Bir-iki ay qabaq bir şirkət Bakıda dinozavrların sərgisini qayırmaq qərarına gəlib, bu məqsədlə hardasa aeroport yolu tərəflərdə salon kirayələyiblər, heyvanları yığıb gətiriblər. Deyilənə görə bu sərgi dünyanın çox yerini dolaşıbmış, Fransadan Rusiyaya qədər min dənə yerdə göstərilibmiş. Ancaq böyük ehtimalla Bakı sərginin sonu olacaqdır. Çünki şanlı yapistlərimiz dinozavrları... girov götürüblər.
Tamamilə düzgün oxudunuz, söhbət sözün əsl anlamında girovluqdan gedir. Dünən bunu öyrənəndə öncə qəhqəhə çəkib güldüm, sonra yazıq dinozavrların halını düşünüb zar-zar ağladım. Sonra “O ses Türkiye” yarışmasında həmyerlimiz Elnur müəllimin möhtəşəm, Anadolunu titrədən, Qafqazı parçalayan, Avrasiyanı sökən çıxışını, performansını, nə bilim, daha hansı manısını xatırladım, üzüm təzədən güldü.
Biz beləyik da bə, insanlarımızın qədrini bilmirik, halbuki bir dəqiqədə yeddi dəfə əhval-ruhiyyə dəyişən insanlarımızdan heç yanda yoxdur. Elnur müəllim də tez qayıtsın gəlsin, onu “Səni saxlayıram” verilişində ekspert, “Qancıq tayadan düşməmiş” verilişində aparıcı köməkçisinin mikrofon daşıyanı, “Gecə qara, cücə qara” tok-şousunda isə münsiflər heyətinin üzvü kimi görmək istəyirik. Lazım gəlsə Biləcəri bələdiyyəsinə sədr də seçərik, hamısı xalqın əlində deyilmi!?
Mövzudan uzaqlaşmayaq, sən demə, dinozavrlar Bakıda qaldıqları müddətdə yaxşı pul qazana bilməyiblər, onları gətirən şirkət salonun kirayə haqqını ödəməkdə çətinliklə üzləşib, nəticədə dinozavrlar girov götürülüb. İndi salon yiyəsi oliqarx dinozavr gətirən oliqarxa deyir pulumu ver, yoxsa tiranozavrın ağzını cıraram, spinozavrı “Koroğlu-Aeroport” marşrutuna avtobus sifətində buraxaram, arxeopteriksi Dubaya ezamiyyətə göndərərəm və sairə. Durum çox ağırdır, ola bilsin dinozavrların nəsli ikinci dəfə kəsiləcəkdir.
Axı bu dinozavr yoldaşlardan soruşan gərək sizin Bakıda nə itiniz azmışdı? Bura Yura dövrünün yox, Hacıbala dövrünün parkıdır. Bura bizim milli dinozavr-məmurlarımızın meşəliyidir, ov arealıdır. Siz burda baş çıxara bilməzdiniz. Yazıqlar olsun... Ümid edirəm ağlınız başınıza gəlmişdir. Hələ sevinin Hacı Məmmədovun əlinə düşməmisiniz, sizi o girov götürsəydi apatozavrın sağ qulağını tikə eləyib “Ay Zaur” verilişində göstərərdi.
Dövlətçiliyimiz isə dinozavrların girov götürülməsindən sonra daha aktiv inkişaf edir. Fikir vermisinizsə, son aylarda hökumət düşmən gözüylə yanaşdığı jurnalistlərin, siyasi partiya nümayəndələrinin, bloqqerlərin və başqalarının sənədlərində çoxlu yanlışlar “tapır”. Gah onun pasportu saxta elan edilir, gah bunun şəxsiyyət vəsiqəsi. Elə bil bu “saxta” kağızları haçansa özləri verməyiblər, camaat yerdən tapıb, ya da hansısa zirzəmidə Həsənquluya qayırtdırıb.
Mən bu sənəd repressiyasında maraqlı məzmuna diqqət yönəltmək istəyirəm: demək rejim elə bir mərhələyə qədəm qoyub ki, artıq özünün verdiyi vətəndaşlıq sənədlərini də saxta sayır! Bu, Azərbaycanda vətəndaşlıq böhranını, ölkədə dövlət adlanan bir şeyin olmadığını necə də gözəl simvolizə edir! Saxta hakimiyyət dolayısı ilə etiraf edir ki, verdiyi rəsmi sənədlər hamısı saxtadır.
Polisin qanunsuz saxladığı jurnalistlərdən biri haqda açıqlaması isə dövlətçiliyimizin romantizm cərəyanına hədsiz aludəçiliyindən xəbər verirdi. Sitat: “Jurnalist olmaq asandır, ancaq yaxşı vətəndaş olmaq çətindir”. Elə bil rəhmətlik Bəxtiyar Vahabzadə ilə Məmməd Araz polis idarəsində oturub bəyanat yazırlar (Nəzərə alsaq ki, hər iki şairin nəvə-nəticə və kötücələri hüquq-mühafizə orqanlarında doludur, bəlkə bu məzmunu təbii qarşılamalıyıq).
Eyni zamanda, polisin məlumatı bu dəfə də səhvdir, çünki jurnalist olmaq heç asan deyil. Dünyada təhlükəli peşələrin ilk üçlüyündə məhz jurnalistika var. Sıralama bu cürdür: şaxtaçılar, jurnalistlər, bələdiyyə üzvləri. (Axırıncını zarafata yazdım, əslində vəhşi heyvan təlimçiləridir).
İkinci hissəyə gələndə, yaxşı olar yaxşı vətəndaş axtarmaqdansa polis gedib yazıq dinozavrları girovluqdan azad eləsin. Hərə öz işi ilə məşğul olmalıdır. Dinozavrlar orda mələyirlər.
