə xidmətdirsə, eyni zamanda sivil dünyanın təzyiq və çəkindirmə üsullarını anlamazlıqdan irəli gəlir. Sivil dünya axmaq rejimləri dayandırmaq üçün sərt üsullara, loru dillə desək, şapalağa ən axırda əl atır. Əslində sivil dünyanın, birbaşa desək, Avropa dəyərlərinin gerizəkalı totalitar rejimlərdən ən önəmli fərqi də elə mübarizə üsullarındadır. Qərb kökü Henri Devid Toro, Martin Lüter Kinq, Mahatma Qandi, Vatslav Havel kimi insanlara dayanan dinc mübarizə üsullarına üstünlük verir. Şərin başına bombanı ən axırda - başqa yol qalmayanda atırlar. Bu haqda çoxlu sayda misal gətirə bilərəm, amma mövzumuz deyil.
İndi Rusiyanın, İranın, o cümlədən bu rejimlərin satelliti olan Azərbaycan, Venesuela tipli neft diktaturalarının embarqolar, neft qiymətlərinin salınması yoluyla sıxışdırılması Qərbin münasibəti deyilsə bəs nədir? Rusiya artıq qarın ağrısına düşüb, iqtisadi problemlər üzündən Azərbaycana, Ukraynaya, Qazaxıstana qatarları dayandırıblar. Yapistlər də “bir çox infrastruktur layihələrini saxlamağa məcburuq” deyirlər. Hələ proses təzə başlayıb, əmin ola bilərsiniz ki, gələn il çox yuxarıdan gedən rejim yiyələri dombalaq aşacaqlar.
Ancaq təbii ki, belə iqtisadi çətinliklərin altını ilk növbədə xalqlar çəkir. Ayrı cür mümkün də deyil. Hansı rejimi başınız üstündə saxlayırsınızsa, yıxılanda da onun altında qalırsınız. Zəhmət çəkib vaxtında ayıq-sayıq olun, fil qulağında yatmayın, ölkənizdə hakimiyyəti bir ovuc quldurun mənimsəməsinə imkan verməyin. Avtoritarizm xərçəng xəstəliyi ilə eyni mahiyyət daşıyır - nə qədər tez üstünə düşüb müalicə eləsən o qədər asan aradan qalxır. Metastaz verəndən sonra isə gec olur.
Əslində mən həyasızlıq haqda yazmaq istəyirdim. Fikir vermisinizsə, ölkəmizdə həyasızlıq həyat normasına çevrilib. Uzağa getmədən 3 misal çəkim.
Bunlardan ikisi kriminal xəbərdir. Bir cavan oğlan dostunu bıçaqlayıb öldürüb, polis bunu tutanda isə deyir: “O mənə pul borc vermişdi, yaxşılıq eləmişdi, gərək axıracan da yaxşılığı saxlayaydı, pulunu geri istəməyəydi. İstədi, mən də bıçaqladım. Əcəb eləmişəm”. Heyrətamiz həyasızlıqdır, eləmi? İkinci xəbərdəki tip də bundan geri qalmırdı: həmkəndlisinin evinə qonaq gedib, çörəyini yeyib, sonra ev yiyəsini öldürüb, arvadını da ağır yaralayıb.
Həmin xəbərlərin yanında isə Mərkəzi Seçki Komissiyası sədrinin bələdiyyə seçkilərində əhalinin aktiv olmayacağından narahatlığı başlığı getmişdi. Təsəvvür edirsinizmi? 20 il seçki prosesinin anasını... ağladırsan, bütün seçkiləri əvvəldən axıra saxtalaşdırırsan, sonra da deyirsən ki, balam, görəsən, bu millət niyə bələdiyyə ilə maraqlanmır.
Yadınızda olar, 3-4 gün qabaq Sumqayıtdakı Vərəm Dispanseri haqda yazmışdım. Oxucu şikayətlənirdi ki, dispanser təmir edilib, amma icra başçısı lenti kəsmədiyi üçün vərəmli xəstələr yollarda qalıb. Həmin gün (4 dekabr) Səhiyyə Nazirliyi öz saytında xəbər yaydı ki, dispanser artıq açılıb. Mən də sevindim, oxucuya xəbər verdim. Ancaq adam gedib dispanserə, məlum olub xəbər yalandır, baş həkim deyib dispanser yalnız 15 dekabrda xəstələrin istifadəsinə veriləcək.
Bəs buna nə ad qoyaq?
 

Bizə qoşulun