Medianews.az
Mikroblar, seçkilərə!
485 baxış

Mikroblar, seçkilərə!

zamin yeni razKeçən yazıda söz verdiyim mövzuya - bələdiyyə seçkilərinin təşviqat plakatları mövzusuna toxunacağam. Yəqin hər biriniz küçədə-filanda görmüsünüz, Mərkəzi Seçki Komissiyası xalqı bələdiyyə seçkilərində iştirak eləməyə çağıran, A 2 formatlı, palaz boyda plakatlar çap edib.
Plakatlar hardasa 10 fərqli məzmundadır (məzmun haqda az sonra). Bunların 10 cür çap edilməsi istər-istəməz bizi tiraja baxmağa məcbur edir. Plakatların sağ aşağı küncündə bunların hamısının “Parlaq Print” MMC adlı naməlum bir təşkilat tərəfindən çap edildiyi yazılıb. “Naməlum” ona görə yazıram ki, özüm bir “print”, yəni, çap sahəsi zəhmətkeşi olsam da bu gülməşəkər MMC-nin adını ilk dəfə oxuyurdum. Çağdaş dövrümüzdə adı “Google” axtarış sisteminə məlum olmayan bir quruma yetərincə böyük dövlət vəsaiti etibar edilərmi? (Vəsait haqda da az sonra).
İnternetdə bu “məşhur” şirkət haqda cəmi 1 məlumata rast gəlinir, bu da onun ünvanı haqda məlumatdır: Yasamal rayonu, Şərifzadə-80, ev 6. Maraqlıdır ki, bu adresdə bir neçə belə MMC qeydiyyatdan keçib, ehtimal etməyimizə əsas var ki, bunlar hamısı MSK sədri Məzahir müəllimə doğma şirkətlərdir. Pis mənada “doğma” yazmıram, el bilir ki, Məzahir müəllim hələ universitetdə talon paylayan vaxtlarından bəri necə kristal adamdır. Yoxsa biz ona “nə üçün plakat çapı tenderlə, müsabiqə ilə keçirilməyib, bu fırıldaqdan nə qədər qatlamısan, utanmırsanmı bu qədər xırdaçılıq edirsən” tipli suallar verib özümüzü şərə sala bilmərik. Böhtandır. Yaraşmaz. Ağsaqqal adamdır. Elçiliyə-zada aparsan alınacaq qızın üstündə bir dənə də oğlan verərlər.
Plakatların tirajına gələk. Təsəvvür edin, bunlar hər biri 100.000 (yüz min) tirajla çap edilib! Yalnız birində 80.000 yazılmışdı. Çeşid və tirajı vurub-toplasaq belə çıxır ki, Məzahir müəllim bələdiyyə seçkilərində təşviqat məqsədi ilə... 1 milyon ədədə yaxın təkcə plakat çap edibdir! (Buklet-muklet, yaddaş kitabçası-zad sayılmadan). Yenə çap işi ilə məşğul olan yoldaşların dediyinə görə, bu ölçüdə plakatların 1 ədədinin çapı orta hesabla 10 qəpiyə başa gəlir. Belə çıxır ki, MSK bu mənasız plakatların çapına 100 min manatdan çox dövlət vəsaiti xərcləyibdir.
“Belə çıxır” niyə yazdım, onu da izah edim. Azərbaycanda 125 seçki dairəsi var. 1 milyon seçki təşviqatı plakatını bu dairələr arasında bölsək hər dairənin qismətinə 8 minə yaxın plakat düşür. 8 min A2 formatlı plakatı dairə ərazisinə yapışdırsaq, həmin dairədə bir salamat divar qalmaz, bəlkə adamları tutub belinə də plakat yapışdırarlar, hələ artıq qalar. Deməli, tiraj böyük ehtimalla yalandan yazılıb.
Nəhayət, adamlardan söz düşmüşkən, bu il bələdiyyə üzvlüyünə 20 minə yaxın adam seçilməlidir, Allah qoymasa. Hər bələdiyyə üzvünə 50 plakat düşür. O cümlədən, Azərbaycanda seçici sayı 5 milyon 50 min nəfərdir. Orta hesabla, yenə hər 5 adama 1 plakat düşür. Bu xərci tualet kağızına sərf edib bələdiyyələrə hədiyyə versəydilər daha məzmunlu olardı.
Məzmun demişkən, Məzahir müəllim əksər plakatlara nədənsə... böyüdücü şüşə şəkli qoyub. Hətta birində mikroskop təsviri var idi. Bu nə deməkdir? Yoxsa seçicilər siyahılarda öz adlarını çox çətin tapırlar, Məzahir müəllim gileyini, seçki saxtakarlığını bu cür simvolik işarə edir, hakimiyyətə üsyana qalxmışdır? Qətiyyən. Yuxarıda yazdığımız kimi, Məzahir müəllim “əsl müsəlmandır”.
Böyüdücü şüşə o deməkdir ki, azərbaycanlı seçicilər mikrobdur, virusdur, bakteriyadır, birhüceyrəli canlılardır, hakimiyyət onlara ancaq bu gözlə baxır. Uğur olsun, mikroblar!
 

Bizə qoşulun