Medianews.az
“Sən niyə burda deyilsən, Uoldo?”
440 baxış

“Sən niyə burda deyilsən, Uoldo?”

zamin yeni razLeyla Yunus təcridxanada vəsiyyət eləyib. İlkin Rüstəmzadəni hökumətin siyasi məhbuslar üzrə yaratdığı karikatur “işçi qrupu” tənqid elədiyi üçün zindanda karserə salıblar. İntiqam Əliyevin 30 noyabrda doğum günü idi. Rəşadət, Üzeyir, Zaur, Məhəmməd, Seymur, Tofiq, Yadigar, İlqar...

Bu insanların zəhməti doğrudanmı lazım deyil? Onlar da bəzi konformistlər kimi beş manata satılmalı, avtoritarizmin ayağına düşməli idilər? Qətiyyən. İnsanlığı, bəşəriyyəti qabağa aparan məhz bu cür mübariz, barışmaz insanlardır. Vaxtilə hər ölkənin, hər sahənin belə qəhrəmanları olub, olacaq. Yoxsa boşboğazlıqla tarixin təkəri irəli getməz. Hər cür parazitlər hər cür rejimlərdə tapılır. Lakin insanlığı tərbiyə edən barışmaz, mübariz, savaşçı insanlardır. İstərdim orda-burda çərənçiliklə məşğul olan, hansısa kompromislərdən dəm vuran, siyasi dustaqların adı və əzabları ilə alver edənlər bunu anlasınlar.
Srağagün Anar Məmmədli mənə zindandan zəng vurmuşdu. Dedi ki, 3 dəqiqə vaxt alıb, amma zindan rejimi bizi heç 1 dəqiqə də danışmağa qoymadı, nədənsə əlaqə kəsildi. Ancaq Anar bəyin zəngi mənə nə qədər xoş oldu! Bunu uzun müddət unutmaram.
Əlbəttə, mən Emerson deyiləm, Anar bəyi isə ictimai dəyərinə görə Azərbaycan xalqı üçün “Henri Devid Toro” saymaq olar. Onun zəngindən azacıq qabaq mən 19-cu əsrin ortalarında ABŞ-ın Konkord adlı şəhərciyində olmuş çox ibrətamiz bir əhvalat haqda oxuyurdum.
Henri Devid Toro - böyük mütəfəkkir və ictimai xadim həmin dövrdə ABŞ-ın Meksika ilə apardığı müharibəyə etiraz edərək vergiləri ödəmirmiş. Toro yazırdı ki, mənim vaxtım yoxdur ödədiyim dollarların silaha sərf edilib kimisə öldürəcəyini, yoxsa xeyirli bir işə sərf olunacağını izləyim, buna əmin olmadığıma görə də dövlət adlanan bu hərb maşınına vergi ödəmirəm. Nəticədə onu zindana salırlar. O dövrdə Konkord şəhərciyində başqa bir amerikan dahisi - şair, filosof, ictimai xadim Ralf Uoldo Emerson da yaşayırdı. Emerson şəhərdə gəzəndə Toronun zindana salındığını eşidir, gəlib ona baş çəkir və deyir: “Henri, sən niyə burdasan?”. Bu zaman Toro tarixi bir cavab, daha doğrusu, sual verir: “Uoldo, sən niyə burda deyilsən?”.
Bax, Azərbaycanda bu saat hər bir vicdanlı adamı düşündürən sual bu olmalıdır ki, haqsızlıq, vicdansızlıq, yalan, yaltaqlıq, repressiya baş alıb gedirsə mən niyə mübarizənin ön xəttində deyiləm, məni niyə tutmayıblar? Etiraf edim ki, Anar Məmmədli ilə qısa danışığımız zamanı mən özüm üçün bu suala cavab axtarırdım, tapmırdım.
Vicdan məhbuslarının cəmiyyət üçün başqa bir xeyrini yazım. Öz başıma gələn əhvalatdır yenə də.
Bir dəfə, hardasa iki ayın söhbətidir, dükanda xırda problemlə üzləşmişdim - satıcı məni aldatmışdı. Amma mən o satıcını tanıyıram, müəyyən məişət problemlərinin varlığını bilirəm. O səbəbdən üz vurmadım və aralandım. Sizcə məni bu hadisədə bir növ tərbiyə edən, sakitləşdirən kim, nə oldu? Təkcə onun çətinliklərini bilməkmi? Yox. Ağlıma gəlməyən bir psixoloji durum yaşamışdım: həmin anda fikirləşmişdim ki, görəsən Rəşadət Axundov bu anda, mənim yerimdə olsa nə edərdi?
Təsəvvür edirsinizmi? Axundov iki ilə yaxındır günahsız həbsdə yatır, gənc ömrünü Azərbaycan xalqının - heç onun adını belə bilməyən yüz minlərlə insanın insan kimi yaşaması uğrunda fəda edir, mən durub bir dükançını bir xırda məsələyə görə sıxışdırmalı idim? Əlbəttə yox. Cəmiyyətin örnəklər qazanması belə olur. Martin Lüter Kinq zəncilərin azadlığı uğrunda həlak olmasaydı bu gün Obama prezident olmazdı. Hər bir cəmiyyət üçün onu tərbiyə edən, onu qoruyan, saxlayan, gələcəyə daşıyan dəyərlər olmalıdır və bu dəyərlərin başında insanlar gəlir. Azərbaycanın neft fondu boş şeydir, Azərbaycanın insan fondu var və bu fondun qızılları, brilyantları bu saat zindanda saxlanan o siyasi məhbuslardır. Rejim onları oğurlayıb, öz seyfində gizlədib ki, onlar ölkədəki qaranlıqda parlamasınlar, ətraflarını işıqlandırmasınlar.
Sonda İntiqam bəyi doğum günü münasibətiylə təbrik edirəm.

Bizə qoşulun