Putin Krım və Donbası tutub, bizim rejim də Leyla Yunus və Xədicə İsmayılı. Böyük uğurlardır. Xarici qara qüvvələrin dəyirmanına su tökən hər kəs tutulacaqdır, ölkəmizdə kommunizm qurulacaqdır, Ramiz müəllim də təzədən AKP MK-nın ideologiya şöbəsində müdir olacaqdır. Sizə ayrı nə lazımdır?
Başqa bir görünməmiş hadisə - elə çıxdı jurnalist və QHT rəhbərlərinin həbsi bizdə görünmüş hadisədir, ancaq bu yanlışı düzəltmədim - prezidentin mətbuat katibi Azər müəllimin bir həftədə 2 dəfə ekranlara çıxmasıdır. Hər iki dəfə Amerika imperialistlərini susdurmaq üçün çıxıbdır. Halbuki, Azər müəllim hələm-hələm “efirlərə” (toy manısları demişkən) çıxan deyildi. Görün müqəddəs müharibə hansı mərhələyə qədəm qoyub ki, dağdan ağır artilleriyalar səhnəyə toplaşırlar.
Eyni vaxtda prezidentin Kütləvi İnformasiya Vasitələri haqda qanuna - nə qədər təəccüblü olsa da bizdə hələ belə qanun qalır - dəyişiklik təkliflərini deputatxanaya göndərməsi maraqlıdır. Bu dəyişikliyin birinə görə ildə iki dəfə məhkəməyə verilən qəzeti bağlamaq mümkün olacaqdır.
Gözəl qərardır. Artıq zəhmətə, imitasiyaya nə ehtiyac? Zəhmət çəkin Soğanverdilər kənd sakini Səltənət arvadın hər inəkdən min ton süd sağmasından yazın.
Hərçənd, adam qorxur deputatxana bu dəyişikliyi qəbul eləməsin. Misal üçün, İqbal Ağazadə ilə Asim Mollazadə əleyhinə səs versə, qanun keçməyəcək. O zaman biz neyləyərik? Uşaq vaxtı bir şeir var idi, başqa səfeh dostlarla tumançaq ora-bura qaçışanda oxuyardıq: “Hitler yazıq neyləsin, Saqqalin dartıb çeynəsin”. Amma sən demə Hitlerin heç saqqalı yox imiş.
Sözümün canı odur ki, amerikalılar neftin qiymətini saldıqca biz də burda onların işçilərini zindana salacağıq. Qorxularından səfir göndərə bilmirlər neçə aydır... Səddama, Qəddafiyə, nə bilim, Mübarəkə ağlınız getməsin. Bizim monolit xalq-dövlət, dövlət-xalq birliyimiz vardır. Biz istəsək “Azərsat” peykini döndərib Yupiterə uçarıq.
Ümumiyyətlə, Azərbaycanda xəbərçilik edənlərin bəxti heç vaxt gətirməyib. Erməni vertolyotunu vuran əsgərə mükafat verdilər, hadisəni telefonla çəkən əsgəri isə cəzalandırdılar. Halbuki, ikinci olmasa heç birinci el arasında bu qədər populyar, sevimli insana çevrilməzdi.
Qeyri-hökumət təşkilatları da cəbhənin ön xəttindədir, bu saat Qərbin anasını ağladırlar. Gəlin onlardan birinin - Sağlam İnkişaf və Maarifləndirmə ictimai birliyinin (SİMİB - abbreviatura insanda Qərbin bədbəxt taleyi haqda pis düşüncələr yaradır) sədri Anar Xəlilov yoldaşın Roma papasını məhv edən bəyanatını oxuyaq: “Bunlar özlərini nə hesab edir maraqlı sual çıxır ortaya? Papa gəlib Türkiyədə sərhəd davası edir, bunlar ədalət davası. Maraqlıdır Papanın vəzifəsi siyasətdir yoxsa Xristian dininin katolik qolunun mənafeyinə xidmət? Mənim dinlə işim yox aydın başa düşülsün. Bütün dinlərə ehtiramım var. Sadəcə Papa o Avropada kişini- kişi ilə qadını- qadın ilə evləndirənlərə öz iradını bildirsə və o işlə məşğul olsa daha yaxşı olar. Əsl insanlıq faciəsi odur hansısa sərhədin bağlı olması yox”. (Üslub və səhvlər saxlanıb -Red)
Doğrudan da, papa nə üçün Anar müəllimə qulaq asmır? Bütün dinlərə ehtiramı olan insanları dinləmək lazımdır. Hələ ardı da var: “Narahat olmayın agentləriniz də çox yaxşıdırlar Azərbaycanda hələ heç kimi tarix boyu tonqalda yandırmayıblar o qədər humanistik ki, tezliklə əhv edib buraxacayıq”. Düzdür, burada prezidentimiz Anar müəllim əfv fərmanı imzalayacağını bildirib bizi sevindirir, ancaq tonqal söhbətində Papaya nahaq sataşır. Qoca kişidir, oxuyar, ölər. Onsuz hamımız bilirik Cordano Brunonu pis yandırıblar, ta bunu addımbaşı üzə vurmaq nəyə gərək? İgid basdığını kəsməməlidir.
Sonda hökumətimizin bir humanist addımını da qeyd edək, nədənsə o, SİMİB sədrinin yadından çıxıbdır. Əlbəttə, hamısını o qeyd edəsi deyil, biz də işləməliyik. Addım isə ondan ibarətdir ki, bizdə Amerikaya işləyən jurnalistləri ancaq həbs edirik. Halbuki, İŞİD-in əlinə o jurnalistlər düşsə axırları necə olar? İkili standartlar lazım deyil.
