Medianews.az
Artur Rasizadə kometi
442 baxış

Artur Rasizadə kometi

zamin yeni razAvropalılar fəxr edirlər ki, Çuryumov-Gerasimenko kometasının üstünə aparat endiriblər. Guya böyük iş olubdur. Biz istəsək o kometdən neçə dənəsini tutub gətirib Aeroport trasına buraxarıq. Sən ondan danış ki, dünən deputatxana ərazisində Artur Rasizadəni görüblər! Azərbaycan Respublikasının baş nazirini! Sən öl vurmuram, səni istəməynlər ölsün, and olsun şeyxin ehsan restoranlarındakı menyudakı plovun qarasına, gerçəkdən Artur müəllim durub deputatxanaya gedibdir. Möcüzə budur. Dərhal CNN, BBC, “Əl Cəzirə” bu xəbəri manşet elədilər. Bəs necə, Azərbaycanda dövlət məmurları, nazirlər-zadlar əcinnələr, qulyabanılar, qar adamları kimi varlıqlardır, hələm-hələm insan içinə çıxmazlar. Kim küçədə-bacada canlı məmur görsə gərək yançağından çimdik qopartsın (mümkün olsa məmuru da çimdikləsin), bu zaman niyyəti həyata keçir. Əgər naziri qəfildən “bismillah” deyib tutsan, yaxasına sancaq taxıb aparıb qapında işlətsən bu da dini əqidəmizə görə xoşdur, Allah-təalanın buyurduğu hikmətlərdəndir. İndi sən təsəvvür elə, birbaşa bu gözəgörünməz, qurbanolduğumuz varlıqların böyüyü, baş naziri durub deputatların arasına gəlibdir! Məclisxananı necə həyəcan bürüyübsə bir neçə deputat qəşş eləyib bayaq ölmüsən, bildir ölmüsən - özündən gedibdir. Bihuşdarı verib ayıldıblar. Bir neçə deputat baş nazirlə selfi foto çəkdirmək istəyəndə dözülməz basabas nəticəsində cəhənnəmə vasil olmuşdur. Bəzi deputatxana müxbirləri eyvandan baxaraq Artur müəllimi gördükləri anda sürüşüb təpəsi üstdə salona dəyiblər, elə ordaca canları çıxıb, insan tələfatı yoxdur, 3 jurnalist ölüb. Bəs Artur müəllim, sabirabadlılar demişkən, “nəşə” oraya gəlibdir? Xeyirdirmi? Bəlkə firəng köpəyuşağı komet minəndə göyün damını-zadını qopardıblar, ordan asteroid qırıntıları gəlib uca millətimizin başına düşəcəkdir? Bəlkə zəlzələ olacaq, təzədən Aşqabad batacaq? Yoxsa ebola xəstəliyi parlamentə ayaq basıbdır? Nə biləsən... Amma son anda aldığımız, dəhşətli dərəcədə qorxaq olduğu üçün adını gizlədən etibarməmmədovlu qaynağın xəbərinə görə, Artur müəllim deputatxanaya... dövlət büdcəsinin müzakirəsi üçün gəlibmiş. Vay-vay... Deyirəm gör bu deputatlar nə dərəcədə utanmaz adamdırlar, dağdan ağır, vəzndə yüngül kişini qeyb aləmindən çağırıb gətiriblər ki, nədir-nədir, bir qotur büdcə müzakirə olunacaqdır. Onsuz da hamı bilir ki, o büdcənin çürük qoz qədər önəmi yoxdur, oğurlayan oğurlayır, xərcləyən xərcləyir, respublikada üç-dörd görülən iş də başqa mənbələr hesabınadır. Misal üçün, manısların, şairlərin-zadların qonorarından, pensiyasından tutmuş Ərəbqoydu-Monqoluşağı-Rusbaşlı kənd yolunun əsaslı, Səyavuşabad-Fəzailli-Zahidorucoba yeraltı keçidinin isə əsassız təmirinə qədər min cür iqtisadi fəaliyyət cənab prezidentin ehtiyat fondu hesabınadır. Məktəbləri Heydər Əliyev Fondu tikir, uşaq bağçalarını da həmçinin, o təmir edir. Meyvə şirəsini Kamal müəllim toplayır, avtobusları Ziya müəllim sürür, yumurtanı Zakir müəllim basdırır, yerdə qalan başqa müəllimlər repetitorluq, həkimlər dərman alveri ilə başlarını saxlayır, jurnalistlərin büdcəsi yaltaqlıqdan, polisin büdcəsi kiminsə cibinə nəşə (sevinc, şadlıq, xoşbəxtlik anlamında) atmaqdan çıxır. Əsgərlərimiz də vertolyot-zad vurub dolanırlar. Bəs bu dövlət büdcəsi nəyə lazımdır, kimə lazımdır? Heç kimə lazım deyil. Artur müəllimi necə gətirmisinizsə, elə də qaytarın qoyun yerinə. Yoxsa bədbəxtlik üz verəcəkdir.

Bizə qoşulun