Qarabağ üzərində işğalçı erməni hərbi vertolyotunun vurulması 12 noyabr Konstitusiya Gününə təsadüf elədi və bunun özü simvolikdir. Hələ gərək əsgər videokadrda deyərdi ki, bu vuruşu ali qanunumuz Konstitusiya müəllimin doğum gününə həsr edirəm. Çünki Azərbaycanda qanunlara söykənən bir dövlət qurulubdur, bunun da əsas dayağı, bünövrəsi konstitusiyamızdır. İnşallah, bu konstitusiyanın işğal edilmiş ərazilərimizdə də qüvvəyə minəcəyi gün uzaqda deyil!
Sözümün canı odur ki, istəsəm mən də “sabun bişirərəm”, heç kim yaltaqlıq eləməyi böyük qəhrəmanlıq, bacarıq saymasın.
Bu gün əslində bələdiyyə seçkilərindən yazmaq istəyirdim, daha doğrusu, Mərkəzi Seçki Komissiyasının (MSK - bunu bəzi vətəndaşlarımız Məzahirin Saxtakarlıq Kontoru kimi də oxuyurlar, hərçənd Məzahir müəllimin heç vecinə deyildir, camaat seçkilərə gedəndə o idarədə oturub itinin neçə milçək tutduğunu sayır) bələdiyyə seçkisi münasibəti ilə minlərlə tirajda çap edib küçə-divara, dükan-bazara mıxladığı, tüpürcəkləyib yapışdırdığı plakatlardan bəhs edəcəkdim. Ancaq elə bu məqamda Azərbaycan Milli Elmlər Akademiyasından gələn fısqırıq xəbər gözümə sataşdı.
Bildiyiniz kimi AMEA Bakı Elm Festivalı adlı tədbir qayırdı, orda “Məşədi İbad” rəqsi oynayan milli robotumuz, ağzından od püskürən gənc alimlər, aftafadan buz çıxardan aspirantlar, dolmadan Hiqqs bozonu zərrəciyi tapan akademiklər-filan göstərildi. Biz də bunu tənqid elədik, yazdıq ki, akademiyada sirk göstərmək milli elmimiz üçün uğur deyil. Ancaq indi məlum olur sirk də akademiyanın elmi işləri kimi plagiat imiş! Buyurun: “Qurumun Rəyasət Heyətinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Baba Əliyev tədbirlə bağlı ictimai rəyi hələ öyrənmədiklərini qeyd etdi: ”Festival Azərbaycanda ilk dəfə keçirilirdi. Orada göstərilər AMEA-nın hazırladıqları idi. Elmimizin nailiyyətləri orada nümayiş etdirilirdi. Nümayiş etdirilən insan modeli əyləncəli olduğuna görə göstərildi. Dünyada da belə bir praktika var. Belə festivallar yüksək yaş qrupları üçün hesablanmayıb. Ora azyaşlılar da gəlir. Bir növ qədim insan modelini əyani görmələri üçün təşkil olunmuşdu. Azyaşlıların da bunu görməyi daha məqsədəuyğun idi. Bunun hər hansı bir mənaya yozulmasını düzgün hesab etmirəm. Bunu qeyd edənlər Azərbaycan elminin nailiyyətini həzm edə bilməyənlərdir. Çünki tamaşaya insanlar heyranlıqla baxırdılar". Qurumun rəsmisi rus şoumenlərinin zala tüstü buraxaraq, alovdan şou düzəltmələrinin etirazla qarşılanmasına da aydınlıq gətirdi: “Orada insan sağlamlığı üçün təhlükə törətməyən kimyəvi maddələrdən istifadə olunub. Onu nümayiş etdirənlər qeyri-peşəkarlar deyillər. Rusiya Elm Festivalının məşhur qrupu idi. Biz onları dəvət etmişdik. Onlar nə istifadə etdiklərini çox gözəl bilirdilər”. (“Yeni Müsavat”, 13 noyabr, 2014).
Vay-vay... Bu nə biabırçılıqdır?!. Heç olmazsa alov şousunu özünüz edəydiniz. Başqa yöndən, mənə bu gözəl insanın vəzifəsi maraqlı gəldi. Diqqət edirsinizsə, Baba müəllim ümumən AMEA-nın deyil, yalnız onun rəyasət heyətinin ictimaiyyətlə əlaqələrinə baxırmış. Demək, bu qurum o qədər fantastik, geniş planlı işlər görür ki, bunun hər bir orqanında ayrıca ictimai əlaqələr şöbəsi var imiş. Ay bərəkallah! Heç kometaya raket göndərən avropalılarda, Marsı ekskavatorla qazıb marsiançiklərin qanunsuz tikililərini başlarına uçurdan amerikalılarda bu qədər fərasət yoxdur. NASA-nın ağlı olsaydı hər uçan aparat üzrə bir ictimaiyyətlə əlaqələr şöbəsi qayırardı.
Gördüyünüz kimi, yenə alimlər araya girdilər, imkan vermədilər bələdiyyə seçkimizi keçirdək. Eybi yox, növbəti yazılarda keçirdərik. Üstəlik elm festivalı qurtarıb, vertolyotu vurmuşuq, məhərrəmlik də bitmək üzrədir. Sakitcə bələdiyyə plakatlarını analiz edərik. Özünüzü darıxdırmayın. Hirslənəndə 10-a qədər sayın. Üzərlik yandırın. Həyat əsəbiləşmək üçün çox qısadır.
