Medianews.az
Barrankabermexa şəhəri qalır
460 baxış

Barrankabermexa şəhəri qalır

zamin yeni raz
Xəbərlərdə oxudum, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin növbəti görüşü İsveçrənin Bazel şəhərində olacaqdır.
Burda bir haşiyə çıxım. Tarix İnstitutumuzun şefi Yaqub müəllimin dərin araşdırmalarına görə (qazıb çıxardıb) “Bazel” şəhərinin adı qədim türk sözüdür, “baz el” deməkdir. Hun imperatorluğu zamanında Atillanın uşaqları bu əraziyə gedirmişlər. Nə üçün gedirmişlər, ta onu mən yazmayım, qəzetin üstündə 18 + işarəsi yoxdur. Hərçənd, son illərin təcrübəsi göstərir ki, olsa yaxşıdır. Bütün mediamız üzərində bu işarə vurulmalıdır. Məktəbli uşaqların tərbiyəsi əldən gedir. Misal üçün, publisistikamızda yeni janr - qancıq publisistikası əmələ gəlibdir. Bu janrda yazanda materialın içində minimum 5 yerdə “qancıq”, 3 yerdə “ermənisifət köpəyoğlunun qarnından çıxmış sıpa”, 1-2 yerdə də nisbətən yüngül ifadələr: it balası, qoyun oğlu qoyun, tula, küçə qadını, prospekt kişisi və sairə sözlər, ifadələr işlədilir. Qayıdaq mövzumuza, yoxsa mövzu əldən gedir.
Mövzu isə budur ki, Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Qarabağ münaqişəsini Bazeldə müzakirə edəcəklərsə buna çox sevinirik. Çünki indiyə qədər Qarabağ münaqişəsi Bazel şəhərində müzakirə edilməyibdir. Bəlkə Sürixdə olub, hətta mənim yadıma dumanlı şəkildə Cenevrə də gəlir, ancaq Bazeldə danışıqlar ilk dəfədir. Hərçənd, o da mümkündür ki, Bazeldə xarici işlər nazirlərimiz danışıblar, ancaq bunu açıqlayan ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri yox, fransalı həmsədri olubdur. Yaxud, Bazeldə Azərbaycan və Ermənistan prezidentləri görüşə bilərdilər. Bunlar çox fərqli şeylərdir.
Daha hansı şəhərlərdə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri görüşməyibdir? Bunun üzərində ciddi araşdırma aparılmalıdır. Sonra nazirlərin həmin şəhərlərdə də görüşləri qayırılmalıdır. Mütləq. Bir jurnalist olaraq Qarabağ münaqişəsinin həllinə öz töhfəmi vermək istəyirəm və indiyə qədər xarici işlər nazirlərimizin görüşmədiyi şəhərlərin şortu-listini (ingiliscə “mümkün namizədlərin siyahısı” deməkdir, ağlınıza qəti pis şeylər gətirməyin, mən yuxarıda adını çəkdiyim publisistika səviyyəsinə hələ yüksələ bilməmişəm) burada dərc edirəm. Ümid edirəm Elmar Məmmədyarov və Vartan Bostanyan tezliklə bu şəhərlərdə də görüşüb Qarabağ danışıqlarına öz töhfələrini verəcəklər:
Alikante, Abervil, Apeldorn, Axen, Ayaçço - bunlar Avropadadır;
Asiyaya keçsək Ahmadnaqar (bu da türk sözüdür, “Əhməd, nə qayırırsan!” ifadəsindən yaranıb), Anşan, Antakya, Akaba; 
“B” hərfi ilə başlayan şəhərlərdən isə qeyd edə bilərik Bağdad, Baden-Baden (münaqişə sürətlə həll olunsun deyə bu şəhərdə iki dəfə görüş olmalıdır), Badaxos, Bandunq, Barrankabermexa, Beyrut, Blaqoveşşensk;
Hələlik bu qədər, əgər Xarici İşlər Nazirliyi əməkdaşlıq təklif eləsə can-başla başqa şəhər adlarını da onlara yazıb verə bilərəm. Biz dövlətçiliyə ta haçan xidmət etməliyik ki? Bu yaxında bir telekanalizasiya zəhmətkeşi də çox gözəl qeyd edib ki, gərək hamımız MTN-ə işləyək, harda zibil qabının yanında torba görsək zəng vuraq. Əlbəttə. Hətta elə jurnalistlər var ki, güzgüyə baxanda da zibil torbası görsə MTN-ə zəng vurmalıdır.
O biri dövlət qurumlarını da unutmamalıyıq, ətrafımız qarı düşmənlərlə doludur. Misal üçün, jurnalistlər vaxtaşırı turp əkinlərində çalışmalı, xəstəxanalarda imalə eləməli, məktəblərdə dərs keçməlidir (Axırıncını bir ara Kamal Abdulla müəllim Bilik Fondu vasitəsilə düzəldirdi, nədənsə yarımçıq qaldı). Hər bir jurnalist dövlətin əsgəri olmalıdır. Şair necə yazmışdı? “Müsəlləh əsgərəm mən də bu gündən!”. İndiki uşaqlar belə gözəl misralar oxumurlar...

Bizə qoşulun