Medianews.az
Normal insanın yetişməsi
488 baxış

Normal insanın yetişməsi

zamin yeni raz

Deputatxana üzvlərimizdən Səyavuş Novruzov yoldaş təhsil sistemini tənqid edibdir, məncə, bu, yanlışdır, bir az da təvazökarlıqdır. Sitat: “Azərbaycanda 23 ildir təhsil islahatları aparılır, amma ortada bir nəticə yoxdur”.

Etiraz edirəm. Nəticə var, bunu çox uzağa getmədən, AzTV İbrahim demişkən, “Elə Yaponiyanı götürərək”də görmək olar. Yazdığım kimi, Səyavuş müəllim təvazökarlıq edibdir. Əgər biz zaman maşınına minib, qara dəliyə yuvarlanıb 23 il geriyə qayıda bilsək, bax, o vaxt Səyavuş müəllim kim idi? Demək olar heç kim. YAP qərargahının qapıçısı idi, Əli adlı, indi soyadı yadıma düşməyən bir yapokratın (sonralar “Sobes” naziri də işlədi həmin Əli) cangüdəni idi, bir də asudə vaxtlarında “Neftçilər” metrosunun yaxınlığında gənclərə dombalaq aşmağın, qulaq sındırmağın üsullarını öyrədirdi - elmi dildə desək, güləş kursları keçirdi.
Ondan bəri ötən 23 ildə Səyavuş müəllimin öz təhsilini artırmaq, elmi mücadilə yolundakı addımlarına Eynşteyn həsəd aparar, Azad Mirzəcanzadə isə şübhəsiz, infarkt olardı. Təsəvvür edin: bu müddətdə Səyavuş müəllim BDU-nun hüquq fakültəsini qiyabi, ABU-nun tarix fakültəsini əyani, CQU-nun beynəlxalq münasibətlərini axşam, TFU-nun geopolitika ixtisasını günorta, MRU-nun isə multipultikulturizm şöbəsini tülkü durmazdan bitirərək saysız-hesabsız diplomlar almışdır. Bundan başqa, Səyavuş müəllim tarix və hüquq elmləri doktoru adını almış, “Neft durbası: onun yoğunluğu ilə qanunvericilik arasında əlaqələr” mövzusunda akademik olmuşdur.
Qalan deputat və nazirlər, məmurlar da Səyavuş müəllim qədər olmasalar da, hamısı öz üzərində, millətin üzərində çalışıblar, 23 il təhsil sistemində böyük islahat aparıblar, hırla zırın fərqini bilməyən, iki eşşəyin arpasını bölməkdə çətinlik çəkən, həyatda ən böyük arzusu Tolik qədər tanınmaq olan nəsil yetişdiriblər. Bunlar bəs uğur deyilmi, Səyavuş müəllim?
Hələ bu cür özünütənqidin mənfi fəsadları aradan qalxmamış Səyavuş müəllim çox radikal addımlar təklif edibdir. Deyir müəllimlərin sayı lazım olandan 3 dəfə çoxdur. Deyir, kitabların üz qabığı ağırdır, uşaqlar məktəbə daşıya bilmir. Ən nəhayət, elə bir söz deyibdir ki, mən özüm karıxıb qalmışam, anlamıram Səyavuş müəllimə nə olubdur, iraq olsun, bəlkə də xəstələnibdir. Sitat: “Normal dərs verib, normal insan yetişdirmək lazımdır”.
Vallah, belə görürəm axırda gəlib deyəcək durun burdan, sizin yerinizə qəzetdə tənqidi yazılar yazacağam. O zaman gərək biz də gedək oturaq deputatxanada, xalqın yükünü dartaq. Olmadı ki... Mən tənqid eləyim, sən tənqid elə, Ramiz müəllim tənqid eləsin, Avropa Şurası pisləsin, ABŞ departamenti bəyanat versin, İran dua oxusun, Türkiyə qarğış eləsin... Bəs respublikamızda işləri kim görəcək?
Hesab edirəm ki, (bu ifadəni Müsavat başqanı Arif Hacılıdan öyrənmişəm), Səyavuş müəllim rəngləri həddindən artıq tündləşdirib, erməni dəyirmanına su axıdıb. Təhsil sahəsində hər şeyi bu qədər qara görmək olmaz. Heydər Əliyev Fondu nə qədər məktəb təmir edibdir! Bakımızın özündə neçə məktəbin fasadı qaşınıb ağardılıb! Şagirdlərin bir çox dərsliklərində heç üz qabığı yoxdur, bunu da yalan deyir.
Müəllimlərin sayına gələndə, guya Səyavuş müəllim bilmir ki, müəllimlərin sayı seçkilər, yaltaqlıq tədbirləri üçün lazımdır, onsuz o say önəm daşımır, maaş azdır? Bilir. Sadəcə, özünütənqid mazoxizminə yoluxubdur. Məncə, sadist olmaq deputata daha çox yaraşır.
Sonda bir selbə də MSK sədri Məzahir müəllimə tullayaq, bəlkə dəydi.
Məzahir müəllim, bələdiyyə seçkiləri üzrə təşviqat plakatlarının birində məktəb şəkli çəkmisiniz, guya camaat belə şirniklənəcəkdir. Rica edirəm, ötən illərdə hansısa bələdiyyənin hansısa məktəbin bir yaralı barmağına “çiş” eləməsi haqda hər hansı məlumatınız varsa bunu xalqımızla bölüşün. Heç qanunvericilik də bələdiyyənin məktəb işlərinə qarışmasına imkan vermir.
Bu, təxminən sünnət eləyən həkimin ofisinin qapısına piano şəkli yapışdırması kimi bir şeydir. Qınamaq da olmaz, ayrı nə şəkli vursun? Kef elə, Məzahir müəllim. Selbəmi geri götürürəm.

Bizə qoşulun